Məhkəmə qərarları › İş №e-2-2(121)-549/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-549/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-549/2025 01.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 14.744,10 manat məbləğində vaxtı keçmiş əsas borc və 11.058,08 manat məbləğində cərimə olmaqla, ümumilikdə 25.802,18 manat borc məbləğinin, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 168,40 manat pulun tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli SHB-S/009/2023 nömrəli Alqı-satqı müqaviləsinə (bundan sonra - Müqavilə) əsasən X4 satmağı, Alıcı isə Malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə və Müqavilənin 1-3 nömrəli Əlavələrinə (Qiymətlərin razılaşma protokollarına) uyğun olaraq,Cavabdeh MMC tərəfindən ümumi məbləği ƏDV daxil 50.886,91 (əlli min səkkiz yüz səksən altı manat doxsan bir qəpik) manat olan Mallar əldə edilmiş və bu barədə Tərəflər arasında xx.xx.2024-cü il tarixində üzləşmə aktı imzalanmışdır. Müqavilənin Əlavələrinin 2-ci bəndinə əsasən Malların dəyəri Mallar təqdim edildikdən 30 (otuz) təqvim günü ərzində Alıcı tərəfindən Satıcıya ödənilməli idi. Cavabdeh MMCtərəfindən Malların dəyərindən ƏDV daxil 36.142,81 manat məbləğində ödəniş edilmiş, yerdə qalan ƏDV daxil 14.744,10 manat borc məbləği isə ödənilməmişdir. Bunula əlaqədar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nəxx.xx.2024cü il tarixli SMBX-02/63-24 nömrəli pretenziya məktubu ünvanlanmışdır. Əfsuslar olsun pretenziya məktubu ünvanlandıqdan sonra da borc öhdəliyi ödənilməmişdir. Müqavilənin 6.1.2-ci bəndinə əsasəs Satıcının ödəniş şərtlərinin əməl olunmadığı halda hər bir gecikdirilmiş günə görə 0.5% həcmində cərimə və bundan yarana biləcək administrativ xərcləri Alıcıdan tətbiq və tələb etmək hüququ, Alıcının isə sözügedən cərimə və administrativ xərcləri ödəmək öhdəliyi təsbiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı MMC tərəfindən ilə Cavabdeh MMC-nətəkrarən xx.xx.2024-cü il tarixli SMBX02/112-24 nömrəli pretenziya məktubu ünvanlanaraq İddiaçı MMCqarşısında mövcud olan 14.744,10 (on dörd min yeddi yüz qırx dörd manat on qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc və 11.058,08 (on bir min əlli səkkiz manat səkkiz qəpik) manat məbləğində cərimə olamaqla, ümumilikdə 25.802,18 borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb edilmişdir. İddiaçı MMC məsələnin məhkəməyə qədər həll olunması üçün bütün səyləri göstərsə də, əfsuslar olsun ki, Cavabdeh MMC heç bir ödəniş etməyərək, Müqavilə və Müqavilənin 1-3 nömrəli Əlavələrinə (Qiymətlərin razılaşma protokollarına) ilə üzərinə götürdüyü öhdəlikləri köbud surətdə pozaraq, yaranmış borc məbləğini artıq 8 aydır ki, ödəməkdən imtina edir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiqi olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SHB-S/009/2023 nömrəli alğı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Hazırki müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə Mal adlandırılacaq mişar daşını Alıcıya satır, Alıcı isə Malı alır və dəyərini ödəyir. 31-ci bəndinə əsasən, Mal və Qiymətlər, o cümlədən ödəniş şərtləri Müqaviləyə edilən əalvələrdə göstəriləcəkdir. 5.1-ci bəndinə əsasən, Hazırki müqavilə imzalandığı tarixdə qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək qüvvədə olur. İş materiallarında olan “İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli SHB-S/009/2023 nömrəli alqı-satqı müqaviləsinə əlavə olaraq, tərəflər arasında xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli “qarşılıqlı hesablaşmalar üzrə üzləşdirmə aktı”na əsasən, tərəflər həmin aktı imzalamaqla Cavabdeh aktın imzalandığı tarixə olan borcunun 14744,10 manat təşkil etdiyini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan iddiaçının Cavabdehnə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 14744,10 manat məbləğində vaxtı keçmiş əsas borc və 11058,08 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 25802,18 manat borcun 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, iş materiallarına əsasən müəyyən edilən işin faktiki halları belədir ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda və qiymətə ayrı-ayrı partiyalarla cavabdehə təhvil vermək, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul məbləğini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malı cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-ci paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulan alqı-satqı müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi, təhvil veriliş malların ümumi dəyərinin 50886,91 (ƏDV daxil) manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 14744,10 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin aığı-satqı müqaviləsi üzrə öhdəliyini icra etməyərək aldığı malların dəyərini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, qarşılıqlı hesablaşmalar üzrə üzləşdirmə aktına və borcun ödənilməsinə dair cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh iddianın tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, işdə olan tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış “qarşılıqlı hesablaşmalar üzrə üzləşdirmə aktı” ilə Cavabdeh aktın imzalandığı tarixə iddiaçıya 14744,10 manat qalıq borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 14744,10 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməməsi öz təsdiqini tapır. Beləliklə məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair aktları, üzləşmə aktını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların ödənilməmiş hissəsinin qiymətini təşkil edən 14744,10 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 14744,10 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddia tələbinin əsassızlığına dair mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 14744,10 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğısatqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə iddiaçıya dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən aldığı malların dəyərinin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun iddiaçının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələb olunan 11058,08 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 1000 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun təmin edilmiş iddianın qiymətinə uyğun hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir, artıq ödənilmiş hissəsi isə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehndən xx.xx.2023-cü il tarixli, SHB-S/009/2023 nömrəli müqavilə üzrə 14744,10 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə və ödənilmiş 137,23 manat dövlət rüsumu məbləği olmaqla, ümumilikdə 15881,33 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 31,17 manat məbləğində dövlət rüsumu məbləği iddiaçıya geri qaytarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar