Məhkəmə qərarları › İş №e-2-2(121)-556/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-556/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-556/2021 30.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Əzizova Aynur Zaur qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Kreditor İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, 2.000 manat borcun və 20 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq ona ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə borclu Cavabdeh arasında bağlanmış 21.05.2019-cu il tarixli, 05/00024130 nömrəli operativ lizinq müqaviləsinə əsasən, 1 ədəd CLAAS Dominator-130 markalı 15611690 şassi nömrəli, U960549Y mühərrik nömrəli taxılyığan kombaynı müvafiq olaraq 2019-cu il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. İddiaçı ASC ilə borclu arasında bağlanmış 05/00024130 nömrəli müqaviləyə əsasən 6.000 manat öhdəlikdən 4.000 manat ödəniş edərək 2.000 manat borcu qalmışdır. Lakin, borclu vaxtında iddiaçıya olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan Kommersiya Məhkəməsinin 18.03.2021-ci il tarixli, e-2-2(121)-556/2021 saylı məhkəmə əmri ilə ərizə təmin edilərək, borclu Cavabdeh CLAAS Dominator-130 markalı 15611690 şassi nömrəli, U960549Y mühərrik nömrəli taxılyığan kombayna görə 2.000 manat məbləğində ödənilməmiş borc və 20 manat dövlət rüsumu, cəmi 2.020 manat pul vəsaiti tutularaq kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh məhkəməyə etriazla müraciət edərək, məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 03.08.2021-ci il tarixli, e-2-2(121)-556/2021 saylı qərardadı ilə kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu Cavabdeh qarşı 2.000 manat borcun və 20 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin 18.03.2021-ci il tarixli, e-2-2(121)-556/2021 saylı məhkəmə əmrinin ləğv edilməsi, materiallar iddia icraatına keçirilməsi, ərizədə göstərilən kreditor və borclu müvafiq olaraq iddiaçı və cavabdeh hesab edilməsi, işin məhkəmədə baxılmağa hazırlanması 17.08.2021-ci il tarixə saat 15:00-a təyin edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmədə iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.05.2019-cu il tarixli, 05/00024130 saylı kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin surətindən görünür ki, "xxxx" ASC (İstifadəyə verən) ilə Cavabdeh oğlu (İstifadəçi) arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən lizinq verən ümumi məbləği 6.000 manat olan kənd təsərrüfatı texnikasını tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə istifadəçiyə verilməsini təmin edilməsini, lizinq alan aylıq ödəniş məbləğini bu müqavilənin 1.1-ci bəndindəki şərtə və müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 21.05.2019-cu il tarixli aktın surətindən görünür ki, taxılyığan kombayn "xxxx" ASC tərəfindən Cavabdeh təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İşdə olan 14.08.2019-cu il tarixli aktın surətindən görünür ki, taxılyığan kombayn Cavabdeh tərəfindən "xxxx" ASC-yə geri qaytarılmış və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İşə əlavə olan 11.03.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış müqaviləyə əsasən, lizinqə götürdüyü müqavilə üzrə məbləği 6.000 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına qrafik üzrə 4.000 manat ödəniş olunmuş, qalıq borcu 2.000 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, iddiaçı borclu cavabdehdən müqavilə üzrə yaranmış borcun qısa zaman ərzində ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq məbləğ(lər)ini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)ini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğ(lər)ini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin ödənilməsi tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissə(lər)də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, lizinq borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia isə təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilməyən 10 manat məbləğində dövlət rüsumu da cavabdeh(lər)dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə əmri verilməsinə dair ərizə verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilsə də, sonradan məhkəmə əmri ləğv edilərək, ümumi iddia icraatına keçirildiyindən, bununla da iddia tələbi 2000 manat məbləğində təşkil etdiyindən, yəni iddianın qiyməti 500 manatdan çox olduğundan, iddia ərizəsi üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumundan ödənilməyən 10 manat məbəğində dövlət rüsumu cavabdeh(lər)dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 05/00024130 saylı 21.05.2019-cu il tarixli müqaviləsinə əsasən 2000 manat borc və 20 manat dövlət rüsumu, cəmi 2020 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. 10 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar