Məhkəmə qərarları › İş №e-2-2(121)-515/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-515/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-515/2021 19.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 227,45 manat əsas borc, 158,90 manat cərimə borcu və 30 otuz manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 416,35 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 07.06.2019-cü il tarixdə “Məhsulların alğı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Satıcı ("xxxx" MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcının (Cavabdeh) mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ZAF50886129 nömrəli, 14.11.2019-cu il tarixli Malların Təhvil-Qəbul Aktları əsasında ƏDV xaric ümumilikdə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. 227.45 (iki yüz iyirmi yeddi manat qırx beş qəpik) manat əsas borc ödənilməmişdir. “Məhsulların alğı-satqı” Müqaviləsinin 6.2-ci bəndinə görə ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin Müqavilənin 6.3-ci bəndinə görə Alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 (sıfır tam,onda bir) % miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 (sıfır tam,onda iki )% miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. Borc ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 07.06.2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC (satıcı) və Cavabdeh (Alıcı) arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları Alıcıya satmaqla onun mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslim anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir. İş materiallarında olan HBN/2 seriyalı, 890155 nömrəli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən “Nəzərov Cabir” adlı şəxsə ƏDV daxil 228 manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 07 iyun 2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsi əsasında 227.45 manat məbləğində ödənilməmiş borcun 5 gün ərzində ödənilməsi xahiş edilmiş, borc ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. İş materiallarında olan Cavabdeh "xxxx" MMC-yə ünvanlanmış 21 dekabr 2020-ci il tarixli pretenziya məktubuna cavabın surətindən görünür ki, Cavabdeh pretenziya məktubunda sözügedən 14.11.2019-cu il tarixli təhvil-təslim aktından xəbərdar olmadığını bildirmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, e-2-2(121)-515/2021 qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddiaya dair ərizəsi üzrə işə iddia icraatı qaydasında baxılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2021-ci il tarixli, 4/867 saylı ekspert rəyində qeyd edilir ki, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 110-111-ci vərəqlərində "xxxx" MMC ilə Cavabdeh adlarından olan 7 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsinin sonunda “12.2 Alıcı” hissəsində “İmza:” qrafasındakı imza – İSMAYİLOV ŞAHİN ŞAKİR oğlu tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, kommersiya işinin 112-ci vərəqində 14 noyabr 2019-cu il tarixli ZAF50886129 nömrəli malların təhvil-qəbul aktının surətində “Təhvil aldım” qrafasında əks olunmuş imzanın – Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 07 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə 14.11.2019-cu il tarixli, HBN/2 seriyalı, 890155 nömrəli (ZAF50886129 saylı) malların təhvil-qəbul aktı əsasında təhvil verdiyini, cavabdeh isə həmin akt üzrə malların ona təhvil verilmədiyini bildirmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir: Belə ki, iddiaçı tərəfindən iddianın əsası kimi istinad olunan 14.11.2019-cu il tarixli, HBN/2 seriyalı, 890155 nömrəli malların təhvil-qəbul aktından görünür ki, həmin mallar Cavabdeh tərəfindən deyil, “Nəzərov Cabir” adlı şəxs tərəfindən təhvil alınmışdır. İş materillarında olan 07 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsində Cavabdeh qeyd olunsa da, həmin müqavilə əsasında malların Cavabdeh tərəfindən təhvil alınmasına dair iddiaçı tərəfindən məhkəməyə hər-hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, 14.11.2019-cu il tarixli, HBN/2 seriyalı, 890155 nömrəli (ZAF50886129 saylı) malların təhvil-qəbul aktı Cavabdeh tərəfindən imzalanmamışdır. Digər tərəfdən, iddia ərizəsində qeyd olunan 14.11.2019-cu il tarixli, HBN/2 seriyalı, 890155 nömrəli (ZAF50886129 saylı) malların təhvil-qəbul aktı əsasında mallar Cavabdeh təhvil verildiyi iddia edilsə də, təqdim edilən həmin aktda bunu təsdiq edən hər hansı fakt qeyd edilməmişdir. Göründüyü kimi, iddiaçı Cavabdeh ümumi dəyəri 228 manat olan malları təhvil verdiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yəni, iş materialları ilə iddiaçı tərəfindən Cavabdeh yuxarıda qeyd olunan dəyərdə malların verildiyi müəyyən olunmur. Bununla yanaşı, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında da 14.11.2019-cu il tarixli, HBN/2 seriyalı, 890155 nömrəli (ZAF50886129 saylı) malların təhvil-qəbul aktında olan imzanın ona məxsus olmadığını, həmin aktda qeyd olunan tarixdə həmin obyektdə işləmədiyini, qaimə fakturada qeyd olunan malları almadığını, o cümlədən malların təhvil-qəbul aktını imzalayan şəxsi tanımadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. İşdən də görünür ki, məhkəmə 17 mart 2021-ci il tarixli məhkəmə bildirişində iddiaçıya iş üzrə bütün sübutları məhkəməyə təqdim olunması təklif olunmuşdur. Bununla yanaşı, tərəflər zəruri sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət etməmişdirlər. Bununla yanaşı, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edilmədiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Bununla yanaşı, iddia rədd edildiyindən, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar