Məhkəmə qərarları › İş №e-2-2(121)-48/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-48/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-48/2024 23.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şaban oğlunun, "xxxx" MMC ilə olan alqı-satqı müqaviləsinə görə yaranmış borc 100.675 manat və 405 manat məbləğində ödənilmiş mediasiya xərcinin "xxxx" MMCyə qaytarılmasına dair barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırman” MMC ilə, Cavabdeh Şaban oğlu arasında 33D/2019 saylı, xx.xx.2019 cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “Satıcı” “Alıcı”nın sifarişinə uyğun olaraq, müəssisədə istehsal olunan qida məhsullarını hissə-hisssə (“Kristal”, "xxxx", v.s. un məhsullarla yanaşı kəpək v.s.) olmaqla “Alıcı”ya satmağı üzərinə götürmüşdür. “Alıcı” isə 5 (beş) iş günü ərzində “Satıcı”nın təqdim etdiyi elektronaimə fakturaya uyğun olaraq aldığı malın dəyərini ödəməlidir. Cavabdehlə qarşılıqlı etimad əsasında bəzən elə olurdu ki, götürdüyü məhsulun pulun müqavilədə göstərildiyi vaxt tam ödəyə bilmədiyi aldada ona nisyə şəklində mal buraxılırdı. Buda onun işgüzar fəaliyyətinin dahada genişləndirilməsinə və bizim partnyor kimi bir birimizə inam və timadımızı dahada möhkəmləndirirdi. Lakin cavabdeh sonuncu dəfə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla bağlı biz ona telefon vasitəsi ilə şifahi xəbərdarlıqlar etmişik. O, bizim xəbərdarlığımıza məhəl qoymadığından ona, xx.xx.2021 il arixli, 180 saylı pritenziya məktubu (Azərpoçt vasitəsi ilə xəbərnaməli məktubu xx.xx.2023-cü il tarixində alması barədə qəbzin surəti pdf formada lektron ərizəyə əlavə olunur )ünvanlayaraq xəbərdarlıq etmişlər ki, onunla bağlanmış müqaviləyə öhdəliklərini yerinə yetirmədiyi üçün müqaviləyə bir ərəfli qaydada xitam verilir. Eyni zamanda 10 iş günü müddətində "xxxx" MMC-yə olan 100675 ( bir yüz min altı yüz yetmiş beş) manat borcun qaytarılmasını tələb etmişlər. O, müqaviləyə xitam verilməklə pandemiya dövrünü əsas gətirməklə möhlət verməklərini xahiş etdi. Müəssisə əhbərliyi onun xahişini nəzərə alsada o, verdiyi sözə əməl etməyərək n borcunu ödəməkdən yayındı. Müxtəlif dövrlərdə müxtəlif bəhanələr gətirərək Xırman” MMC-yə olan borcunu ödəmədi. Baxmayaraq ki, ödəməkdəndə imtina etmirdi. Sadəcə olaraq maddi imkanının yol vermədiyinə örə ödəyə bilmədiyini bildirirdi. Ona görədə xx.xx.2023 il tarixində mediasiya prosesinin təklifi barədə cavabdehə 100675 ( bir yüz min altı yüz yetmiş beş) manat borcu məhkəmədən kənar qaydada ödənilməsini təklif etdik. Mediatorun dəvətinə uygun olaraq mediasiya sessiyasında nümayəndəiştirak etsədə, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən xx.xx.2023-cü il tarixli İMS iştirak edilməməsi barədə Arayış verildi. 405 ( dörd üz beş) manat mediasiya xərci ödənilmişdir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq etməklə iddiaçı "xxxx" MMC Cavabdeh Şaban oğluna qarşı alqı-satqı müqaviləsinə görə yaranmış 100.675 (bir yüz min altı yüz yetmiş beş) manat və 405 manat məbləğində ödənilmiş mediasiya xərcinin geri qaytarılması tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Cavabdeh Şaban oğluna qarşı “Alqı-satqı müqaviləsinə görə yaranmış borcun və s ödənilmiş xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə ilə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, onlar arasında 33D/2019 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixədək müəyyənləşdirilmişdir. Həmin müqavilənin tələblərinə əsasən satıcı, alıcının sifarişinə uyğun olaraq müəssisədə istehsal olunan qida məhsullarını hissəhissə (“Kristal, Xırman və.s un məhsulları ilə yanaşı kəpək və.s)” olmaqla alıcıya satmağı üzərinə götürmüşdür. Alıcı isə 5 iş günü ərizndə satıcının təqdim etdiyi elektron qaimə fakturaya uyğun olaraq aldığı malın dəyərini ödəməli idi, amma buna baxmayaraq cavabdeh mü1qavilə tələbi üzrə öhdəliklərini vaxtında icra etmədən iddiaçıya olan borcunu ödəməmişdir. İlk öncə qeyd edirlər ki, cavabdeh iddiaçının iddia ərizəsinə etirazının əsası kimi istinad etdiyi əsas ondan ibarətdir ki, o, müqavilə qüvvədə olduğu müddət ərzində müqavilə öhdəliklərini vaxtında və tam olaraq icra etmiş və onun iddiaçıya heç bir borcu qalmamışdır. Bundan əlavə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, AR-nın MMnin 373.2 və 375.2-ci maddələrinin tələblərinə əsasən hazırki tələb müqavilə müqavilə tələbi üzrə olduğundan iddia müddəti tətbiq olunmaqla iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən də görünür ki, təflər arasında imzlanmış müqavilənin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixədək müəyənləşdirilmişdir. Belə olduğu halda qeyd olunan pul müqavilə tələbi üzrə yarandığından iddiaçı müqavilənin qüvvədə olma müddətinin bitdiyi andan 3 il müddətini ötürməklə 2023-cü ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi AR MM-nin 373.1-ci maddəsi ilə müəyyən olunmuş 3 illik iddia müddəti ötürükldükdən sonra iddiaçı məhkəmədə müqavilə tələbi üzəri borcun tələbini irəli sürmüş və nəticədə iddia müddətini belə buraxmışdır. İddiaçı aralarında olan mübahisənin həll olunması üçün ilk öncə məhkəməyə qədər olan mediasiya sessiayasında xx.xx.2023-cü il tarixdə iştirak etmişlər və tərəflər arasında olan mübahisə öz aralarında həll olunmadığından mübahsənin məhkəmə qaydasında həll olunması üçün mediator tərəfindən xx.xx.2023-cü il tarixdə arayış verilmişdir. Bundan əlavə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə pretenziya və iddia ərizəsi, ona əlavə olunmuş sənədləri elektron qaydada cavabdehə məxsus şəxsi kabinetə göndərmişdir. Elektron məhkəmə informasiya sisteminə iddiaçı tərəfindən əlavə olunmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə sənədləri göndərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahat verərək cavabdehə 100.675 manat dəyərində un məhsullarını yalnız elektron qaimə vasitəsilə təqdim etdiklərini, başqa sübutlarının olmadığını qeyd edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək istintaq şöbəsində hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin təxirəsalınmaz istintaq hərəkətlərində iştirakı məcburi olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmişdir. Qeyd etmişdir ki, iddia tələbinin əsasını təşkil edən tərəflər arasında imzalanmış müqavilənin sonuncu səhifəsindəki imzanın cavabdehə məxsus olmaması məhkəmə ekspertizasının rəyilə də öz təsdiqini tapmışdır. Bundan əlavə iddia müddətinin tətbiq olunaraq iddia ərizəsinin rədd edilməsi barədə tərəfimizdən vəsatət verilmişdir. Hesab edilir ki, iddia tələbin əsassız, qanunsuz olması ilə bağlı kifayət qədər sübutlar onu göstərir ki, iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə iclasını iştirakı olmadan keçirib iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tariixli, 33D/2019 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”nın sifarişinə uyğun olaraq, müəssisədə istehsal olunan qida məhsullarını hissə-hisssə (“Kristal”, "xxxx", v.s. un məhsullarla yanaşı kəpək v.s.) olmaqla “Alıcı”ya satmağı, “Alıcı” isə 5 (beş) iş günü ərzində “Satıcı”nın təqdim etdiyi elektron qaimə fakturaya uyğun olaraq aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materillarında olan xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 111158 nömrəli elektron qaiməyə əsasən 7.500 manat məbləğində mallar alıcı Cavabdeh təqdim verilmişdir. İş materillarında olan xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 112053 nömrəli elektron qaiməyə əsasən 9.680 manat məbləğində mallar alıcı Cavabdeh təqdim verilmişdir. İş materillarında olan xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 757969 nömrəli elektron qaiməyə əsasən 9.660 manat məbləğində mallar alıcı Cavabdeh təqdim verilmişdir. İş materillarında olan xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 755671 nömrəli elektron qaiməyə əsasən 5.800 manat məbləğində mallar alıcı Cavabdeh təqdim verilmişdir. İş materillarında olan xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 044377 nömrəli elektron qaiməyə əsasən 12.075 manat məbləğində mallar alıcı Cavabdeh təqdim verilmişdir. İş materillarında olan xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 118501 nömrəli elektron qaiməyə əsasən 12.075 manat məbləğində mallar alıcı Cavabdeh təqdim verilmişdir. İş materillarında olan xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 118693 nömrəli elektron qaiməyə əsasən 7.500 manat məbləğində mallar alıcı Cavabdeh təqdim verilmişdir. İş materillarında olan xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 195814 nömrəli elektron qaiməyə əsasən 14.010 manat məbləğində mallar alıcı Cavabdeh təqdim verilmişdir. İş materillarında olan xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 402406 nömrəli elektron qaiməyə əsasən 11.080 manat məbləğində mallar alıcı Cavabdeh təqdim verilmişdir. İş materillarında olan xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 518046 nömrəli elektron qaiməyə əsasən 13.524 manat məbləğində mallar alıcı Cavabdeh təqdim verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/94 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş işin 31-32-ci vərəqələrində olan xx.xx.2019-cu il tarixli, 33D/2019 saylı alqı-satqı müaviləsinin kserosurətinin 2-ci vərəqəsinin aşağı hissəsində müştəriyə aid qeydlər hissəsində əks olunmuş yazılar və imza - Cavabdeh tərəfindən yox, başqa şəs tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, iddiaçı tərəfindən ümumilikdə 102.904 manat dəyərində malların təqdim edilməsi ilə bağlı elektron qaimələr tərtib edilmişdir. Habelə, iddiaçı cavabdehlə xx.xx.2019-cu il tariixli, 33D/2019 saylı alqı-satqı müqaviləsinin bağlandığını iddia etsə də iddiaçının məhkəməyə təqdim etdiyi alqı-satqı müqaviləsində olan imzanın Cavabdeh məxsus olmadığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4/94 saylı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/94 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli, 33D/2019 saylı alqı-satqı müaviləsinin kserosurətinin 2-ci vərəqəsinin aşağı hissəsində müştəriyə aid qeydlər hissəsində əks olunmuş yazılar və imza - Cavabdeh tərəfindən yox, başqa şəs tərəfindən icra olunması iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə olduğu təqdirdə məhkəmə, ekspert rəyini sübut növü kimi qəbul edir. Həmçinin, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən imzalanmamış xx.xx.2019-cu il tariixli, 33D/2019 saylı alqı-satqı müqaviləsi əsasında cavabdehə elektron qaimələr göndərmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd edilən müqavilə cavabdeh tərəfindən imzalanmadığından, tərəflər arasında göstərilən müqavilə bağlanmamışdır. Cavabdeh sözügedən müqaviləni imzalamadığından, cavabdeh iddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn öhdəliklər üçün mülki hüquqi məsuliyyət daşımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, bir qayda olaraq müqavilədən əmələ gələn öhdəliklər müqavilə bağlandığı andan yaranır. Müqavilənin yazılı bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İddiaçının elektron qaimələrdə də istinad etdiyi 33D/2019 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi imzalanmadığından, bununla da, tərəflər arasında qeyd edilən alqısatqı müqaviləsi bağlanmadığından, həmin müqaviləyə istinad etməklə iddiaçının cavabdehə elektron qaimələr göndərməsi və bunun əsasında mövcud borcu tələb etməsi əsassızdır. Bununla yanaşı, iddiaçı tərəfindən elektron qaimələrdə əks olunmuş un məhsullarının cavabdehə göndərilməsi və onların cavabdeh tərəfindən təhvil alındığını təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hərçənd ki, məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə un məhsullarının təhvil verildiyinə dair sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunsa da iddiaçının nümayəndəsi tərəfindən müvafiq təhvl-təslim aktları, qaimə-fakturalar və s. sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehə elektron qaimələrin göndərilməsi və onların təsdiq edilməsi malların təhvil verilməsi halının sübutu kimi qəbul edilə bilməz. Ona görə ki, işdə olan elektron qaimələr cavabdehin ödəməli olduğu pulun məbləğini göstərir. Lakin həmin məbləğin nəyin əsasında yarandığını, bu elektron qaimələrin malların təhvil-təslimini göstərən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr malların təhvil-təslimi barədə digər sübutlar olmadan malların həqiqətən alıcıya təhvil verildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göstərilən Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, elektron qaimə alıcıya elektron qaydada göndərildiyi üçün müşayətedici sənəd deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1.2, 3.7 və 3.9-cu bəndlərinə əsasən, 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 3.7. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaiməfakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesabfakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə qeyd edir ki, elektron qaimə fakturanın təyinatı ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və qaimə faktura məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər - qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Bununla belə, elektron qaimə-faktura mal məxaricini rəsmiləşdirməyə imkan verən ilkin uçot sənədi olsa da, malların digər vergi ödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.3-cü bəndinə əsasən, vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı Malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.15-ci bəndinə əsasən, vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaiməfaktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər. Qeyd edilən Qaydanın 3.16-cı bəndə əsasən, vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu qaydaya uyğun olaraq göndərilir. Sözügedən Qaydanın 4.3-cü bəndinə əsasən topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Sifariş məsul şəxs tərəfindən imzalanır. Malların bir məsul şəxsdən digərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərarındaki hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilə baş tutmamışdur. Məhkəmə, yuxarıda sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı tərəflər arasında bağlanılmış müqavilə əsasında cavabdehə elektron qaimə göndərmək vəzifəsinə malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında malların cavabdehə təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında elektron qaimənin göndərilməsinə dair vəzifəsindən istifadə etmiş, lakin həmin malların cavabdehə təhvil verilməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, mövcud iddia tələbi əsassızdır və təmin edilə bilməz. Eyni zamanda, məhkəmə cavabdehin nümayəndəsi-vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddia əsassız olduğundan iddia müddətinin tətbiqinə dair ərizənin araşdırılmasına zərurət yoxdur. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar