Məhkəmə qərarları › İş №e-2-2(121)-475/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-475/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-475/2024 18.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı – pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/11 nömrəli alğı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən 37.407,65 əsas borcun, 2.000 manat cərimənin, 205 manat mediasiya xərclərinin, toplam 39.612,65 manatın cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı ildə təsis edilmişdir. İddiaçı MMC mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. İddiaçı ilə Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/11 nömrəli Alğı-satqı müqaviləsi və onun əlavələrinə əsasən cavabdehin hal-hazırki qalıq borcu 37407.65 (otuz yeddi min dörd yüz yeddi, 65 qəpik) manat təşkil edir. Cavabdehin 2023-cü ilin may ayına qalıq borcu 50369.80 (əlli min üç yüz altmış doqquz, 80 qəpik) təşkil etmişdir. Bu borcu tərəflər arasında bağlanan üzləşmə aktı təsdiq edir. Qeyd olunan tarixdən hal-hazırki vaxtadək cavabdeh şəxs tərəfindən ümumilikdə 8000 manat (6000 manat nağdsız, 2000 manatı nağd qaydada) ödəniş edilmiş və 4962.15 (dörd min doqquz yüz altmış iki dəyərində mal isə geri qaytarılmışdır. Halhazırki qalıq borc 37407.65 (otuz yeddi min dörd yüz yeddi, 65 qəpik) manat təşkiledir. Bu Müqavilənin 1.1-ci bəndinəəsasən “Satıcı” “Alıcı”nı Müqavilənin Əlavələrində (X3) qeyd olunmuş məhsulla Tərəflər arasında müəyyən edilmiş müddətdə təmin edir, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə razılaşdırılmış qaydada və müddətdə Malın dəyərini “Satıcı”ya ödəyir. Qeyd olunan borcla bağlı tərəflər arasında X1, malların təhvili və ödənişi edilməsi ilə bağlı elektron qaimə fakturalar bağlanmışdır. Hər iki tərəf həm elektron qaimə fakturanı, həm də X2 təsdiq etmişdir. Bundan başqa cavabdeh tərəfə xx.xx.2023-cü il tarixdə elektron qaydada pretenziya məktubu göndərilmiş, ancaq qalıq borcun ödənilməsi ilə bağlı heç bir hərəkət olmamışdır. Bu Müqavilənin 5.3-cü maddəsinə görə, ödənişin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında satıcıalıcıdan hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0.1%-i miqdarında cərimə tələb edə bilər. Müqavilənin bu bəndinə əsasən gecikdirilmiş məbləğ üçün cərimə 2000 (iki min) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/11 saylı alqı-satqı müqaviləsindən görünür ki, "Satıcı" "Alıcı"nın bu müqavilənin əlavələrində (qiymət razılaşdırma protokolu) qeyd olunmuş məhsulla tərəflər arasında müəyyən edilmiş müddətdə (bundan sonra "Mal") təmin edir, "Alıcı" isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini "Satıcı"ya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 2.3-cü maddəsinə əsasən malın qiyməti müqavilənin davamiyyət müddəti ərzində sabitdir və hər hansı bir dəyişiklik tərəflərin hər ikisinin imzaladığı Əlavə (qiymət razılaşdırma protokolu) ilə təsdiqlənir. “Satıcı” hər hansı qiymət dəyişikliyi halında, “Alıcı”ya ən azı 30 gün qabaqcadan bildiriş təqdim edir. İşdə olan EBDD seriyalı, 519347 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 23/11 saylı müqaviləyə əsasən X4 2.298,40 manat məbləğində gübrə məhsulları təqdim edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması haqqında protokol imzalayaraq satılan malların dəyərinin 2.298,40 manat olması barədə razılığa gəlmişlər. İşdə olan EBDB seriyalı, 301030 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 23/11 saylı müqaviləyə əsasən X4 8.553,60 manat məbləğində gübrə məhsulları təqdim edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması haqqında protokol imzalayaraq satılan malların dəyərinin 8.553,60 manat olması barədə razılığa gəlmişlər. İşdə olan EBDA seriyalı, 380471 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 23/11 saylı müqaviləyə əsasən X4 36.409,30 manat məbləğində gübrə məhsulları təqdim edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması haqqında protokol imzalayaraq satılan malların dəyərinin 36.409,30 manat olması barədə razılığa gəlmişlər. İşdə olan EBDD seriyalı, 915389 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 23/11 saylı müqaviləyə əsasən X4 4.825 manat məbləğində gübrə məhsulları təqdim edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması haqqında protokol imzalayaraq satılan malların dəyərinin 4.825 manat olması barədə razılığa gəlmişlər. İşdə olan EBDC seriyalı, 219141 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 23/11 saylı müqaviləyə əsasən X4 5.515 manat məbləğində gübrə məhsulları təqdim edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması haqqında protokol imzalayaraq satılan malların dəyərinin 5.515 manat olması barədə razılığa gəlmişlər. İş materiallarında olan üzləşmə aktından görünür ki, cavabdehin qalıq borcu 50.369,80 manat məbləğində təşkil edir. Üzləşmə aktı tərəflərin imzaları ilə təsdiq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2000 manat məbləğində nağd qaydada ödəniş edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya (xəbərdarlıq) məktubu göndərmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 205 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə X5 arasında xx.xx.2023-cü il tarixli, 23/11 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. "Satıcı" "Alıcı"nın bu müqavilənin əlavələrində (qiymət razılaşdırma protokolu) qeyd olunmuş məhsulla tərəflər arasında müəyyən edilmiş müddətdə təmin edir, "Alıcı" isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini "Satıcı"ya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə, həmin müqaviləyə edilmiş qiymətlərin razılaşdırılması protokolunun şərtlərinə və elektron qaimələrə uyğun olaraq cavabdehə ümumilikdə 57.601,30 manat dəyərində mal satılmışdır. Cavabdehin 2023-cü ilin may ayına qalıq borcu 50.369,80 manat təşkil etmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, aldığı mala görə ümumilikdə 8000 manat məbləğində ödənişlər etsə də, həmçinin 4.962,15 manat dəyərində malı geri qaytarsa da iddiaçıya qeyd olunan müqavilə üzrə 37.407,65 manat borcu qalmışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları, o cümlədən üzləşmə aktı ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də cavabdeh aldığı mala görə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında üzləşmə aktı imzalanmışdır. Həmin akt İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin üzləşmə aktında cavabdehin iddiaçıya 2023-cü ilin may ayına 50.369,80 manat borcunun olması əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan borcunu 2023-cü ilin may ayında qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə də etiraf etmişdir. Məhkəmə yuxarıda sadalanlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan müqavilə əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların dəyərini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh qeyd olunan müqavilə əsasında mal almasına dair hüququndan istifadə etsə də, həmin malların dəyərini cavabdehə ödəməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsas borcunun ödənilməsi hissələrində təmin edilərək, 37.407,65 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, iddia tələbinin 2.000 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin 5.3-cü maddəsinin şərtlərindən irəli gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə 2.000 manat deyil 140 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, həmçinin iddianın 205 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 23/11 saylı alqı-satqı müqaviləsinə əsasən 37.407,65 manat əsas borc, 140 manat cərimə borcu və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 205 manat olmaqla, ümumilikdə 37.752,65 (otuz yeddi min yeddi yüz əlli iki manat, altmış beş qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia 1.860 manat cərimə borcunun cavabdehdən tutulması hissəsində təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar