Məhkəmə qərarları › İş №e-2-2(121)-537/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-537/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-537/2025 11.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC-nin Cavabdeh MMC–yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc 19454,40 manat, ödənilmiş dövlət rüsumu 149 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 350 manat olmaqla, ümumilikdə, 19953,40 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra: İddiaçı) ilə Cavabdeh MMC (bundan sonra: Cavabdeh) arasında xx.xx.2022-ci il tarixli, ST/302 saylı alqısatqı Müqaviləsi (bundan sonra: Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən, Alıcı tərəflər arasında razılaşdırılmış malları alaraq müvafiq ödənişləri yerinə yetirməlidir. İddiaçı tərəfindən müvafiq mal və məhsullar cavabdehə təqdim olunsa belə, cavabdeh tərəfindən ödəniş tam həcmdə yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.2-ci maddəsinə əsasən, Alıcı 30 gün müddətində aldığı malın dəyərinin tamamını ödəyir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş, 19454,40 manat borc məbləği yaranmışdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bunlara əsasən, qeyd olunmalıdır ki, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və müqavilə şərtlərinə əməl etməmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ST-302 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: -1.1-ci yarımbəndinə əsasən, müqaviləyə əlavə edilmiş, çeşidləri, növləri, ölçüləri Əlavə Razılaşmada göstərilən, siyahı üzrə qida və qeyri-qida məhsullarını “Alıcı” X1 təhvil verməyi, “Alıcı” müqaviləyə əlavə edilmiş 01 saylı protokolda nəzərdə tutulan müddətdə müqavilənin məhsulların deyərini “Satıcı”ya ödənilməsi öhdəliyini öz üzərinə götürür. -1.2-ci yarımbəndinə əsasən, Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. -1.3-cü yarımbəndinə əsasən, Malın qiyməti sabitdir və hər hansı bir dəyişikliyə məruz qala bilməz. -2.1-ci yarımbəndinə əsasən, "Alqı-satqı" müqaviləsi bağlandıqdan sonra “Satıcı” müqavilənin predmetində qeyd edilmiş, müqaviləyə Əlavə Razılaşmada göstərilən malları “Alıcı”ya çatdırmağı öhdəsinə götürür. -3.2-ci yarımbəndinə əsasən, müqavilə üzrə “Alıcı” müqavilənin predmetində və ona əlavə edilmiş 01 saylı protokolda nəzərdə tutulan 30 gün müddətində “Alıcı”nın hesabına bank köçürməsi və ya nağd şəkildə tam ödəməlidir.

10. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ST- 302 nömrəli alqı-satqı müqaviləsinin əsasında tərəflər arasında əlavə razılaşma imzalanmışdır. Həmin razılaşmanın: -2.1.1-ci yarımbəndinə əsasən, xx.xx.2022-ci il tarixli, ST-302 saylı müqavilə üzrə “Alıcı”ya verilən və Əlavə Razılaşmada siyahısı göstərilən malların ümumi məbləği 19454.40 AZN-dən ibarətdir. -2.1.2-ci yarımbəndinə əsasən, “Alıcı” malların dəyərinin 19454.40 AZN olması şərti ilə razılaşır və gələcəkdə malların dəyərinə dair pretenziya verməmək öhdəliyini öz üzərinə götürür. -2.1.3-cü yarımbəndinə əsasən, “Alıcı” xx.xx.2022-ci il tarixli, ST-302 saylı müqavilə üzrə ona təqdim edilmiş malların onun tərəfindən sifariş edilmiş mallarla eyni olmasını təsdiq edir. -2.1.4-cü yarımbəndinə əsasən, “Alıcı” Əlavə Razılaşma üzrə ona təqdim edilmiş malların barkodları üzrə “Satıcı”nın nümayəndələri ilə yoxlayaraq təsdiq edir. -2.1.5-ci yarımbəndinə əsasən, “Alıcı” Əlavə Razılaşmada göstərilən malları barkod üzrə tamlığını yoxladıqdan sonra təhvil alır. Təhvil-Təslim Aktına imza edildikdən sonra alıcı tərifindən Əlavə Razılaşmada göstərilən malların tam şəkildə, malların keyfiyyəti, yararlılıq müddəti, sayı və digər amillər üzrə heç bir pretenziyası olmadan qəbul etdiyini təsdiq edir.

11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli EBCA 718240 nömrəli 19454,4 manat məbləğində, elektron qaimə təqdim olunmuşdur.

12. Eyni zamanda iş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına görə xx.xx.2022-ci il tarixli, ST- 302 nömrəli alqı-satqı barədə müqaviləyə əsasən 19454,4 manat dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

13. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 19454,4 manat borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.

b) Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

-119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

18. Əvvəla məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasında etibarlı şəkildə bağlanmış alqısatqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə əlavə edilmiş, çeşidləri, növləri, ölçüləri Əlavə Razılaşmada göstərilən, siyahı üzrə qida və qeyri-qida məhsullarını “Alıcı” X1 təhvil verməyi, “Alıcı” müqaviləyə əlavə edilmiş 01 saylı protokolda nəzərdə tutulan müddətdə müqavilənin məhsulların deyərini “Satıcı”ya ödənilməsi öhdəliyini öz üzərinə götürür. Belə olan məhkəmə hesab edir ki, halda malların verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, onların dəyərini ödənilməsini sübut etmək isə cavabdehin üzərinə düşür.

19. Eyni zamanda iş materiallarında olan xx.xx.2022-ci il tarixli EBCA 718240 nömrəli elektron qaimə, tərəflər arasında alqı-satqı müqaviləsinin əsasında imzalanmış əlavə razılaşma, həmçinin xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı İddiaçı MMC tərəfindən 19454,4 manat dəyərində malların Cavabdeh MMC-yə təhvil verilməsini təsdiq edir.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 19454,4 manat dəyərində malları alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, qəbul edilmiş malların dəyəri ödənilməmişdir.

21. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 19454,4 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 149 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

24. Məhkəmə, iddiaçının hüquqi yardımla bağlı ödədiyi 350 manat xərci ağlabatan hesab edərək qeyd edir ki, həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 19454,4 manat əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pul vəsaiti və 149 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 19.953,4 (on doqquz min doqquz yüz əlli üç manat, qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar