Məhkəmə qərarları › İş №e-2-2(121)-487/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-487/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-487/2021 02.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı Cavabdeh 6.564,50 borcun, vəkil xidmətinin göstərilməsini üçün ödənilmiş 200 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 31 manat pulun, cəmi 6.795,50 manat pulun tutularaq “xxxx” MMCyə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh hüquqi şəxs yaratmadan (VÖEN: **********) Yasamal rayonu ərazisində yerləşən Ucuzluq İstanbul mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdehla “xxxx” MMC arasında olan alqı-satqı razılaşmasına əsasən, cavabdehə müxtəlif adda mallar göndərilmişdir. Bununla bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin cavabdeh bugünə qədər yaranmış 17.502,47 borcunu ödəməmişdir. Tərəflərindən borcunu qaytarması barədə 14.08.2019-cu il tarixdə Cavabdeh pretenziya məktubu göndərilmişdir. Bu müddət ərzində 10.937,97 manat dəyərində mallar geri qaytarılmışdır. Bundan sonra dəfələrlə qalmış borcun ödənilməsi xahiş edilsədə heç bir nəticəsi olmamışdır. Hazırda Cavabdeh 6.564,50 manat ödənilməmiş borcu var və ödənilməsi üçün heç bir tədbir görmür, zənglərinə cavab vermir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədiklərini və iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış 16.02.2019-cu il tarixli, EAAQ seriyalı, 473869 saylı elektron qaimədən görünür ki, “xxxx” MMC malların ümumi dəyəri olan 17.502,47 manat pulun ödənilməsi məqsəilə Cavabdeh elektron qaimə göndərilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış 16.02.2019-cu il tarixli, EAAQ seriyalı, 473869 saylı elektron qaimə sistem tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh və X2 ünvanlanmış 14.08.2019-cu il tarixli pretenziya məktubunun surətində qeyd olunur ki, tərəflər arasında olan razılaşmaya əsasən, Bakı şəhəri, Binəqədi və Yasamal rayonunda fəaliyyət göstərən “Ucuzluq İstanbul” obyekti üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 (VÖEN **********) və Cavabdeh (VÖEN **********) müxtəlif adlarda məhsullar satılmış və qalmış borcları barədə məlumat verilmişdir. Cavabdeh (VÖEN **********) 18.02.2019-cu il tarixdə 1.275,18 manat, 16.02.2019-cu il tarixdə 17.502,47 manat, X2 (VÖEN **********) 16.02.2019-cu il tarixdə 12.079,50 manat borcunun olması barədə elektron qaimələr göndərilmişdir. Lakin buna baxmayaraq tərəflərindən “xxxx” MMC-yə olan borc ödənilməmişdir. Göstərilənlərə əsasən, cəmi 30.857,15 manat məbləğində borcun 15 gün müddətində “xxxx” MMC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 28.04.2021-ci il tarixli, **********046900 saylı məktubda qeyd edilmişdir ki, “xxxx” MMC tərəfindən fiziki şəxslər Cavabdeh və X2 göndərilmiş 16.02.2019-cu il tarixli EAAQ seriyalı 473863 saylı və 473869 saylı elektron qaimələrin uçot baza məlumatlarına əsasən, 26.04.2021-ci il tarixə sistem tərəfindən təsdiq edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, 2017-ci ilin qış aylarında satıcı olaraq işə başlamışdır. Ramil ilə tanışlığı orada başlamışdır. Halhazırda orda işləmir. 2018-ci ilin ortalarında işdən çıxmışdır. O, işdən çıxanda Ramil orda işləyirdi. Müdirləri Elməddin adlı şəxs olmuşdur. İşə başlayanda ondan VÖEN tələb olunmamışdır. 7-8 ay orada işləmişdir. Mağazada təqribən 20 nəfər satıcı olmuşdur. Malları anbardan götürürdülər. Lakin orada, anbardar olmamışdır. Mallara Fərid adında mühasib nəzarət etmişdir. Mağazada rəsmi əmək müqaviləsi əsasında işləməmişdir. Onun Cavabdeh əmək müqaviləsinin və adına VÖEN-in olması barədə məlumatı olmamışdır. O, Ramillə eyni funksiyaları yerinə yetirmiş, ikisi də satıcı işləmişlər. Həm o, həm də Ramil əmək haqqını əllə, nağd qaydada almışlar. İddiaçı tərəfindən qaimələrdə əks olunmuş və ümumi dəyəri 17.502,47 manat olan malların cavabdehə verilməsini, onların təhvil-təslimini, o cümlədən cavabdeh tərəfindən iddiaçıya 10.937,97 manat dəyərində satılmış malların geri qaytarılmasını təsdiq edən hərhansı sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Hətta, “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə 02.06.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında verdiyi izahat zamanı malların iddiaçıya məxsus anbardan çıxması və cavabdehə təhvil verilməsi ilə əlaqədar onlarda hər hansı bir sənədin olmadığını bildirmişdir. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə elektron qaimələrin göndərilməsi malların təhvil alınması halının sübutu kimi qəbul edilə bilməz. Ona görə ki, elektron qaimə iddiaçının cavabdehdən nə qədər pul tələb etməsinə dair sənəddir. Lakin həmin məbləğin nəyin əsasında yaranmasını, bu elektron qaimələrin malların təhvil-təslimini təsdiq edən hansı sənədlər əsasında tərtib olunmasını əks etdirən sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçının istinad etdiyi elektron qaimə cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Həmin Məcəllənin 433.1-ci və 433.2-ci maddələrinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məhkəmə hesab edir ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr malın təhviltəslimi barədə digər sübutlar olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, elektron qaimə Vergilər Nazirliyinin “Avis” proqramı vasitəsilə alıcıya elektron qaydada göndərildiyi üçün mal müşayətedici sənəd deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1.2, 3.7 və 3.9-cu bəndlərinə əsasən, 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 3.7. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaiməfakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesabfakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə qeyd edir ki, elektron qaimə-faktura mal məxaricini rəsmiləşdirməyə imkan verən ilkin uçot sənədi olsa da, malların digər vergi ödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. Nəzərə alınmalıdır ki, alıcıya düzgün göndərilməmiş elektron qaimənin alıcı tərəfindən deyil, yalnız satıcı tərəfindən ləğv edilməsi və ya dəyişdirilməsi mümkündür. Qaydalara əsasən mal digər vergi ödəyicisinin bilavasitə özünə deyil, mal və xidmətlərin alışını həyata keçirən təhtəlhesab şəxsə təqdim edildiyi halda satıcı həmin şəxsdən alıcı tərəfindən verilmiş vəkalətnamənin təqdim edilməsini tələb etməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 16.06.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.3-cü bəndinə əsasən, vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə Malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya Malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı Malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.15-ci bəndinə əsasən, vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaiməfaktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər. (Qaydaların 3.15-ci bəndi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə əlavə edilmişdir). Həmin Qaydanın 3.16-cı bəndə əsasən, vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvilqəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu qaydaya uyğun olaraq göndərilir. (Qaydaların 3.16-cı bəndi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə əlavə edilmişdir). Göstərilən Qaydanın 25.12.2019-cu il tarixədək qüvvədə olmuş 4.1-ci bəndinə əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura tərtib edilməklə həyata keçirilir. (Qaydaların 4.1-ci bəndinin bu redaksiyası 2019cu il 25 dekabr tarixinədək qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 2019cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə həmin redaksiyaya dəyişikliklər edilmişdir). Sözü edən Qaydanın 25.12.2019-cu il tarixədək qüvvədə olmuş 4.3-cü bəndinə əsasən topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Sifariş məsul şəxs tərəfindən imzalanır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına və sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qaimə göndərmək vəzifəsinə malik olduğu kimi, eyni zamanda malların cavabdehə təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin iddiaçı həmin malların cavabdehə təhvil verilməsi vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, mövcud iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı cavabdehə malların təqdim edilməsini sübut edə bilmədiyindən, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar