Məhkəmə qərarları › İş №e-2-2(121)-543/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-543/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-543/2022 07.04.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, iddiaçı "xxxx" Şirkətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı – pul tələbi üzrə kiçik iddiaya dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasnda sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Şirkəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 2719.99 AZN əsas borc məbləğini və ödənilmiş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat, ümumilikdə 2.779.99 manat məbləğində vəsaitin tutulub "xxxx" Şirkətinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkəti (VÖEN: **********) ilə "xxxx" ASC arasında (VÖEN: **********) arasında 72/20 saylı, 13 iyul 2020-ci il tarixli Alqı-Satqı Müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” ("xxxx" Şirkəti) “Alıcı”ya ("xxxx" ASC) X1 göstərilən Malları bu müqavilənin şərtlərinə əsasən satır. “Alıcı” isə həmin Malları alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Həmin müqavilənin 4.2-ci bəndində qeyd edilir ki, Müqavilə üzrə ödənişlər hesabfaktura Alıcıya təqdim edildikdən sonra-5 (beş) təqvim gümü ərzində ödəniş formasında “Satıcı”nın bu müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 5.2.-ci maddəsinə əsasən bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi hallarında təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və ya mənəvi zərərə görə məsuliyyət daşıyır. Müqavilə üzrə öhdəliklər üçün icra müddəti pozulmuşdur və “Alıcı” (“A.S.M. Şirkəti”) tərəfindən hələ də icra edilməmişdir. Satıcı tərəfindən mallar “Alıcı”nın mülkiyyətinə verilmiş, lakin müqavilə üzrə nəzərdə tutulan malların dəyəri hələ də ödənilməmişdir. Şirkətə olan borc 2719.99 AZN əsas borc məbləğindədir. Alqı-Satqı Müqaviləsinə uyğun olaraq öhdəlikləri pozan tərəfə “Alıcı”ya 26 noyabr 2021-ci il tarixli bildiriş göndərilmişdir, lakin heç bir irəliləyiş olmamışdır. İddiaçı "xxxx" Şirkəti tərəfindən Mediasiya Şurasına elektron formada müraciət edilmişdir və İmişli rayonunda fəaliyyət göstərən mediator Elvin Abasov təyin edilmişdir. Mediasiya prosesi 16 fevral 2022-ci il tarixində İmişli rayonunda keçirilmişdir və mediator tərəfində mediasiya arayışı verilmişdir. Borc ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə iddia ərizəsinə dair etiraz təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Şirkəti (satıcı) ilə "xxxx" ASC (alıcı) arasında bağlanılmış 13.07.2020-ci il tarixli, 72/20 saylı alqı-satqı müqaviləsinə əsasən, bu müqavilə üzrə “Satıcı” “Alıcı”ya X1 göstərilən “Malları” bu müqavilənin şərtlərinə əsasən satır, “Alıc”ı isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öz öhdəsinə götürmüşlər. İş materiallarında olan EBAV seriyalı, 752458 saylı, 05.01.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, 05.01.2021-ci il tarixli, 03a saylı təhvil-təslim aktında göstərilən 2.719,99 manat məbləğində mallar "xxxx" Şirkəti tərəfindən "xxxx" ASC-yə təqdim edilmişdir. İş materiallarında olan 05.01.2021-ci il tarixli, 03a saylı təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" Şirkəti (satıcı) ümumi məbləği 2.719,99 manat olmaqla 6 ədəd – vahidinin dəyəri 384,18 manat və ümumi ƏDV dəyəri 414,91 manat olan “Avtoşin 315/80 R22.5 L355” adlı malları "xxxx" ASC-yə (alıcıya) təhvil vermişdir. Təhvil-təslim aktı "xxxx" Şirkətinin və "xxxx" ASC-nin direktorları tərəfindən imza və möhür ilə təsdiq edilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Şirkəti cavabdeh "xxxx" ASC-yə məktub ünvanlayaraq, tərəflər arasında bağlanmış 13.07.2020-ci il tarixli, 72/20 saylı alqı-satqı müqaviləsinə əsasən 2.719,99 manat borcunun olduğunu bildirmiş, həmin borcun 5 gün ərzində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 fevral 2022-ci il tarixli, 2022-1395 saylı arayışın surətindən görünür ki, "xxxx" Şirkəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə "xxxx" ASC-yə malları təhvil verməsi, sonuncunun isə həmin mallara dair borcunun olması işin mübahisəsiz halını təşkil edir. Belə ki, tərəflər arasında 13.07.2020-ci il tarixli, 72/20 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mallar verilsə də, cavadeh müqavilə üzrə öhdəliyə tam əməl etməmişdir. İddiaçı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 13.07.2020-ci il tarixli, 72/20 saylı alqı-satqı müqaviləsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 13.07.2020-ci il tarixli, 72/20 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin 2.779,99 manat məbləğində borcunun olması iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan mediasiya xərci cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2.719,99 (iki min yeddi yüz on doqquz manat, doxsan doqquz qəpik) manat borc və 60 (altmış) manat mediasiya xərci olmaqla, ümumilikdə 2.779,99 (iki min yeddi yüz yetmiş doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar