Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-486/2024 22.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əsas borca görə 2718,32 manat, hesablanmış cərimə borcuna görə 543,66 manat və ödənilmiş mediasiya rüsumuna görə 200,00 manat olmaqla cəmi 3461,98 manat pulun cavabdehdən alınaraq “X1 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Alıcı qismində (İddiaçı) “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-nin “X2 və Tədarükü Məntəqəsi” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 246 saylı xampambığın alğı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 14.00 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 15506,15 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh üzərinə götürmüş öhdəliyi tam şəkildə icra etməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 246 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 2718,32 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 543,66 manat təşkil edir. Verilməmişdir: 2718,32 manat х 20% = 543,66 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin elektron kargüzarlıq sistemi üzərindən cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. xx.xx.2023-cü il tarixli, MŞS/MT-23/2023-02833 reyestr nömrəli mediasiya arayışından görünür ki, mediasiya mərhələsində cavabdehlə barışıq əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında iddiaçı tərəfindən ona 253 manat dəyərində motorla sulama və xx.xx.2021-ci il tarixində 320 manat dəyərində “trop ultra” aqrotexniki xidmətlərinin göstərilmədiyini qeyd edərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X1 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, “2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” 246 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 14 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam-pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Üzləşmə Aktı”ndan görünür ki, xx.xx.2021-ci il tarixli, 246 nömrəli birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında müqavilə üzrə xx.xx.2021-ci il tarixə fermer Cavabdeh 14.773,21 manat borcunun olması müəyyən edilmişdir. Həmin üzləşmə aktı cavabdeh tərəfindən imzalanmamışdır. İşdə olan şəxsi vəsiqədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış müqaviləyə əsasən, Cavabdeh 2.718,32 manat borcu qalmışdır. İş materiallarında olan “X1 Kompleksi” MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli, 246 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsasən 2.718,32 manat məbləğində borcu olması və borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar edilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, “X1 Kompleksi” MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 246 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 14 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib "xxxx"nın mülkiyyətinə verməyi, MMC isə bu müqavilə üzrə “Fermer”ə (istehsalçıya) avans vəsaitlər verməyi və tədarük edilən xam pambığın dəyərini “Tədarükçü” vasitəsi ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmış, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Qeyd olunan Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə iddiaçı tərəfindən bağlanmış xx.xx.2021-ci il tarixli, 246 saylı müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh 253 manat dəyərində motorla sulama və xx.xx.2021-ci il tarixində 320 manat dəyərində “trop ultra” aqrotexniki xidmətlərinin göstərilməsidir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatlarında iddiaçı tərəfindən ona 253 manat dəyərində motorla sulama və xx.xx.2021-ci il tarixində 320 manat dəyərində “trop ultra” aqrotexniki xidmətlərinin göstərilmədiyini qeyd etmişdir. Bununla əlaqədar olaraq, məhkəmə tərəfindən iddiaçıya həmin xidmətlərin göstərildiyini təsdiq edən sənədlərin məhkəməyə təqdim olunması təklif olunsa da həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının 253 manat dəyərində motorla sulama və 320 manat dəyərində “trop ultra” aqrotexniki xidmətləri ilə bağlı cavabdehdən pul tələb etməsi əsassızdır. Çünki, həmin xidmətlərin iddiaçı tərəfindən göstərildiyi iş materiallarında olan sənədlərlə sübut olunmur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə qismən təmin edilməli və cavabdehdən 2.145,32 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, iddianın 543,66 manat cərimənin cavabdehdən tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 246 saylı müqaviləsinə əsasən, cavabdeh üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığın dəyərinin 20%-i həcmində (xam pambığın 1-ci növ qiyməti ilə) cərimə ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə hazırkı iş üzrə borcun 2.145,32 manat təşkil etməsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 30 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.145,32 manat əsas borc, 30 manat cərimə borcu və ödənilmiş mediasiya xərcinin əvəzi 200 manat olmaqla, ümumilikdə 2.375,32 (iki min üç yüz yetmiş beş manat, otuz iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia 573 manat əsas borcun və 513,66 manat cərimə borcunun cavabdehdən tutulması hissələrində təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-486/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-486/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver