Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-547/2025 13.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən müqavilə üzrə 11889,68 manat əsas borc, 1426 manat dəbbə pulunun və 130 manat dövlət rüsumunun ümumilikdə 13445,68 manatın İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024 - cü il tarixli, 0158-H/24 saylı alqı-satqı müqaviləsi imzalanmışdir. Həmin müqavilənin 1.1 – ci bəndinə əsasən, satıcı bu müqavilənin şərtlərinə və alıcının sifarişinə uyğun olaraq mal və xidmətlərin təchiz edilməsini, alıcı isə təchiz edilmiş malların və xidmətlərin haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024 – cü il tarixli, MT2408 saylı elektron qaimə faktura əsasında İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil11889,68 manat dəyərində elektrik malları satılmışdır. Müqavilənin 2.2 – ci bəndinə görə, Alıcı Sifariş-Təklif qaydasında (və ya X2 əsasında) müəyyən edilən pul məbləğini X1 qeyd edilən tarixdə ödəmək şərti ilə Satıcının profilinə uyğun olan hər cür mal və ya professional xidmətin təchizedilməsini tələb edə bilər. Bildirilir ki İddiaçı müqavilə şərtlərinə uyğun olaraq qaimə faktura üzrə qeyd edilmiş malları təhvil verməsindən 4 aya yaxın zaman keçməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hər hansı bir ödəniş həyata keçirməmiş və şirkət olaraq üzərinə düşən öhdəliyi icra etməkdən açıqcasına boyun qaçırmaqdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-cimaddəsinə əsasən, öhdəliyə əsəsən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətietməlidir, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafi haqqında mücərrəd muqavilənin) yalniz о halda qüvvəsi vardir ki, borc öhdəliyi yazılı şəkildə və mövcudlugu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudlugu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa,etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəlləsinin 442 – ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müqavilənin 8.3- cü bəndinə görə, alıcı bu müqavilə ilə müəyyən edilmiş vatda satıcı tərəfindən mal təhvil verildikdən sonra malın dəyərini ödəmədikdə satıcı alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0,1%-i həddində dəbbə pulu ödəməlidir. Nəzərə alınsa ki, cavabdehlə bağlanılmış xx.xx.2021 - ci il tarixli malların alqı satqı müqaviləsinə malların dəyərini hesab faktura əsasında mal təslim edildikdən sonra ən geci 30 (otuz) gün ərzində satıcının bank hesabına ödəməli olduğu halda sonuncu xx.xx.2024 -cü il tarixdə malların alınması tarixindən bu günə olan 11889,68 manat borcu 3 aya yaxın vaxt keçməsinə baxmayaraq ödəməmişdir. Belə olan halda hesab edilir ki, müqavilə tələbləri qaydasında cavabdehdən əsas borc məbləğindən əlavə 120 gün gecikmə nəticəsində 1426 manat cərimə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, cavabdeh boc öhdəliyini bu günə kimi icra etməmiş, sadəcə işin baxılma müddətini uzatmışdır. Odur ki, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Müəssisəsi nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
7. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə: a) İş materialları və sübutların tədqiqi:
10. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 0158-H/24 nömrəli alqı-satqı müqaviləsinin: -1.1-ci yarımbəndinə əsasən, “Satıcı” bu Müqavilənin şərtlərinə və “Alıcı”nın sifarişinə uyğun olaraq mal və xidmətlərin təchiz edilməsini, “Alıcı” isə 2-ci maddədə nəzərdə tutulmuş şərtlərlə təchiz edilən malların və xidmətin haqqını ödəməyi öz öhdəsinə götürür. -2.2-ci yarımbəndinə əsasən, “Alıcı” Sifariş-Təklif qaydasında (və ya X2 əsasında) müəyyən edilən pul məbləğini X1 qeyd edilən tarixdə ödəmək şərti ilə “Satıcı”nın profilinə uyğun olan hər cür mal və ya professional xidmətin təchiz edilməsini tələb edə bilər. -2.4-cü yarımbəndinə əsasən, “Alıcı” X1 təklif olunan malların qiymətini və təslim müddətini qəbul etdikdə onu rəsmi qaydada təsdiqləyərək (imzalayıb, möhürləyərək) “Satıcı”ya qaytarır və bu şəkildə tərtib olunan X2 müqavilənin ayrılmaz tərkib hissəsidir. -8.3-cü yarımbəndinə əsasən, “Alıcı” bu Müqavilə ilə müəyyən edilmiş vaxtda, “Satıcı” tərəfindən mal təhvil verdikdən sonra malın dəyərini tam ödəmədikdə, “Satıcı” “Alıcı”dan hər gecikdirilən gün üçün bu Müqavilənin ümumi məbləğinin 0.1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər.
11. İş materiallarında olan MT2408 10102066 nömrəli xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 11889,68 manat məbləğində elektrik malları təqdim edilmişdir.
12. İş materiallarında olan İddiaçı və Cavabdeh MMC tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli “X3”undan və 1027 saylı, xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC iddiaçı Hilal LTD” Müəssisəsinə əsas məbləğdən 10076 manat borc, ƏDV məbləğindən isə 1813,68 manat olmaqla, cəmi 11889,68 manat məbləğində borcu vardır.
13. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 24 oktyabr 2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.
14. ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 130 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi İddiaçı həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, Cavabdeh MMC-nin sifarişinə uyğun olaraq mal və xidmətlərin təchiz edilməsini, Cavabdeh MMC isə təchiz edilmiş malların və xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür.
20. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
21. Belə ki, iş materiallarında olan elektron qaimə və qiymətin razılaşdırılması protokolu cavabdeh "xxxx" MMC-nin İddiaçınə 11889,68 manat məbləğində borcunun olduğunu təsdiq edir.
22. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsas borca münasibətdə təmin edilməli, cavabdehdən 11889,68 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
23. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən, cavabdeh müqavilədə göstərilən müddətdə malın dəyərinin tam ödənilməsi gecikdirildikdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh MMC tərəfindən öhdəlik götürdüyü müddətdə ödənişin gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.
24. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır
25. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 1426 manat məbləğində cərimənin tutulması hissəsində mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
Məhkəmə xərcləri:
26. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 127,17 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, qalan 2,83 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
Nəticə
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 11889,68 manat məbləğində əsas borc, 500 manat cərimə olmaqla, cəmi 12389,68 (on iki min üç yüz səksən doqquz manat, altmış səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 127,17 (bir yüz iyirmi yeddi manat, on yeddi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 2,83 (iki manat, səksən üç qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev