Məhkəmə qərarları › İş №e-2-2(121)-477/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-477/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-477/2025 06.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 273,25 manat əsas borcun, 190 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə uyğun olaraq Satıcı ("xxxx" MMC) istehsaletdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcıya Cavabdeh mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC tərəfindən fiziki şəxs Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Malların Təhvil-Qəbul Aktları əsasında ümumilikdə 12.146,77 manat məbləğində məhsul verilmişdir. Cavabdeh öhdəliyini qismən icra edərək 11.873,52 manatı ödəmişdir. Hazırda cavabdeh 273,25 manat borc məbləğini ödəməmişdir. “Məhsulların güzəştli alqısatqı” müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 6.3-ci bəndinə görə X1 faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1 % miqdarında ,gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı Cavabdehrəsmi pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul olunsa da, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. Buna görə iddiaçı "xxxx" MMC pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə, iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış və nümayəndə qismində Karakas Serkan tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: -1.1-ci yarımbəndinə əsasən, “Satıcı” özünün istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli alkoqolsuz spirtsiz içkiləri və çayları (bundan sonra "Məhsul") “Alıcı”ya satmaqla onun mülkiyyətinə verməyi, “Alıcı” isə həmin məhsulları qəbul edərək əvəzində faktura (elektron qaimə və ya malların təhvil-qəbul aktı və s.) və ya mədaxil qəbzi (və ya digər sənədlər) ilə müəyyənləşdirilmiş pul məbləğini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. -3.2-ci yarımbəndinə əsasən, “Alıcı” faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi aranda (və ya aranadək), nisyə (kredit) satış zamanı fakturada göstərilən son ödəmə tarixinə qədər, onlayn platformalarda ödəmə imkanı varsa, malı aldığı anda göstərilən məbləğin “Satıcı”ya ödənilməsini təmin etməlidir. -3.7-ci yarımbəndinə əsasən, “Alıcı”, “Satıcı”nın hesabına ödəməli olduğu vəsaiti nağd formada yalnız “Satıcı”nın nümayəndəsindən mədaxil qəbzi (təhsilat) almaqla ödəyir. Bununla əlaqədar və qaydanın “Alıcı” tərəfindən pozulması nəticəsində dövlət qurumları ilə və ya hər-hansı 3-cü şəxslərlə yaranmış mübahisəyə görə məsuliyyəti “Alıcı” daşıyır. -6.1-ci yarımbəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. -6.1-ci yarımbəndinə əsasən, “Alıcı” tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə, hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmamış taranın dəyərinin 0,1 (sıfır tam, onda bir) % miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 (sıfır tam, onda iki) % miqdarında dəbbə pulu ödəməlidir.

10. İş materiallarında olan ƏN-İ№ 873396 saylı, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən Karakas Serkana verilmiş etibarnamə görünür ki, Cavabdeh, etibarnamə üzrə Azərbaycan Respublikasının bütün idarə və təşkilatlarında, bütün Vergi orqanlarında, bütün Asan Xidmət Mərkəzlərində və bütün banklarda hesab açmağı, Dövlət Sosial Müdafiə Fondunda təmsil etməyi, əvəzindən çıxış etməsi, nümayəndəsi olmağı, NKA-nı qeydiyyatdan çıxarmağı və qeydiyyata salmağı, obyektin kodunu ləğv etməyi və almağı, Cavabdeh Nizam oğluna çatası VÖEN ( almağı və ləğv etməyi, POS terminal almağı, hesabatların və fəaliyyətin dayandırılmağının uzadılması haqqında ərizələrin verilməsi bütün sənədlərə imza etməyi həmin sahənin lazımi rüsumlarını, kommunal, vergi və digər ödənişlərini ödəməyi, həmin işlə əlaqədar ərizələr tərtib edib imzlamağı, təhvil verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi Karakas Serkana etibar etmişdir.

11. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, X2 Respublikasının vətəndaşıdır.

12. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 422314 nömrəli və xx.xx.2023-cü il tarixli, 036633 nömrəli malların təhvil-qəbul aktında göstərilən ümumilikdə 187,4 manat dəyərində olan mallar “Mais Mirzəquluyev” adlı şəxs tərəfindən təhvil alınmışdır.

13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 419209 nömrəli malların təhvil-qəbul aktında göstərilən ümumilikdə 85,85 manat dəyərində olan mallar “Ə.Fəxri” adlı şəxs tərəfindən təhvil alınmışdır.

14. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış məhsulların alqı-satqı müqaviləsi üzrə yaranmış 273,25 manat borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.

15. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər məhsulların alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər məhsulların alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. - 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. - 360.2-ci maddəsinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı:

Plenumun nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

18. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2022 №-li, 14 iyun 2022-ci il tarixli qərardadı”nın:

- 1.3-cü bəndində qeyd olunur ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. - 19-cu bəndində qeyd olunur ki, məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. - 22-ci bəndində qeyd olunur ki, məhkəmə təcrübəsində bəzi hallarda “əqdi mübahisələndirmək” ifadəsi, “əqdin etibarsız sayılmasına dair iddia qaldırmaq” kimi başa düşülür. Prosessual anlamda bu, yanlış olmasa da, əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) əqdi mübahisələndirmək məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlmir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir. 23-cü bəndində qeyd olunur ki, bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Mülki Məcəllənin 344, 345, 29.1, 30.1-ci maddələrində nəzərdə tutulan etibarsızlıq və bəyənmə halları buna misal göstərilə bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

22. İş materiallarından göründüyü kimi iddiaçının tələbinin əsasını cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi təşkil edir. Belə olan halda, məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsinin mövcudluğunu, həmin müqavilədən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, müqavilədən irəli gələn ödənişlərin tam olaraq icra edilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

23. Məhkəmə AR Mülki Məcəlləsinin 567 və 600.1-ci və AR MPM_nin 77.1-ci maddələrinin mahiyyətini nəzərə alaraq hesab edir ki, ilkin olaraq iddiaçı tərəf öz sübutetmə vəzifəsini yerinə yetirməlidir.

24. Məhkəmə iş materialları və yuxarıd qeyd olunan normaların tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəf iddianın və cavabdehin öhdəliklərinin əsası hesab edilə biləcək, etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsinin mövcudluğunu mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli məhsulların alqı-satqı müqaviləsindən və ƏN-İ№ 873396 saylı, xx.xx.2021-ci il tarixli etibarnamədən müəyyən olunur ki, həmin müqavilə Cavabdeh nümayəndəsi qismində Karakas Serkan tərəfindən imzalansa da, Cavabdeh tərəfindən Karakas Serkana verilmiş etibarnamədə sonuncuya alqı-satqı müqaviləsini imzalamaq səlahiyyəti verilməmişdir. Eyni zamanda, İddiaçı MMC iddia ərizəsinə Cavabdeh tərəfindən Karakas Serkanın əqdi imzalamaq səlahiyyəti olmadan, ona verilmiş səlahiyyəti aşmaqla cavabdehin adından iddiaçı ilə bağladığı alqı-satqı müqaviləsini bəyənilməsini təsdiq edən hər hansı bir mötəbər sübut əlavə edilməmişdir.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh nümayəndəsi qismində Karakas Serkan tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli məhsulların alqı-satqı müqaviləsi etibarlı deyil, ona görə də, həmin müqavilə iddianın və cavabdehin öhdəliklərinin əsası olaraq mötəbər dəlil kimi qəbul edilə bilməz. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir.

26. Məhkəmə, həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarlı olduğu təqdirdə belə, iddia əsaslı hesab oluna bilməz. Ona görə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçının özünün alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməsini sübut etmir. Belə ki, AR Mülki Məcəlləsinin 567-ci maddəsinin mənasına görə, alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verir, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu baxımdan, məhkəmə hesab edir ki, birinci iddiaçı tərəf alqı-satqı müqaviləsi üzrə malları cavabdehin mülkiyyətinə verdiyini sübut etməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, idddiaçı tərəfindən iddia ərizəsinə alqı-satqı müqaviləsi üzrə malların cavabdehin mülkiyyətinə verilməsini təsdiq edən sübutlar qismində yalnız 3 ədəd malların təhvil-qəbul aktı əlavə edilmiş, həmin sənədlərdən isə iddiaçı tərəfindən müxtəlif tarixlərdə ümumilikdə 273,25 manat dəyərində malların “Mais Mirzəquluyev” və “Ə.Fəxri” adlı şəxslərə təhvil verildiyi müəyyən olunur.

27. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən “malların təhvil-qəbul aktları”nda adları əks olunan “Mais Mirzəquluyev” və “Ə.Fəxri” adlı şəxslərin cavabdehin adından malları təhvil almaq barədə səlahiyyətli olmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə hesab edir ki, iddiaçı cavabdehə münasibətdə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri müqavilənin şərtlərinə müvafiq surətdə icra etməmişdir. Belə olan halda isə o, cavabdehdən malların əvəzi olan ümumilikdə 273,25 manat pul vəsaitini tələb etməkdə haqlı deyil.

28. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Məhkəmə xərcləri:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar