Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-54/2023 14.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı X3 Cavabdeh qarşı – pul tələbinə dair işə 2-2(121)-1470/2022 saylı işlə birlikdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən yaranmış 5.400 (beş min dörd yüz) manat əsas borcun, dəymiş maddi ziyanın əvəzi (faiz məbləği) 702 (yeddi yüz iki) manat, mənəvi zərərin əvəzi 300 (üç yüz) manat, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumuna görə 75 (yetmiş beş) manat və mediasiya xərcinə görə ödənilmiş 50 manat olmaqla, ümumilikdə isə 6527 (altı min beş yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq X5 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kənd Təsərrüfatı üçün gübrələrin və dərmanların ölkəyə idxalı və satışı ilə məşğul olur. Bunun üçün ona Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 18 aprel 2017-ci il tarixli xüsusi lisenziyada verilib. Gürcüstan Respublikasının “X14 LTD” şirkətinin istehsalı olan “Orqanika” gübrəsinin Azərbaycan Respublikasına idxalı və satışı üçün dövlət qeydiyyatına alınmış, bu barədə Kənd Təsərrüfatı Nazirliyi X8 Xidməti tərəfindən ona 002237 saylı şəhadətnamə verilmişdir. Cavabdeh 22 yanvar 2019-cu il tarixində ondan 5400 (beş min dörd yüz) manat dəyərində “Orqanika” gübrəsi almış, qeyd olunan məbləği iki ay müddətinə qaytaracağına söz vermişdir. Cavabdeh malın satılmasına dair tərtib edilmiş ******* nömrəli qaiməni öz imzası ilə təsdiq etmişdir. Artıq Cavabdeh gübrənin pulunun qaytaracağına söz verdiyi vaxtdan üç ilə yaxın vaxt keçib. Üç ilə yaxın vaxt ərzində cavabdeh qanunsuz və əsassız olaraq 5400 manat pulunu verməyir ki, bunun nəticəsindədə sahibkar kimi ona mənəvi ziyan dəymişdir. Belə ki, ona məxsus “Orqanika” gübrəsinin pulunu qanunsuz və əsassız olaraq üç ilə yaxın müddətə özündə saxladığına görə o sahibkarlıq fəaliyyətimi dayandırmağa məcbur olmuşdur. İki ildir ki, o qanunsuz əməllərini ona qarşı davam etdirmiş və bununlada onun qanunla qorunan hüquqlarını pozmuşdur. Dəfələrlə cavabdehə zəng etsə də o bu əməllərini davam etdirmişdir. Buna görədə məhkəməyə müraciət edmişdir. Məhkəmənin 14 mart 2023-cü il tarixində keçirilən iclasında hazırki işə 2-2(121)- 1470/2022 saylı işlə birlikdə baxılması qərara alınmışdır. Belə ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1689/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddiaçı X3 iddiası qismən təmin edilərək X6 ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən yaranmış 5400 (beş min dörd yüz) manat əsas borc, dəymiş maddi ziyanın əvəzi (faiz məbləği) 702 (yeddi yüz iki) manat, mənəvi zərərin əvəzi 300 (üç yüz) manat və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsi (əvəzi), ümumilikdə isə 6422 (altı min dörd yüz iyirmi iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub (alınıb) X5 ödənilməsi (verilməsi) qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1032/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərardadı ilə, cavabdeh X7 apellyasiya şikayəti qismən təmin edilərək Sabirabad Rayon Məhkəməsinin 2(056)-1689/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv olunması və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1470/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı X3 Cavabdeh qarşı pulun qaytarılması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil hazırki iş üzrə xx.xx.2023-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinə ünvanladığı etirazda qeyd etmişdir ki, cavabdeh Məlikov X9 rayonu, Qaratəpə kənd yolunda yerləşən kənd təsərüffatı mağazasında satıcı kimi işləmiş və əmək haqqı olaraq 300 (üç yüz) manat pul almışdır. Hal-hazırda həmin mağazada işləmir. Günlərin bir günü yoldan keçən maşının mühərriki nasaz vəziyyətdə işə salınmadığı üçün onun işlədiyi mağazanın yanında saxlamış və həmin avtomobildən düşən Çingiz adlı bir nəfər şəxs mağazaya gələrək cavabdehin müdirindən xahiş etmişdir ki, bır müddət üçün malın, yəni gübrənin onun satıcı olduğu mağazada saxlanması üçün köməklik göstərsin və 10-15 gün müddətində həmin malı yük maşını ilə gəlib götürəcəkdir. Müdirinin göstərişi ilə cavabdeh isə satıcı olaraq heç bir söz demədən həmin şəxsin malını mağazaya yığmalarına etiraz etməmişdir. Lakin, iddiaçı malı dediyi vaxtda gəlib aparmadığından dəfələrlə bildirmişlər ki, gəlib malı aparsınlar. Hər dəfə onlar bir bəhanə gətirərək gəlib malı aparacaqlarını bildirsələrdə bu günə kimi də həmin mal mağazada qalmaqdadır. Əlavə olaraq bildirirəm ki, iddiaçı X6 ilə Cavabdeh arasında hər hansı bir müqavilə olmamışdır. Cavabdeh heç iddiaçını da tanımır. Belə ki, cavabdehin adından tərtib edilmiş qaimə iddianın tələbi üçün sənəd sayılmır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmadığından cavabdehin hər hansı bir öhdəliyi də yaranmır. Göründüyü kimi cavabdeh ilə iddiaçı arasında müqavilə olmadığından və əvvələr də bu dərmanların satışında yaxından iştirak etmədiyindən bu hal absurddur. Qeyd edim ki, bizdə olan məlumata görə iddiaçı barəsində yararsız gübrələrin satışı ilə məşğul olduğundan müvafiq orqanlarda onun barəsində araşdırma aparılmışdır. Əlavə olaraq bildirirəm ki, Gürcüstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinə ünvanladığı məktubda da həmin dərmanların Azərbaycan Respublikasında satışı qadağan olunmuş dərmanlardır. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək etirazda qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturanın əslindən görünür ki, X6 tərəfindən Cavabdeh 720 ədəd, hər birinin qiyməti 7,50 manat cəmi 5.400 manat dəyərində orqanika gübrəsi verilmiş, Cavabdeh həmin malları alması təhvil alması barədə qaimədə imza etmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixində sahibkarlıq fəaliyyətinin istiqaməti “qum və çinqılın pərakəndə satışı”, fəaliyyət obyekti isə “təsərrüfat malları mağazası” kimi vergi orqanından qeydiyyatdan keçmiş və ona ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2022-ci il, MŞS\1\00092 saylı arayışdan görünür ki, X6 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya dair xərci ödəmişdir. İş materiallarında olan “Dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, X6 tərəfindən 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin 24 yanvar 2023-cü il tarixində keçirilən iclasında şahid qismində dindirilmiş X10 ifadəsində iddiaçı X1 həyat yoldaşı olduğunu, 2019-cu ilin yanvar ayında Saatlı rayonuna gedən yolun kənarında yerləşən Cavabdeh mağazasına gedərək cavabdehə gübrəni qaimə faktura əsasında onun verdiyini bildirmişdir. Sonradan Cavabdeh ona malların dəyərini 10-15 günə qaytaracağını bildirmişdir. Bir müddət sonra ondan malları tələb etsə də o, malların olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində Cavabdeh onun kənd təsərrüfatı malları mağazasında aylıq əmək haqqısı 300 manat olmaqla satıcı işlədiyini, vergi orqanlarında həmin mağazanın sahibi kimi Cavabdeh qeydiyyatdan keçərək VÖEN aldığını bildirmişdir. 2019-cu ilin yanvar ayında gübrəni mağazada müvəqqəti saxlamaq üçün Cavabdeh razılıq verdiyini qeyd etdi. Lakin, sonradan ona məlum olmuşdur ki, Cavabdeh malları təhvil alarkən qaimə fakturanı da imzalamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 ilə Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı 5.400 manat dəyərində gübrə məhsullarını cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən şifahi müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, iddiaçıya şifahi müqavilə üzrə cəmi 5.400 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə, sadalanan xüsusatlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh qeyd olunan şifahi razılaşma əsasında nisyə mal almasına dair hüququndan istifadə etsə də, həmin malların dəyərini cavabdehə ödəməmişdir. Bundan əlavə, Sabirabad Rayon Məhkəməsinin icraatında olmuş 2(056)1689/2021 saylı iş üzrə keçirilən 30 noyabr 2021-ci il tarixli məhkəmə iclasında həmin iş üzrə cavabdeh olan Cavabdeh izahatında Mirağa adlı şəxsə məxsus olan mağazanı icarə əsasında işlətdiyini, sözügedən gübrəni nisyə qaydada satılması üçün qəbul edib qaiməni imzaladığını, lakin gübrə satılmadığı üçün geri qaytarmaq qərarına gəldiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia borcun ödənilməsi hissəsində təmin edilərək, 5.400 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “dəymiş maddi ziyanın əvəzi olaraq 702 manatın ödənilməsi”na dair hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 300 manatın ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, mənəvi ziyanla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən fiziki və mənəvi sarsıntıların keçirilməsini, cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının iddia etdiyi mənəvi ziyan arasında səbəbli əlaqənin olmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və ona cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun “mənəvi ziyan dəyməsinə dair” tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddiaçının iddiası bu hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipini rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə, eyni zamanda cavabdehin nümayəndəsi və vəkilinin iddiaya dair etirazında qeyd etdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili Cavabdeh Sabirabad rayonu, Qaratəpə kənd yolunda yerləşən kənd təsərüffatı mağazasında satıcı kimi işlədiyini və əmək haqqı olaraq 300 (üç yüz) manat pul aldığını qeyd etsə də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan sənədlərlə və cavabdehin Sabirabad Rayon Məhkəməsinin icraatında olmuş 2(056)1689/2021 saylı iş üzrə keçirilən 30 noyabr 2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahatlarla da müəyyən olunur ki, cavabdeh fəaliyyət istiqaməti “qum və çinqılın pərakəndə satışı”, fəaliyyət obyekti isə “təsərrüfat malları mağazası” kimi vergi orqanından qeydiyyatdan keçmiş fərdi sahibkar statusuna malik fiziki şəxsdir və həmin mağazanı icarə əsasında işlədib. Bundan başqa, eitrazın tərəflər arasında yazılı alqı-satqı müqaviləsinin olmadığına dair hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da alqı-satqı müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi şifahi formada da bağlana bilər. Cavabdehin iddiaya dair etirazlarından biri də gübrənin keyfiyyətsiz olması ilə bağlıdır. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdehin nümayəndəsinin izahatına əsasən gübrə yalnız saxlama üçün cavabdehə verilmişdir. Belə olduğu təqdirdə sonradan həmin gübrənin keyfiyyəti ilə bağlı araşdırmanın aparılması da məhkəmə tərəfindən anlaşılan deyildir. Həmçinin, məhkəmə bildirir ki, cavabdeh iddiaçıdan 22 yanvar 2019-cu il ərzində 5.400 manat dəyərində olan gübrə alsa da həmin gübrənin keyfiyyətsiz olması barədə qanunla müəyyən edilmiş müddətdə iddiaçıya qarşı hər hansı etirazı və ya iddiası olmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Eyni zamanda, məhkəmə cavabdehin etirazında qeyd etdiyi digər dəlilə də münasibət bildirərək qeyd edir ki, cavabdeh aldığı gübrəni geri qaytarmaq istədiyini bildirsə də iş materiallarından cavabdeh tərəfindən həmin malların iddiaçıya geri qaytarılması ilə bağlı görülən tədbirləri təsdiq edən sənədlər müəyyən olunmur. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin nümayəndəsi və vəkilinin iddiaya dair etirazı əsassızdır. Məhkəmə, iddia tələbinin “75 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunverciliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, cavabdehdən 63 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin iddianın 50 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5.400 manat əsas borc, 63 manat dövlət rüsumu və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat olmaqla, ümumilikdə 5.513 (beş min beş yüz on üç) manat məbləğində pul tutularaq iddiaçı X5 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-54/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-54/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver