Məhkəmə qərarları › İş №e-2-2(121)-507/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-507/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-507/2021 10.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (“xxxx” MMC-nin hüquqi varisi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 26.664,54 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdehdən iddiaçının xeyrinə 28.085,66 manat borcun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı tərəfindən iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdehdən iddiaçının xeyrinə 29.475,66 manat borcun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizələr onunla əsaslandırılmışdır ki, “xxxx” MMC və cavabdeh arasında bağlanmış 08.01.2018-ci il tarixli, 04 saylı müqaviləyə əsasən cavabdeh 62 (110) hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cavabdeh iddiaçıdan, 65.478,14 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 111,4 ha sahədə 3.342 manat dəyərində şum, 3.066 manat dəyərində mala, 162 manat dəyərində rotasiyon mala, 199 ha sahədə 2.388 manat dəyərində səpin, 2.586 manat dəyərində kultivasiya, 924 manat dəyərində gübrə ilə kultivasiya, 873 manat dəyərində (gübrə) ammonium nittar, 2.984 manat dəyərində (gübrə) ammonium nittar güzəştlə, 22.220 manat dəyərində siyid, 1.377,3 manat dəyərində zəhərli kimyəvi maddələr, 890 manat dəyərində dərmanlama, 17.800 manat dəyərində əvvəlcədən avans becərmə, icarə, su pulu, 3.853.92 manat məbləğində yığım pulu, cəmi 65.478,14 manat xərclənmişdir. Lakin, Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 36.002,48 manat dəyərində xampambıq təhvil vermiş, bununla da iddiaçıya 29.475,66 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq Cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan nizamnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC “X4” MMC-nin hüquqi varisidir. İş materiallarında olan “X4” MMC ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış 08 yanvar 2018-ci il tarixli, 04 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü İmişli rayonu, Aranlı kəndi yaxınlığında yerləşən 62 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X4” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. İş materiallarında olan sənədlərdən (aktlar, məxaric orderləri, qəbzlər, qaiməfakturalar, kassa mədaxil orderləri) görünür ki, İddiaçı MMC (“X4” MMC) tərəfindən Cavabdeh işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. İş materiallarında olan 04 fevral 2019-cu il tarixli üzləşmə aktdan görünür ki, İddiaçı MMC-nin nümayəndələrinin və Cavabdeh iştirakı ilə akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunur ki, “X4” MMC 08 yanvar 2018-ci il tarixli, 04 saylı müqaviləyə əsasən pambıq əkilmiş 62 hektar sahədə aktda qeyd olunan işlər görülmüşdür. Yekun olaraq pambıq istehsalçısı Cavabdeh “X4 MMC-yə 35.035,04 manat borcu qalmışdır. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 08 yanvar 2018-ci il tarixli, 04 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə olan borcun ödənilməsinin təmin edilməsi Cavabdeh təklif edilmiş, əks təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçınə 29.475,66 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən pambıq əkini ilə əlaqədar ona çəkilən 65.478,14 manat xərci qəbul etdiyini, həmçinin onun tərəfindən İddiaçı MMC-yə 36.002,48 manat məbləğində xam pambıq təhvil verdiyini və hal-hazırda 29.475,66 manat məbləğində borcu olduğunu, qeyd olunan borc məbləğini qəbul etdiyini və növbəti pambıq mövsümlərində hissə-hissə ödəniləcəyini bildirmişdir. İş materiallarında olan 03.03.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, “X4” MMC ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış 08 yanvar 2018-ci il tarixli, 04 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü İmişli rayonu, Aranlı kəndi yaxınlığında yerləşən 62 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X4” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh işlərin görülməsi üçün 65.478,14 manat məbləğində (iş və xidmətlərin göstərilməsinə görə) avans ayrılmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya 36.002,48 manat dəyərində xam-pambıq təhvil vermiş, onun 29.475,66 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 08 yanvar 2018-ci il tarixli, 04 saylı alqı-satqı müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, alınmış 65.478,14 manat məbləğində (iş və xidmətlərin göstərilməsinə görə) avans müqabilində İddiaçı MMC-yə 36.002,48 manat dəyərində pambıq verilmişdir. Beləliklə cavabdehin iddiaçıya 29.475,66 manat borcu qalmışdır. Qeyd olunan hallar işin mübahisəsiz halları olmaqla, cavabdeh tərəfindən qəbul və etiraf edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 29.475,66 manat borc Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun cavabdehdən tutulması tələb edilmədiyindən, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 29.475,66 (iyirmi doqquz min dörd yüz yetmiş beş manat, altmış altı qəpik) manat pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar