Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-481/2022 08.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil oğunun iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC ilə olan alqı-satqı müqaviləsinə ğörə yaranmış 84.900 manat əsas borcunun, gecikdirilmiş borca görə hesablanmış faiz 8.490 manat və 400 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 22D/2020 saylı, xx.xx.2020 ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “Satıcı” “Alıcı”nın sifarişinə uyğun olaraq, müəssisədə istehsal olunan ida məhsullarını hissə-hisssə (“Kristal”, "xxxx", v.s. un məhsullarla yanaşı kəpək v.s.) olmaqla “Alıcı”ya satmağı zərinə götürmüşdür. “Alıcı” isə 5 (beş) iş günü ərzində “Satıcı”nın təqdim etdiyi elektron-qaimə fakturaya uyğun olaraq aldığı malın dəyərini ödəməlidir. Cavabdehlə qarşılıqlı etimad əsasında bəzən elə olurdu ki, götürdüyü məhsulun pulun müqavilədə göstərildiyi axt tam ödəyə bilmədiyi haldada ona nisyə şəklində mal buraxılırdı. Buda onun işgüzar fəaliyyətinin dahada enişləndirilməsinə və bizim partnyor kimi bir birimizə inam və etimadımızı dahada möhkəmləndirirdi. Lakin cavabdeh sonuncu dəfə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Beləki, “Xırman “ MMC ilə cavabdehin arasında xx.xx.2021 il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən Cavabdehin borcu 102490 ( yüz iki min dörd yüz doxsan ) manat təşkil etmişdir. Bundan sonrada işgüzar münasibətlərimiz davam etmiş ona əsas borcunu hissə-hissə mal verməklə onu təmin etmişik ki, işləsin və dövriyyə göstərməklə bizə olan borcunu qaytarsın. O, isə əksinə nə dövriyyə göstərdi nə də ki, borcunu ödədi. Bununla bağlı biz ona telefon vasitəsi ilə şifahi xəbərdarlıqlar etmişik. O, bizim xəbərdarlığımıza məhəl qoymadığından ona, xx.xx.2021 il tarixli, 154 saylı pretenziya məktubu ünvanlayaraq xəbərdarlıq etdik ki, onunla bağlanmış müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün bir tərəfli qaydada xitam verilir. Eyni zamanda 10 iş günü müddətində "xxxx" MMC-yə olan 84.900 (səksən dörd min doqquz yüz) manat borcun qaytarılmasını tələb etdik. O, bizdən xx.xx.2021-ci il tarixinə kimi möhlət verməyimizi xahiş eləsə də yenə mal buraxılması barədə xahiş etdi. Müəssisə rəhbərliyi onun xahişini nəzərə alsa da, o, verdiyi sözə əməl etməyərək bizə olan borcunu ödəməkdən yayındı. xx.xx.2021-ci il tarixində mediasiya prosesinin təklifi barədə cavabdehə 84.900 (səksən dörd min doqquz yüz) manat borcu məhkəmədən kənar qaydada ödənilməsini təklif etdik. Mediatorun dəvətinə uygun olaraq mediasiya sesiyası keçirildi və prosesi davam etdirməmək qərarına gəldik. 400 ( dörd yüz) manat mediasiya xərci tərəfimizdən ödənildi. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddianı qəbul etmədiyini bildirərək qeyd etdi ki, iddiaçı tərəfindən iddia ərizəsinin qoşma hissəsinə diqqət yetirdikdə aydın olur ki, iddiaçı tərəfindən iddia ərizəsinə tələbin hüquqi əsası kimi xx.xx.2020-ci il tarixli, 22D/2020 saylı alqı-saqı müqaviləsi və xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı əlavə olunmuşdur. Həmin sənədləri araşdırdıqda isə məlum olur ki, sözügedən xx.xx.2020-ci il tarixli, 22D/2020 saylı alqı-satqı müqavilənin sonunda “Alıcı” qrafasının altındakı imza və kirli əlifbası ilə yazılmış “Cavabdeh” yazısı qrafasındakı imza və kiril əlifbası ilə yazılmış “Cavabdeh” yazısı, eləcə də xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının sonundakı kiril əlifbası ilə yazılmış “üzləşmə aktı ilə tanış olduq imzamla təsdiq etdim. Cavabdeh oğ, xx.xx.2021” yazısı ona məxsus deyildir. Eyni zamanda onu da qeyd etmişdir ki, həmin üzləşdirmə aktında onun imzası yoxdur. İddiaçı tərəf bu cür “şablon” müqavilə formalarından dəfələrlə istifadə etməklə əməkdaşlıq etdikləri alıcıları çətin vəziyyətə salırlar. Həmin “şablon” müqavilə formalarından hal-hazırda onda bir neçə nüsxə vardır və o müqavilələrdə də müqavilənin son səhifəsində yalnız “satıcı” qrafasında imza və möhür olduğu görünməkdədir. Müqavilələrə diqqət yetirildikdə aydın olur ki, həmin müqavilələrin bitmə müddəti əlyazma şəklində qeyd edilməklə xx.xx.2020-ci il tarixə kimi müəyyən edilmişdir. Hal-hazırda iddia ərizəsinə əlavə edilmiş müqavilə isə sonradan, yəni xx.xx.2021-ci il tarixə guya aparılmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının müqaviləyə əlavə edilə bilməsi üçün tərtib olunmuş, saxta yolla imzalanmışdır. Ona göndərilmiş pretenziyada və iddia ərizəsində qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının tarixi xx.xx.2021, iddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqaviləsinin sonunda əlavə kimi qeyd olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının tarixi isə xx.xx.2021-ci il olaraq göstərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 aprel 2020-ci il tarixli, 22D/2020 saylı alqı-satqı müqaviləsindən (bundan sonra “Müqavilə” adlanacaqdır) görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müəssisədə istehsal olunan qida məhsullarının və digər malların alqısatqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı alıcının sifarişinə uyğun olaraq müəssisədə istehsal olunan qida məhsullarını və digər malları (gələcəkdə mal adlandırılacaq) hissə-hissə olmaqla alıcıya satmağı öhdəsinə götürür. Satılan malın növü, miqdarı, sayı, qiyməti malın təhvil verilməsini təsdiq edən elektronqaimə faktura və ya elektron vergi hesab-faktura əsasında müəyyən olunacaq. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqaviləyə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsinin öhdəsində götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri müqavilənin qüvvədə olduğu müddət ərzində satıcı tərəfindən alıcıya təqdim edilmiş elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturaya əsasən təhvil verilmiş malın dəyəridir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, alıcı müqavilənin şərtlərində nəzərdə tutulan ödənilməmiş məbləğin gecikdirilən hər gün üçün 0.2% miqdarında satıcıya cərimə ödəyir. Cərimənin ümumi məbləği ödənilməmiş məbləğin 10 %-dən çox ola bilməz. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, "xxxx" MMC (VÖEN:**********) ilə Cavabdeh (VÖEN **********) malların alqı-satqısı üzrə yaranmış debitor borcun məbləğinin ümumilikdə 102.490 manat olması barədə qarşılıqlı nəticəyə gəlmişdirlər. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İş materillarında olan elektron qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ümumilikdə 773.509,85 manat məbləğində un məhsulları göndərilmişdir. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsinin "xxxx" MMC-nin nümayəndəsi X2 xx.xx.2021-ci il tarixdə Masallı Rayon Polis Şöbəsinə ünvanladığı müraciətlərin yoxlanılmasının nəticəsinə dair xx.xx.2021-ci il tarixli arayışın surətində qeyd edilmişdir ki, Masallı rayon Ərkivan qəsəbə sakini Cavabdeh izahatında ölkədə olan pandemiya ilə əlaqədar "xxxx" MMC-dən götürdüyü un məmulatlarının satışında problemlər yarandığını, şirkətdən götürdüyü un məmulatlarının satışında alacağı pulun qaytarılmasında gecikmələr yarandığını, pulu vaxtında qaytara bilmədiyini, lakin şirkətin müraciətdə göstərdiyi kimi 84.900 (səksən dörd min doqquz yüz) manat deyil təxminən 50.000 (əlli min) manat pul borcu olduğunu, həmin borcu da yaxın vaxtlarda ödəyəcəyinə söz versə də qarşı tərəfin ona həmin məbləğdə borcunun olmasını bildirdiyini, aralarında qaytarılmalı olan pulla bağlı mübahisənin olduğunu bildirmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 84.900 manat borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında un məhsullarına dair alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən mallar cavabdehə “Müqavilə”nin 2.2-ci və 3.2-ci bəndlərinə əsasən elektron qaimələrə əsasən verilmiş və cavabdeh tərəfindən qəbul olunmuşdur. İddiaçı tərəfindən təhvil verilən mallar cavabdeh tərəfindən təhvil alınsa da cavabdeh malların dəyərini tam olaraq ödəməmişdir. Bundan əlavə, tərəflər arasında xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı imzalanaraq malların alqı-satqısı üzrə yaranmış debitor borcun məbləğinin ümumilikdə 102.490 manat olması barədə qarşılıqlı nəticəyə gəlinmişdir. Sonradan cavabdeh tərəfindən həmin borcdan 17.590 manat ödənilsə də, 84.900 manat məbləğində borc pulun ödənilməsini təsdiq edən mötəbər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaiməfakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci – 3.4-cü bəndlərinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun cavabdehə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə “Müqavilə”yə əsasən un məhsuları göndərməsəydi, cavabdeh, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Məhkəmə cavabdehin iddiaya dair etirazını araşdıraraq hesab edir ki, cavabdeh iddiaya dair etirazını tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Məhkəmə, qeyd edir ki, Cavabdeh 16 mart 2022-ci il tarixində keçirilən məhkəmə iclasında 30 aprel 2020-ci il tarixli, 22D/2020 saylı alqı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının onun tərəfindən imzalandığını bildirmişdir. Eyni zamanda, iş materiallarında olan 30 aprel 2020-ci il tarixli, 22D/2020 saylı alqı-satqı müqaviləsinin və 16 aprel 2021-ci il tarixli üzləşmə aktının saxtalığı və ya həqiqəti əks etdirməməsi cavabdeh tərəfindən mötəbər sübutlarla təkzib olunmamışdır. Halbuki, bununla bağlı sübutetmə vəzifəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə uyğun olaraq məhz cavabdehin üzərinə düşürdü. Ümumiyyətlə, cavabdeh ondan tələb olunan borcun mövcudluğunu qəbul etmədiyi halda 16 aprel 2021-ci il tarixli üzləşmə aktını imzalamaqla sözügedən borcu öz üzərinə götürməsi barədə ağlabatan izah verməsi iş materiallarından görünmür. Məhkəmə hesab edir ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla, elektron qaimələrlə və qarşılıqlı üzləşmə aktı ilə təqdim olunmuş mallar üzrə cavabdehin iddiaçıya ümumilikdə 84.900 manat borcunun olması öz təsdiqini tapdığından, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə iddianın 8.490 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 425 manat məbləğində penya (dəbbə pulu) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 84.900 manat məbləğində əsas borc, 425 manat məbləğində cərimə məbləği və 400 manat mediasiya xərci, ümumilikdə 85.725 (səksən beş min yeddi yüz iyirmi beş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-481/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-481/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver