Məhkəmə qərarları › İş №e-2-2(121)-462/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-462/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-462/2023 28.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc olaraq 16.852,18 manat və əsas borca hesablanmış 7.583,48 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 24.435,66 manat məbləğində vəsaitin, o cümlədən ödənilmiş 200 manat məbləğində ilkin mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2021-ci il tarixli, 15666 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdeh tərəfindən ona verilən sifarişlər əsasında, razılaşdırılmış miqdarda və çeşiddə malı cavabdehə təhvil verməyi, cavabdeh isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası müddətində iddiaçı ilə cavabdeh arasında bir sıra malların təhvil-təslimi müvafiq aktlar əsasında həyata keçirilmişdir və sözügedən aktlar iddia ərizəsinə əlavə olunmuşdur. Lakin cavabdeh ona verilmiş malların müəyyən bir hissəsinin dəyərini iddiaçıya ödəməmişdir. Dəyəri ödənilməyən mallara görə cavabdehin iddiaçıya 16.852,18 manat məbləğində borc öhdəliyi vardır. Bundan əlavə olaraq, müqavilənin 7.10-cu bəndinə əsasən alıcı satıcıya olan borc ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5%-i miqdarında cərimə ödəməlidir. Qeyd olunan müddəaya uyğun olaraq qalıq borc öhdəliyi cavabdeh tərəfindən tam icra edilmədiyindən cavabdehin 7.583,48 manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından müəyyən olunur ki, cavabdehin iddiaçıya əsas borc olaraq 16.852,18 manat və əsas borca hesablanmış 7.583,48 manat məbləğində dəbbə borcu olmaqla ümumilikdə 24.435,66 manat ödənilməmiş borc öhdəliyi vardır. Sonradan İddiaçı nümayəndəsi Nümayəndə “iddia ərizəsinin dəqiqləşdirilməsinə” dair ərizə verərək, cavabdehdən əsas borc olaraq 16.582,18 manat və əsas borca hesablanmış 7.583,48 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 24.165,66 manat məbləğində vəsaitin, o cümlədən ödənilmiş 200 manat məbləğində ilkin mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2021-ci il tarixli, 15666 nömrəli alqı-satqı müqaviləsinin: 2.1-ci bəndinə əsasən, bu müqaviləni imzalamaqla tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: a) alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı satıcıdan sifariş edəcək, b) satıcı malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimentlə alıcıya təhvil verəcək, c) alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəyəcəkdir; 5.1.4-cü bəndinə əsasən, tərəflər ən azı hər təqvim ayı üçün növbəti ayın 10-dan gec olmayaraq qarşılıqlı öhdəliklərə dair üzləşmə aparmalı və üzləşmə aktı tərtib edilib imzalamalıdırlar. Üzləşmə aktı imzalamaqdan imtina edə bilməzlər. Tərəflərdən biri üzləşmə aktını imzalamaqdan yayınarsa, akt onu təklif etmiş tərəfin redaksiyasında qəbul edilmiş hesab edilir; 7.10-cu maddəsinə əsasən, alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “malların təhvil-qəbul aktı”ndan görünür ki, tərəflər həmin aktı imza etməklə təsdiq etmişlər ki, yekun dəyəri 24.675 manat (20.911,02 manat malın dəyəri, 3763,98 manat ƏDV məbləği) olan mal “Satıcı” tərəfindən “Alıcı”ya təhvil verildi. İş materiallarında olan tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli “üzləşmə aktı”ndan görünür ki, xx.xx.2021-ci il tarixinə faktiki borc qalığı 16.582,18 manat müəyyən edilmişdir. İş materiallarında olan “qalıq borca dair arayış”ın surətindən görünür ki, Cavabdeh 21 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borcu 16.582,18 manat, cərimə borcu 7.583,48 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 21 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi və təhvil-təslim aktına əsasən yaranmış 16.582,18 manat borc və 7.583,48 manat cərimə olmaqla, cəmi 24.435,66 manat məbləğində borcun pretenziyanın alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh və İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdirlər. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən aparılan araşdırma nəticəsində məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı alqı-satqının obyekti olan əşyanı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə aldığı əşyanın qiymətini təşkil edən pul məbləğini hissə-hissə olmaqla iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan təhviltəslim aktı ilə iddiaçının üzərinə düşən öhdəliyi icra edərək razılaşdırılmış əşyanı cavabdehin mülkiyyətinə verməsi öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığı, iş materiallarına əsasən həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı və iddiaçının alqı-satqı obyekti olan əşyanı cavabdehin mülkiyyətinə verməsi (malların təhvilqəbul aktı ilə) işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı iddia edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək aldığı əşyanın qiymətini tam ödəməmişdir. İddiaçı iddia tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, malların təhvilqəbul aktına, tərəflər arasında imzalanmış üzləşmə aktına, cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz daxil olmamışdır. Belə olan halda məhkəmə işin müəyyən edilmiş hallarını, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, təhvil-təslim və üzləşmə aktlarını və digər dəlilləri nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən təhvil aldığı əşyanın qiymətinin, 16.582,18 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə iddiaçıya ödənilməməsi öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, bu halda tələb olunan 16.582,18 manat məbləğində əsas borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh təyin olunmuş müddət ərzində iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 16.582,18 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında satılan əşyanın qiymətinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan əşyanı cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh əşyanı təhvil alsa da, əşyanın dəyərini tam ödəməmişdir. Məhkəmə hesab edir ki, işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.10-cu bəndinə əsasən, gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5%-i miqdarında cərimə ödəmək öhdəliyini Cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən əsas borcun ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə satıcının əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun satıcının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 7.583,48 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 750 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 142 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 16.582,18 manat əsas borc, 750 manat cərimə borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat olmaqla, ümumilikdə 17.532,18 manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 142 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar