Məhkəmə qərarları › İş №e-2-2(121)-559/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-559/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-559/2025 03.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Firmasının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Firması Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Firması Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə verilmiş tikinti materiallarının dəyəri olan 211.751,56 manatın və dövlət rüsumu olaraq ödənmiş 502 manatın alınaraq İddiaçı Firmasına verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı Firması xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-yə verilmiş tikinti materiallarının dəyəri olan 211.751,56 manatın, dövlət rüsumu olaraq ödənilmiş 502 manatın, pretenziyanın qarşı tərəfə göndərilməsinə görə ödənmiş 2,07 manat poçt xərcinin, 320 manat vəkil xərcinin, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə görə ödənilmiş 102 manat dövlət rüsumunun, alqı-satqı müqaviləsinə əsasən öhdəliyi 8 ay gecikdirdiyinə görə 12705 manat cərimənin (bank faizinin), mənəvi zərər görə 5000 manat olmaqla cəmi 230.386,63 manatın Cavabdeh MMC-dən (direktor X1) alınaraq İddiaçı Firmasına verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı Firmasının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, iddia ərizəsinə dəqiqləşmə barədə ərizəsində 12705 manat cərimə (bank faizi) kimi qeyd olunan tələbin cərimə olaraq, Cavabdeh MMC-dən (direktor X1) alınaraq tutulması sözlərinin Cavabdeh MMC-dən alınması kimi nəzərə alınmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, ərizədə “direktor X1” yazılması tələbin ona ona yönəldilməsi üçün deyil, sadəcə olaraq məqsəd direktorun X3 olduğunu göstərmək olmuşdur.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehn direktoru X3 ilə İddiaçı Firmasının direktoru Nümayəndə arasında 27 may 2024-cü il tarixli “malların alqısatqısına” dair 06 saylı müqavilə bağlanmış, müqavilə xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Müqavilənin 2.1-ci bəndinə əsasən malların xüsusiyyətləri (ölçüsü, miqdarı və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılır, 2.2 bəndinə əsasən mallar tərəflər arasında imzalanmış təhvil-təslim sənədləri əsasında təhvil verilir, 3.4-cü bəndinə əsasən hesabfaktura təqdim olunan gündən 10 gün ərzində ödəniş həyata keçirilir. Bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı firmasının direktoru Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə bir ədədinin dəyəri 33 manat olmaqla 1000 ədəd 33.000 manat dəyərində “Yapışqanlı faner FK”, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə 3.060 manat dəyərində “pəncərə altı, 420 manat dəyərində “pəncərə qırağı”, 2.576 manat dəyərində “Plintus”, 300 manat dəyərində “Çöl üçün Dekoplast”, 180 manat dəyərində “daxil üçün dekoplast”, 300 manat dəyərində “birləşdirici”, 120 manat dəyərində “sağ birləşdirici”, 28.320 manat dəyərində “laminat”, xx.xx.2024-cü il tarixli aktlar əsasında 32.347,50 manat dəyərində “taxta”, 18.880 manat dəyərində “armatur”, xx.xx.2024-cü il tarixli aktlarla 4.102,50 manat dəyərində “80-40-2 ölçülü profil”, 1.752,40 manat dəyərində “40-40-2 ölçülü profil”, 15.000 man at dəyərində “80-40-2” ölçülü profil”, 7.800 manat dəyərində 40-40-2 ölçülü profil”, xx.xx.2024- cü il tarixli akt əsasında 31.292,10 manat dəyərində “armatur” Cavabdeh MMC-nin direktoru X2 təhvil verilmişdir. Təhvil-təslim aktları hər iki tərəfdən imzalanmaqla möhürləri ilə möhürlənmişdir. Tikinti materiallarının təhvil alınması ilə bağlı olaraq elektron qaimələr tərtib olunmuş verilmiş inşaat materiallarının dəyərinə ƏDV-də hesablanmışdır. Belə ki, Cavabdeh MMC-yə xx.xx.2024cü il tarixli 11260963 saylı qaimə əsasında təhvil verilmiş “yapışqanlı faner”ə görə 38.940 manat, xx.xx.2024-cü il tarixli 10267168 saylı qaimə əsasında təhvil verilmiş 8 adda müxtəlif inşaat materiallarına görə41.625,68 manat, xx.xx.2024-cü il tarixli 10614910 saylı qaimə əsasında təhvil verilmiş “taxtaya” görə 38.170,05 manat, xx.xx.2024-cü il tarixli 10539986 saylı qaimə əsasında təhvil verilmiş “armatura” görə 22.278,40 manat, xx.xx.2024-cü il tarixli 11046552 saylı qaiməyə əsasən təhvil verilmiş “profillərə” görə 26.904,00 manat, xx.xx.2024-cü il tarixli 11043375 saylı qaimə əsasında təhvil verilmiş “profillərə” görə 6.908,78 manat, xx.xx.2024-cü il tarixli 10044259 saylı qaimə əsasında təhvil verilmiş “armatura” görə 36.924,68 manat olmaqla cəmi 211.751,56 manat borc yaranmışdır. Cavabdeh MMC-yə verilmiş mal-materialın dəyərinin ödənilməsi dəfələrlə şifahi olaraq X2 deyilməsinə, yazılı pritenziya verilməsinə baxmayaraq ödəniş həyata keçirilməmiş, müxtəlif bəhanələrlə günü-günə salaraq vaxt udmuşlar.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında İddiaçı Firmasının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onlar Cavabdeh MMCdən onlara verilmiş verilmiş tikinti materiallarının dəyəri olan 211.751,56 manatla yanaşı, dövlət rüsumu olaraq ödənilmiş 502 manatı, pretenziyanın qarşı tərəfə göndərilməsinə görə ödənmiş 2,07 manat poçt xərcini, 320 manat vəkil xərcini, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə görə ödənilmiş 102 manat dövlət rüsumunun, alqı-satqı müqaviləsinə əsasən öhdəliyi 8 ay gecikdirdiyinə görə 12705 manat cərimənin, mənəvi zərər görə 5000 manat olmaqla cəmi 230.386,63 manatın alınaraq İddiaçı Firmasına verilməsin tələb edirlər. iddia ərizəsinə dəqiqləşmə barədə ərizədə 12705 manat cərimə (bank faizi) kimi qeyd olunan tələbin cərimə olaraq, Cavabdeh MMC-dən (direktor X1) alınaraq tutulması sözlərinin Cavabdeh MMC-dən alınması kimi nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ərizədə “direktor X1” yazılmasında məqsəd tələbin ona ona yönəldilməsi deyil, sadəcə olaraq Upsilon” MMCnin direktorunun X3 olduğunu göstərmək olmuşdur.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, “Gənclik 94” firması ilə bağlanmış müqavilə və göstərilmiş xidmətlər işğaldan azad edilmiş ərazilərin bərpası ilə əlaqəli "xxxx" MMC-nin icra etdiyi dövlət layihəsi ilə əlaqəli olmuşdur. Həmin layihə üzrə "xxxx" MMC-yə edilməli olan ödənişlər edilmədiyindən "xxxx" MMC-nin də həmin layihə üzrə alınmış xidmətlərin dəyərini ödəməsi mümkün olmamışdır. Həmin layihə üzrə "xxxx" MMC-yə yaxın bir ay ərzində ödənişlərin edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, iddiaçı “Gənclik 94” firması ilə olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsinin mümkünlüyü, məhkəmənin iş yükünün lüzumsuz artırılmamasını nəzərərə alaraq iş üzrə baxışın 1 ay müddətinə təxirə salınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

10. İddiaçı Firması ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-ci il tarixli, 06 nömrəli alqı-satqı müqaviləsinin: -1.1-ci yarımbəndinə əsasən, “Satıcı” hazırkı Müqavilənin müvafiq sənədlərdə göstərilən mallar (işlər, xidmətlər) “Alıcı”ya satır və “Alıcı” öz növbəsində alınan malların, xidmətlərin) dəyərini sənədlərdə əks olunan qiymətlərə əsasən “Satıcı”ya ödəyir. -2.1-ci yarımbəndinə əsasən, Təlab olunan malların xüsusiyyətləri (Ölçü., miqdarı və s.) Tərəflər arasında əvvəlcədən razılaşdırılır. -2.2-ci yarımbəndinə əsasən, Satılan mallar Tərəflər arasında imzalanmış təhviltəslim sənədlər əsasında təhvil verilir. -3.1-ci yarımbəndinə əsasən, “Alıcı” mallara görə “Satıcı” tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini “Satıcı”nın hesabına ödəyir. -3.3-cü yarımbəndinə əsasən, Hazırkı Müqaviləyə əsasən bütün ödənişlər bank köçürülmə yolu ilə manatla həyata keçirilir. -3.4-cü yarımbəndinə əsasən, “Alıcı” hesab-faktura təqdim olunan gündən 10 gün ərzində ödənişi həyata keçirməlidir.

11. İş materiallarında olan MT2405 11260963 nömrəli, xx.xx.2024-cü il tarixli (ƏDV xaric 33000 manat, ƏDV daxil 38940 manat), MT2406 10267168 nömrəli, xx.xx.2024-cü il tarixli (ƏDV xaric 35276 manat, ƏDV daxil 41625,68 manat), MT2406 10614910 nömrəli, xx.xx.2024-cü il tarixli (ƏDV xaric 32347,5 manat, ƏDV daxil 38170,05 manat), MT2406 10539986 nömrəli, xx.xx.2024-cü il tarixli (ƏDV xaric 18880 manat, ƏDV daxil 22278,4 manat), MT2406 11046552 nömrəli, xx.xx.2024-cü il tarixli (ƏDV xaric 22800 manat, ƏDV daxil 26904 manat), MT2406 11043375 nömrəli, xx.xx.2024-cü il tarixli (ƏDV xaric 5854,9 manat, ƏDV daxil 6908,78 manat), və MT2407 10044259 nömrəli, xx.xx.2024-cü il tarixli (ƏDV xaric 31292,1 manat, ƏDV daxil 36924,68 manat),malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV xaric 179.450,5 manat, ƏDV daxil 211.751,56 manat məbləğində inşaat materialları təqdim edilmişdir.

12. İş materiallarında olan İddiaçı Firması və Cavabdeh MMC tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli (33000 manat), xx.xx.2024-cü il tarixli (35276 manat), xx.xx.2024cü il tarixli (32347,5 manat), xx.xx.2024-cü il tarixli (18880 manat), xx.xx.2024-cü il tarixli (5854,9 manat), xx.xx.2024-cü il tarixli (22800 manat) və xx.xx.2024-cü il tarixli (31292,1 manat), “Təhvil-Təslim aktlar”ından görünür ki, 179.450,5 manat dəyərində məhsullar İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

13. İş materiallarında olan İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Firması ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.

14. ********** nömrəli (469,29 manat) və ********** nömrəli (31,6 manat) qəbzlərdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 502 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunda əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.5 - 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı Firması ilə Cavabdeh MMC arasında etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, mülki qanunvericiliyin tələbinə əsasən alqı satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi İddiaçı Firması həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, İddiaçı Firması İddiaçı Firması hazırkı Müqavilənin müvafiq sənədlərdə göstərilən mallar (işlər, xidmətlər) Cavabdeh MMC-yə satır və Cavabdeh MMC öz növbəsində alınan malların, xidmətlərin) dəyərini sənədlərdə əks olunan qiymətlərə əsasən İddiaçı Firmasına ödəməyi öhdəsinə götürür.

21. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmiş, əksinə məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, “Gənclik 94” firması ilə bağlanmış müqavilə və göstərilmiş xidmətlər işğaldan azad edilmiş ərazilərin bərpası ilə əlaqəli "xxxx" MMC-nin icra etdiyi dövlət layihəsi ilə əlaqəli olmuşdur. Həmin layihə üzrə "xxxx" MMC-yə edilməli olan ödənişlər edilmədiyindən "xxxx" MMC-nin də həmin layihə üzrə alınmış xidmətlərin dəyərini ödəməsi mümkün olmamışdır. Göründüyü kimi cavabdeh iddiaçıya olan əsas borcunu inkar etmir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

22. Bundan başqa, iş materiallarında olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar və təhvil-təslim aktları, İddiaçı Firması tərəfindən ƏDV daxil 211.751,56 manat dəyərində malların alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-yə təhvil verilməsini və hazırda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin 211.751,56 manat qalıq borcunun olmasını təsdiq edir.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsas borca münasibətdə təmin edilməli, cavabdehdən 211.751,56 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə, iddia tələbinin “pretenziyanın qarşı tərəfə göndərilməsinə görə ödənilmiş 2,07 manat poçt xərcinin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 2,07 manat məbləğində pul poçta ödənilmişdir.

25. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli, 06 nömrəli alqı-satqı müqaviləsinə əsasən öhdəliyi 8 ay gecikdirdiyinə görə 12705 manat cərimənin cavabdehdən tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində iddiaçıya cərimə hesabalmaq hüququ nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab edirki, iddia tələbi cərimənin cavabdehdən tutulması hissəsində təmin edilməməlidir.

26. Eyni zamanda məhkəmə, iddianın “5.000 manat mənəvi zərər” hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassız olduğundan rədd edilməlidir. Ona görə ki, mənəvi zərər fiziki və mənəvi iztirablar olduğundan və iddiaçı hüquqi şəxs olduğundan onun fiziki və mənəvi iztirab çəkməsi mümkün deyil.

27. Məhkəmə, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 300 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, “hüquqi yardımla bağlı ödənilmiş 300 manat xərcin vəkilə ödənilməsi iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir.

Məhkəmə xərcləri:

28. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, iş üzrə ödənilmiş 502 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir.

29. Məhkəmə 320 manat vəkil xərcinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən bununla əlaqədar hər hansı bir ödəniş qəbzi iş materiallarına əlavə edilmədiyindən iddia bu hisssədə təmin edilməməlidir.

30. Məhkəmə iddianın müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə görə ödənilmiş 102 manat dövlət rüsumunun tutulmasına aid hissəsinə münasibətdə də hesab edir ki, bu hissədə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Ona görə ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə görə ödənilmiş dövlət rüsumu işə baxılması ilə məsrəflərə aid deyildir.

Nəticə

31. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 211.751,56 manat məbləğində borc, 2,07 manat poçt xərci və 502 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 212.253,53 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Firmasına ödənilməli, qalan hissədə isə iddia təmin edilməməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 211.751,56 manat məbləğində borc, 2,07 manat poçt xərcinin və ödənilmiş dövlət rüsumuna görə 502 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Firmasına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar