Məhkəmə qərarları › İş №e-2-2(121)-48/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-48/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-48/2022 22.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı “X4 X2” X5 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı - “İmişli” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 32802 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X4 X2” X6 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “İmişli” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 613665 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün “Tədbirlər” planına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 X2 (iddiaçı) tərəfindən su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman Araz çayının hövzəsində yerləşən “İmişli” yatağında 24 iyul 2018-ci il tarixli 01043 nömrəli “Dağ-mədən ayırması” Aktı (DMAA) ilə "xxxx" MMC-yə(cavabdeh) ayrılmış 6 ha və 20 fevral 2020-ci il tarixli 01258 “Dağ-mədən ayırması” Aktı ilə 15 ha yer təki sahəsindən kənarda qum-çınqıl qarışığı hasil etdiyi aşkar edilmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Cavabdehə ayrılmış 6 ha sahənin hüdudlarından kənarda 113361 m3 , 15 ha sahənin hüdudlarından kənarda 9372 m3 qum-çınqıl qarışığı hasil edilmişdir. 23 sentyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X3 23/20 nömrəli 23 dekabr 2020-ci il tarixli Qərarı ilə fəaliyyəti 25.03.2021-ci il tarixədək dayandırılmışdır. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın ödənilməsi tələb edilmiş, lakin bugünə qədər 3.3 Dövlət rüsumunun ödənilməsi haqqında məlumat, ərizəni imzalayan şəxs haqqında məlumat: tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: · 6 ha sahədən kənarda 113 361 m3 * 5 manat = 566805 manat · 15 ha sahədən kənarda 9372 m3 * 5 manat = 46860 manat Ümumilikdə 613665 manat məbləğdə ziyan müəyyən edilmişdir. Bundan sonra 07 sentyabr 2021-ci il tarixdə iddiaçı X4 X2 məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ünvanlayaraq cavabdeh "xxxx" MMC-dən “İmişli” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 32802 manat məbləğdə dövlətə vurulmuş maddi ziyan Alınıb Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 24 iyul 2018-ci il tarixli 01043 nömrəli “Dağ-mədən ayırması” aktı ilə ona ayrılmış 6 ha sahənin hüdudlarından kənarda 113 361 m3, 20 fevral 2020-ci il tarixli 01258 nömrəli “Dağ-mədən ayırması” aktı ilə ayrılmış 15 ha sahənin hüdudlarından kənarda 9372 m3 qum-çınqıl qarışığı hasil edilmişdir. Qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq hesablanaraq 6 ha sahədən kənarda 113361 m3 * 5 manat = 566805 manat, 15 ha sahədən kənarda 9372 m3 * 5 manat = 46860 manat ümumilikdə 613665 manat məbləğində ziyan müəyyən edilmişdir. Həmçinin "xxxx" MMC tərəfindən 26.08.2021-ci il tarixli 6 ha torpaq sahəsinin yerquruluşu planı iddiaçıya təqdim edilmişdir. Təqdim edilən yerquruluşu sənədinə Agentlikdə baxış keçirilmiş və 113361 m3 hasilat işlərinin ayrılmış torpaq sahəsinin hüdudları daxilində aparıldığı aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən, birinci dəfə cərimələnən subyektlər üçün 0.7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, 3-cü dəfə cərimələnən subyektlər üçün 1.3 əmsalı, 3 dəfədən çox cərimələnən subyektlər üçün 1.5 əmsalı tətbiq edilir. Beləliklə qanunsuz hasilat nəticəsində cavabdeh tərəfindən dövlətə vurulmuş maddi ziyan məbləği ümumilikdə 9372 m3 * 5 manat * 0.7 = 32802 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-864/2021 saylı, 22.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə yerqurluşu, tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilərək, müvafiq ekspert rəyi məhkəməyə təqdim edilənə qədər iş üzrə icraat dayandırılmışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-48/2022 saylı, 31.01.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan məhkəməyə ünvanlanmış Məhkəmə Ekspertiza Mərkəzinin 10/4854 saylı, 18 yanvar 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində hazırki ekspertizanın aparılmasından imtina edillərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 10-12-ci bəndlərində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 25-ci bəndində isə qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri iləolan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Hazırki işin halları isə ondan ibarətdir ki, iddiaçı publik hüquqi şəxs və iddianın predmeti zərərin əvəzinin ödənilməsindən ibarət olsa da, mübahisə iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Eyni zamanda iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı hazırki iddianı inzibati orqan kimi öz səlahiyyətlərinə istinad edərək irəli sürmüş və ümumi hüquq sahəsinə aid olan “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X4 X1 Nizamnaməsinin müvafiq müddəalarına istinad etmişdir. Halbuki iddiaçının inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməsi və ümumi hüquq sahəsinə aid olan normativ hüquqi aktların tətbiq edilməsi kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid deyil. Eyni zamanda, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsində isə göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi qanunverici yerin təkindən istifadə etmə ilə əlaqədar mübahisələrin inzibati qaydada və məhkəmə qaydasında həll edilməsini nəzərdə tutmuşdur. İnzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn mübahisələr üzrə məhkəmə icraatı isə inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki işə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Eyni zamanda, həmin Məcəllənin 262.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, o, hazırki mübahisəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həll edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X4 X2” X5 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı - “İmişli” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 32802 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, hazırki mübahisəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq həll edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar