Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-514/2023 30.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Cavabdeh qarşı pul öhdəliyinin yerinə yetirilməməsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 209.05 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 20.90 manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 01 fevral 2021-ci il tarixində alqı-satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışdır. Əməkdaşlığı müddətində cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMC-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldıqları mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMC-nə olan 209.05 AZN (iki yüz doqquz manat, beş qəpik) borcunu ödəməmiş və aralarında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, aralarında bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, alıcı malı təhvil aldığı məhsullara görə ən geci 21 (iyirmi bir) gün ərzində ödəniş etməli idi. Alqı-satqı müqaviləsinin 5.1-ci bəndində göstərildiyi kimi alıcı kreditlə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş məbləğin faizi ümumi malın məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumiməbləğinin 10%-ni təşkil edən 20.90 AZN (iyirmi manat, doxsan qəpik) məbləğində dəbbə pulu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eynizamanda həmin müqavilədə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Nəticə etibarı ilə, hazırda cavabdehin İddiaçı MMC-nə 209.05 AZN (iki yüz doqquz manat, beş qəpik) məbləğində əsas borcu və 20.90 AZN (iyirmi manat, doxsan qəpik) məbləğində dəbbə pulu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncunun rəsmi qeydiyyat ünvanı üzrə xx.xx.2023-cü il tarixdə bildirişin təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 fevral 2021-ci il tarixli, 5231/P21 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci yarımbəndinə əsasən, satıcı alıcının sifarişi əsasında malları alıcıya satmağı, alıcı isə malların dəyərini nağd və ya hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 2 saylı əlavənin şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci yarımbəndinə əsasən, alıcı kreditlə aldığı malın dəyərini bu müqavilənin ayrılmaz təkib hissəsi hesab edilən 2 saylı Əlavədə müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan hər gün ödənilməyən məbləğin 0,2 % həcmində faiz tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.2-ci yarımbəndinə əsasən, faizin maksimal həddi ödəniş gecikdirilmiş malın ümumi məbləğinin 10 % müəyyən edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 158176 nömrəli malların təhvil-qəbul aktının surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 424,05 manat məbləğində mallar təhvil verilmişdir. Təhvil-təslim aktı İddiaçı nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan EBBD seriyalı, 175650 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən 208,35 manat məbləğində mallar Cavabdeh göndərilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 04 fevral 2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” 19 dekabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 30 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 01 fevral 2021-ci il tarixli, 5231/P21 nömrəli alqı-satqı müqaviləsi təşkil edir. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə Cavabdeh malları təhvil verməsi, sonuncunun isə həmin mallara dair borcunun olması işin mübahisəsiz halını təşkil edir. Odur ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 209,05 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə, iddianın 01 fevral 2021-ci il tarixli, 5231/P21 nömrəli alqı-satqı müqaviləsi üzrə 20,90 manat dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 01 fevral 2021-ci il tarixli, 5231/P21 nömrəli alqı-satqı müqaviləsi üzrə 5 manat dəbbə pulu tutulmalıdır. Məhkəmə, iddianın 30 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 30 manat dövlət rüsumunun 28 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 01 fevral 2021-ci il tarixli, 5231/P21 nömrəli alqı-satqı müqaviləsi üzrə 209,05 manat əsas borc, 5 manat dəbbə pulu və 30 manat mediasiya xərci olmaqla, ümumilikdə 244,05 (iki yüz qırx dörd manat, beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 28 (iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-514/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-514/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver