Məhkəmə qərarları › İş №e-2-2(121)-533/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-533/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-533/2025 11.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh «Biləsuvar Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 119894 (yüz on doqquz min səkkiz yüz doxsan dörd) manat əsas borcun və faydalanmağa görə bank faiz uçot dərəcəsi ilə 1438 ( bir min dörd yüz otuz səkkiz) manat, cəmi 121 332 (bir yüz iyirmi bir min üç yüz otuz iki manat pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 412 (dörd yüz on iki) manat dövlət rüsumunun alınaraq iddiaçı “X5” MMC-ə ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli, BA-282 nömrəli Alqı-satqı Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1.-ci maddəsinə görə müqavilənin ayrılmaz tərkib hissələri olan X2 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları “X5”MMC tərəfindən "xxxx"MMC-ə satılmışdır. xx.xx.2021-ci il tarixli, “06 yanvar 2021-ci il tarixli BA-282 saylı Müqavilə üzrə” 3 nömrəli X3 görə “X5” MMC "xxxx"MMC-ə süd (yağlılığı 3,5 %) litri 0,70 manat dəyərində satmışdır. Həmin Protokolun 4-cü bəndinə görə "xxxx"MMC aldığı südün dəyərini qaimə-fakturalara əsasən malı təhvil aldıqdan 15 beş gün sonra ödəməlidir. Tərəflər arasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli Üzləşmə aktına görə "xxxx"MMC-nin “X5” MMC-ə qalıq borcu 219 026 manat müəyyən edilmişdir. Həmin akt tərtib edildikdən sonra "xxxx"MMC iddiaçı təşkilata müəyyən ödənişlər etmikdir. xx.xx.2024-cü il tarixə "xxxx"MMC-nin “X5” MMC-ə borcu 119 894 manat təşkil edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasında nümayəndəsinin işitrakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2015-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2006-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BA-282 nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, Bu müqaviləyə əsaəsn Satıcı Müqaviləyə qüvvədə olduğu müddətdə, Müqavilənin ayrılmaz tərkib hissələri olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları Alıcının ona təqdim etdiyi Sifarişdə göstərilən miqdarda satmağı, Alıcı isə, həmin malları, Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaiməfakturaya əsasən qəbul edərək almağı və Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X1, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BA-282 nömrəli alqı-satqı müqaviləsinə əlavə olaraq, tərəflər arasında xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, 16 iyul 2021-ci il tarixli qiymətlərin razılaşdırma protokolları imzalanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “üzləşmə aktı”nın surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qalıq borcu 219026 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BA-282 nömrəli alğı-satqı müqaviləsinə əsasən yaranmış 119894 manat məbləğində borcun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində müqavilədən irəli gələn subyektiv hüququnun pozulmasını iddia edərək hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı süd məhsulunu (bundan sonra “malları”) cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya 219026 manat məbləğində borcunun qalması işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 119894 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini ödəməməsi haqqında tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, üzləşmə aktına, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, üzləşmə aktını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən təhvil alınan mallara görə 119894 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Məhkəmə, tərəflər arasında imzalanmış üzləşmə aktının hüquqi mahiyyətinə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edir ki, həmin sənəd mahiyyət etibarı ilə özündə borcun etirafına dair iradə ifadəsini ehtiva edir. Qeyd edilməlidir ki, üzləşmə aktı mahiyyət etibarı ilə əqddir və mülki qanunvericilikdə əqdlər üçün nəzərdə tutulmuş bütün məcburi göstərişlər və normativ tələblər üzləşmə aktına da şamil edilir. Mülki qanunvericilikdə əqdlərin etibarlılığı ilə əlaqədar nəzərdə tutulan subyekt, məzmun, sərbəst və həqiqi iradə ifadələrinin bəyanı və onların bir-birinə uyğunluğu kimi əsas tələblər üzləşmə aktının da etibarlı şəkildə bağlanmış hesab edilməsi üçün zəruri tələblərdir. Lakin qeyd edilməlidir ki, üzləşmə aktının digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, həmin aktı imzalayanlar arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin etirafı xarakterində olmasıdır. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli üzləşmə aktının məzmunu ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz hallarından biri kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının əsas borc tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, normada qeyd olunan dörd hərəkət nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 412 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 119894 manat məbləğində əsas və 412 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 120306 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar