Məhkəmə qərarları › İş №e-2-2(121)-513/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-513/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-513/2022 10.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Cabbarov İlqar Hidayət oğlu – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi : İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı – pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi eyni məzmunlu iddia ərizəsi ilə daha əvvəl məhkəməyə müraciət etmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin elektron qaydada cavabdehə göndərilməməsi, həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə düzgün əməl edilməməsi səbəbindən Şirvan Kommersiya Məhkəməsinin 14.01.2022-ci il tarixli, e-2-2(121)-249/2022 saylı qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Kommersiya Məhkəməsinin 14.01.2022-ci il tarixli, e-2-2(121)-249/2022 saylı qərardadında nöqsan kimi qeyd olunan “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin elektron qaydada cavabdehə göndərilməməsi” halını aradan qaldıraraq bu barədə sübutları məhkəməyə təqdim etsə də, məhkəmənin qərardadında qeyd olunmasına baxmayaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə düzgün əməl etməmiş və yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə bir daha qeyd edir ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələbinə əsasən Şirvan Kommersiya Məhkəməsinin yerləşdiyi yer üzrə deyil, iddiaçının hüquqi ünvanı olan Bakı şəhərində fəaliyyət göstərən Vüsal Səfərovun mediator təyin edilməsi təklif edilmiş və sonuncu tərəfindən mediasiya sessiyası təşkil edilərək 14.12.2021-ci il tarixli arayış verilmişdir. Göründüyü kimi, tərəflərin mediatorun seçilməsi ilə bağlı razılaşmasının olmamasına baxmayaraq iddiaçı tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mediatorun seçilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından və bununla da iddiaçı tərəfindən seçilmiş mediator qanunla bu mübahisəyə baxmaq səlahiyyətinə malik olmayan mediator olduğundan iddiaçı tərəfindən mediasiya prosessinə əməl edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldı : İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh – pul tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar