Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-457/2025 09.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Tələb:
1. İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 3.126,61 manat, hesablanmış cərimə borcuna görə 625,32 manat və ödənilmiş dövlət rüsumuna görə 57,52 manat olmaqla cəmi 3.809,45 manat pulun Cavabdeh tutularaq “X2 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, alıcı qismində (iddiaçı) “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X1 və Emalı Zavodu” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 296 saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan 9.00 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə iddiaçıdan 17.215,34 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin Cavabdeh yaranmış borcdan 14.088,73 manat dəyərində xam-pambıq verməklə ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 296 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 3.126,61 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 700 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 625,32 manat təşkil edir. Qaytarılmamış avans məbləğin cəriməsi: 3.126,61 manat х 20% = 625,32 manat. Eyni zamanda borclu Cavabdeh xx.xx.2023-ci il tarixli üzləşmə aktında xx.xx.2022-ci il tarixli, 296 saylı xampambığın alqı-satqı müqaviləsini pozaraq öhdəliyində olan 3.126,61 manat məbləğində borcu qaldığını təsdiq etmişdir. Həmçinin, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Abşeron filialı tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş arayışa görə cavabdehin bank hesabına 13.522 manat köçürülmüşdür. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin elektron kargüzarlıq və elektron məhkəmə sistemi üzərindən cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.
İddia ərizəsinə etiraz:
3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2024-cü il tarixində Cavabdeh poçt vasitəsi ilə təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.
Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
5. Məhkəmə, xx.xx.2024-cü il tarixli, e-2-2(121)-3711/2024 nömrəli qərardadla iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
6. İş materiallarında olan “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X1 və Emalı Zavodu” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 296 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, Bu müqavilənin şərtləri daxipndə “Fermer” mülkiyyətində, istifadəsində və ya icarəsində olan 9,0 ha torpaq sahəsində (icarəyə və ya istifadəyə götürülən torpaq sahələri barədə müqavilə və sair hüquqmüəyyənedici sənədlər bu müqaviləyə əlavə olunur) pambıq əkib “Alıcı”ya satmağı “Alıcı” isə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə “Fermer”ə ödəməyi öhdəsinə götürür; - 2.1.1-ci bəndinə əsasən, Mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 9,0 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkir və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib “Alıcı”nın mülkiyyətinə verir; - 2.1.3-cü bəndinə əsasən, Fermer müqavilənin 2.1.2 bənndində göstərilən işlərin vaxtında və qusursuz yerinə yetirilməsi üçün aqrotexniki ardıcıllığa uyğun olaraq “Alıcı”dan avans vəsaitlər (nəğdsiz qaydada pul vəsaiti, toxumluq çiyid, gübrələr, zəhərlikimyəvi preparatlar və s.) alınması, həmçinin texnikalarla (şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s.) işlər görülməsi barədə müraciət edir; - 2.1.7-ci bəndinə əsasən, “Alıcı’ya məxsus texnikalarla görülmüş şum, mala, disk, arx, kultivasiya, dərmanlama və.s fermerə göstərilən xidmətlərin, toxumluq çiyidin, zəhərli kimyəvi preparatların, gübrənin və s. dəyərini, həmçinin nəğdsiz qaydada götürülən vəsaitin məbləğini istehsal etdiyi xam-pambıqla müqavilədə göstərilmiş tarixədək tam ödəyir; - 5.1-ci bəndinə əsasən, “Alıcı”bu müqavilə üzrə hesablaşma tarixinə ödəmə aparmadıqda hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,01% i miqdarında, lakin ödənilməyən məbləğin 0,5% dən artıq olmamaq şərti ilə cərimə ödəyir; - 5.2-ci bəndinə əsasən, “Fermer” üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xampambığın dəyərinin 20%-i həcmində (xam-pambığm 1-ci növ qiyməti ilə) cərimə ödəyir.
7. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 296 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə qalıq borcu 3.126,61 manat təşkil edir.
8. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Üzləşmə aktı”na əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, 296 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə qalıq borcu 3.126,61 manat təşkil edir.
9. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsasən yaranmış 3.126,61 manat məbləğində borcun pretenziyanın alındığı tarixdən 3 iş günü ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq “X2 Kompleksi” MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
10. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 57,52 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
c) Məhkəmənin mövqeyi:
13. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir.
14. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidirBuna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir.
15. İş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan sənədlərdən görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 17.215,34 manat təşkil edən aqrotexniki xidmətləri, mal-materialı, nağd vəsaiti və s. təhvil alsa da, bunun müqabilində iddiaçıya ümumi dəyəri 14.088,73 manat təşkil edən xam-pambıq təhvil vermişdir. Nəticədə onun iddiaçıya 3.126,61 manat borcu yaranmışdır. Bununla da məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur.
16. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, iş materiallarında olan “Üzləşmə aktı”nın surətindən göründüyü kimi Cavabdeh həmin aktı imzalayaraq iddiaçıya 3.126,61 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır.
17. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.2-ci bəndlərinə əsasən, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil vermədiyi təqdirdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü miqdarda xam pambıq təhvil vermədiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.
18. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.
19. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 625,32 manat məbləğində cərimənin tutulması hissəsində tam əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 50 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
20. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 51,76 manat dövlət rüsumu cavabdehə, 5,76 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
Nəticə:
21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3.126,61 manat əsas, 50 manat cərimə borcu məbləği və 51,76 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.228,37 (üç min iki yüz iyirmi səkkiz manat, otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 5,76 manat dövlət rüsumu iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev