Məhkəmə qərarları › İş №e-2-2(121)-545/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-545/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-545/2022 17.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı Cavabdeh qarşı İddiaçı MMC-nin istehsal etdiyi malları alaraq ödəmədiyi 590,45 manat, cərimə məbləği 395,18 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş rüsum 40 manat olmaqla ümumilikdə 1025,63 manat məbləğdə pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-nin istehsal etdiyi malları alaraq ödəmədiyi 590,45 manat, cərimə məbləği 395,18 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş rüsum 40 manat olmaqla ümumilikdə 1025,63 manat məbləğdə pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, 07 sentyabr 2019-cu il tarixli, 2715/**********-R/19 saylı alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı MMC (Satıcı) istehsal etdiyi süd və süd məhsullarını fərdi sahibkar Cavabdeh (Alıcıya) satmağı, Alıcı isə öz növbəsində həmin malları qəbul etməyi və bu Müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərinə götürmüşlər. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh müəssisədən aldığı süd və süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 590,45 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin Müqavilənin 3.3. bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 14 gün ərzində həyata keçirilməlidir. Malın alıcıya (cavabdehə) təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq borcun ödənilməsi ilə əlaqədar edilən danışıqlar və səylər nəticə verməmişdir. Həmin Müqavilənin 8.1. bəndinə əsasən - tərəflər arasında bu Müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunur. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. Məsələni həll etmək məqsədilə dəfələrlə həmin borcun ödənilməsi ilə əlaqədar cavabdehə cəriməsiz olaraq borcun ödənişlərini həyəta keçirilməsi barədə şifahi və yazılı xəbərdarlıqlar edilsə də (yazılı xəbərdarlıq (Pretenziya) 18.11.2021-ci il tarixində təqdim edilmişdir), cavabdeh borcunu bu günə kimi ödəməmişdir. Həmin Müqavilənin 5.2. bəndinə əsasən - alıcı bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% məbləğində cərimə nəzərdə tutulmuşdur ki, 01 fevral 2022-ci il tarixinə həmin cərimə məbləği 395,18 manat təşkil edir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa uyğun olaraq Cavabdeh mediasiya sessiyasına dəvət edilsə də sessiyada iştirak etməmişdir. Mediasiya sessiyasına görə 40 manat ödəniş edilmişdir. Beləliklə, cavabdehin ümumi borcu 1025,63 manat təşkil edir. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 07 sentyabr 2019-cu il tarixli, 2715/**********-R/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci yarımbəndinə əsasən, satıcı bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında özünün istehsal etdiyi məhsulları alıcıya satmağı, alıcı isə həmin malları qəbul etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci yarımbəndinə əsasən, bu müqavilə üzrə satılan malların adları, miqdarı, çeşidi və qiymətləri əvvəlcədən satıcı ilə razılaşdırılır və tərəflərin təsdiq etdiyi qaimə-fakturalarda öz əksini tapır. Həmin müqavilənin 3.1-ci yarımbəndinə əsasən, müqavilənin ümumi dəyərini elektron qaimələrin cəmi təşkil edir. Həmin müqavilənin 3.2-cü yarımbəndinə əsasən, satıcı alıcıya elekron qaimə təqdim edir. Həmin müqavilənin 3.3-cü yarımbəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 14 gün ərzində həyata keçirilməlidir. İşdə olan 12.02.2020-ci il tarixli (EBAG seriyalı, 297096 nömrəli), 27.02.2020-ci il tarixli (EBAG seriyalı, 935013 nömrəli), 28.03.2020-ci il tarixli (EBAİ seriyalı, 134404 nömrəli), 19.04.2020-ci il tarixli (EBAİ seriyalı, 592988 nömrəli), elektron qaimələrdən görünür ki, İddiaçı MMC 12.02.2020-ci il tarixdə 271,51 manat, 27.02.2020-ci il tarixdə 160,44 manat, 28.03.2020-ci il tarixdə 5,76 manat, 09.04.2020-ci il tarixdə 343,78 manat dəyərində İddiaçı MMC alıcı Cavabdeh “malların, işlərin və xidmətlərin təqdim edilməsi” haqqında elektron qaimələr göndərmişdir. İşdə olan 01.02.2022-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, İddiaçı MMC şirkəti 07.09.2019-cu ildən № 2715/**********-R/l 9 saylı alqı-satqı müqaviləsinə əsasən fiziki şəxs Cavabdeh süd məhsulları təhciz etmişdir. 07.11.2019-cu ildən bu günədək müqavilə üzrə İddiaçı MMC tərəfindən fiziki şəxs Cavabdeh EQF-lər əsasında 1627.38 manat (ƏDV daxil) dəyərində süd məhsulları təhciz edilmişdir (qaytarma qaimələri çıxılmaqla net məbləğ). Eyni dövr ərzində fiziki şəxs Cavabdeh İddiaçı MMC -nin xəzinəsinə kassa mədaxil çekləri əsasında ƏDV daxil 1036.93 manat ödəniş etmişdir. Nəticədə 01.02.2022-ci il tarixinə fiziki şəxs Cavabdeh İddiaçı MMC-yə EQF-lər üzrə 590,45 manat və gecikməyə görə hesablanmış cərimələr üzrə 395,18 manat, cəmi 985,63 manat (ƏDV daxil) debitor borcu yaranmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı 1585 saylı, 18.11.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 07 sentyabr 2019-cu il tarixli, 2715/**********-R/19 saylı alqı-satqı müqaviləsinə əsasən 590,45 manat borcu yaranmışdır. Müqavilənin 5.2. bəndinə müvafiq olaraq ödəniş müəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,1% məbləğində cərimə nəzərdə tutulmuşdur. Odur ki, Müqavilənin 8.1 bəndinə müvafiq olaraq cavabdehə sonuncu dəfə müraciət edilərək, 590,45 mnat məbləğində borcunun bu pretenziyanı aldığı tarixdən 5 iş günü ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 yanvar 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında süd məhsullarına dair alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Cavabdeh malları təhvil alsa da malların dəyərini ödəməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, elektron qaimə fakturalar ilə cavabdehin iddiaçıya ümumilikdə 590,45 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə iddianın 395,18 manat penya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır və təmin edilməlidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2019-cu il tarixli, 2715/**********-R/19 saylı alqı-satqı müqaviləsinin 5.2-ci yarımbəndinə əsasən, alıcı hazırki müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödəniş etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1%-i həcmində cərimə tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər Məhkəmə həmçinin iddianın 40 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 590,45 manat əsas borc, 395,18 manat cərimə, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 40 manat olmaqla, ümumilikdə 1025,63 manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar