Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-546/2022 30.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlizadə Aynur Zaur qızının katibliyi, ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı - 06.04.2015-ci il tarixli, 640-L/15 nömrəli müqavilə üzrə 39970 manat gecikdirilmiş əsas, 45006,56 manat cərimə borcu, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi: 85526,56 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.04.2015-ci il tarixli, 640-L/15 nömrəli müqavilə üzrə 39970 manat gecikdirilmiş əsas, 45006,56 manat cərimə borcu, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi: 85526,56 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 06.04.2015-ci il tarixli, 640-L/15 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 24.08.2021-ci il tarixə 06.04.2015-ci il tarixli, 640-L/15 nömrəli müqavilə üzrə 39970 (otuz doqquz min doqquz yetmiş) manat gecikdirilmiş əsas borc və 45006.56 (qırx beş min altı manat, əlli altı qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil Siyasət oğlu məhkəməyə məlumat verərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Lakin Cavabdeh isə məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunan Neftçala Rayon Məhkəməsinin 10.05.2018-ci il tarixli 2(053)-227/2018 nömrəli qətnaməsindən görünür ki, "xxxx" ASC-nin Cavabdeh Malik oğluna qarşı müqavilənin ləğvi, texnikanın saz vəziyyətdə geri qaytarılması və pul tələbinə dair iddia tələbi qismən təmin edilərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 06 aprel 2015-ci il tarixli, 640-L/15 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh lizinqə verilmiş kənd təsərrüfatı texnikası olan 1 ədəd Niva SK-5ME-1 markalı kombayn saz vəziyyətdə geri alınaraq iddiaçı "xxxx" ASC-ə verilməsi, Cavabdeh 19.439 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 19.519 (on doqquz min beş yüz on doqquz) manat alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə bütün yuxarıda qeyd olunanlardan əlavə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 may 2020-ci Qərarında qeyd olunmuşdur ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2016-cı il 12 iyul tarixli Qərarı). Həmçinin o da nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin iddia predmetinin dəqiq göstərilməsinə dair tələbi prosessual qənaət prinsipini qorumağa yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Məhkəmə yuxarıda qeyd olunanlara əsasən qeyd edir ki, hazırki iddia tələbi zahirən Neftçala Rayon Məhkəməsində irəli sürülmüş tələbdən fərqli görünsə də, mahiyyəti etibarı ilə eyni müqaviləyə istinadən irəli sürülmüşdür. İddiaçının tələbinin əsasını təşkil edən müqavilənin müqəddəratı isə Neftçala Rayon Məhkəməsinin qətnaməsi ilə həll edilmiş, həmin müqavilə ləğv edilmişdir. Göründüyü kimi tələbin əsasını təşkil edən müqavilə artıq qüvvədə olmadığı üçün, axır nəticədə həll olunmuş məsələ ilə bağlı yenidən iddianın irəli sürülməsi yolverilməzdir. MPM-nin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-nin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. MPM-nin 170.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı - 06.04.2015-ci il tarixli, 640-L/15 nömrəli müqavilə üzrə 39970 manat gecikdirilmiş əsas, 45006,56 manat cərimə borcu, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi: 85526,56 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-546/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-546/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver