Məhkəmə qərarları › İş №e-2-2(121)-563/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-563/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-563/2022 18.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Ağcabədi Rayon Komunal Xidmət və Mənzil İstismar İdarəsinə qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Ağcabədi Rayon Komunal Xidmət və Mənzil İstismar İdarəsinə qarşı – 21908,46 manat borc, 10000 manat ziyan, 186 manat dövlət rüsumu və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinə uyğun olaraq cavabdeh ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyətinin obyekti kimi işlətdiyi yanacaqdoldurma məntəqəsindən aldığı yanacaq və sürtkü materiallanna görə 21908,46 manat borclu qalmışdır. Borcun məbləği cavabdeh tərəfindən verilmiş qəbzlər, yanacağın buraxılması siyahısı ilə təsdiqlənir. Həmin sənədlər alqı-satqı müqaviləsinə uyğun tərtib edilmiş rəsmi sənədlərdir. 10.09.2020-ci il tarixli, 05 saylı pretenziya ilə cavabdehə müraciət edərək pulun 2020-ci ilin sentyabr ayının 30-na qədər ödənilməsini cavabdehdən xahiş etmişdir. Lakin cavabdeh pretenziyanı cavablandırmamış, borcu ödəməmişdir. Cavabdehin borcu ödəməməsi və vəsaitindən qanunsuz istifadə etməsi nəticəsində mülkiyyət hüquqları pozulmuş, 31908,46 manat zərər çəkmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 21860,71 manat borcun cavabdeh alınaraq alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlıq fəaliyyəti özünə məxsus olan yanacaqdoldurma məntəqəsində yanacaq və sürtkü materiallarının satışını həyata keçirir. Cavabdeh ilə aralarında olan alqı-satqı müqavilələri əsasında yanacaq və sürtkü materialları satmış və ümumilikdə 21860,71 manat borclu qalmışdır. Lakin iddia ərizəsində cavabdehin borcunun necə və hansı səbəbdən yaranmasını aydın şəkildə göstərməmişdir. Bu səbəbdən də iddia ərizəsini dəqiqləşdirir. Belə ki, cavabdehə aralarında olan alqı-satqı müqaviləsi əsasında 01.12.2018-ci il tarixdən 30.11.2020-ci il tarixə kimi elektron qaimələr əsasında 66887,34 manat dəyərində yanacaq satmış, həmin yanacaqlardan cavabdeh 57771,21 manat ödəmiş, 9116,13 manat borclu qalmışdır. Cavabdehə isə 01.12.2018-ci il tarixə 622,88 manat borclu olduğu üçün həmin məbləği yekun 9116,13 manat borcdan çıxmış və hal-hazırda elektron qaimə üzrə cavabdehin 8493,25 manat (66887,34 (borc)-5771,21 (ödənilən)=9116,13-622,88 (cavabdehə borcu)=8493,25 manat) borcu qalmışdır. Cavabdeh aralarında olan alqı-satqı müqaviləsi əsasında 01.12.2018-ci il tarixdən 30.11.2020-ci il tarixə kimi elektron qaimələrin ƏDV məbləği üzrə ödədiyi 12039,71 manat ödənişdən, 10101,26 manat borclu qalmışdır. Cavabdehə isə 01.12.2018-ci il tarixə 6,49 manat ƏDV üzrə borclu olduğu üçün həmin məbləği yekun 10101,26 manat borcdan çıxmış və hal-hazırda cavabdehin ƏDV üzrə 1931,96 manat (12039,71(borc) – 10101,26 (ödənilən)=10101,26-6,49 (cavabdehə borcu)=1931,96 manat) borcu qalmışdır. Halhazırda cavabdehin elektron qaimələr üzrə 8493,25 manat əsas borcu və 1931,96 manat ƏDV borcu vardır. Cavabdehə həmçinin 2020-ci ilin yanvar ayı üzrə (cavabdeh tərəfindən təsdiq edilərək təqdim edilmiş siyahı əsasında) dizel və benzin yanacaqları satmış və ümumilikdə cavabdehə 3348,00 manat borcu yaranmış və həmin borcdan 2650,00 manat borc ödənilməmiş qalmışdır. Cavabdehə həmçinin 2020-ci ilin fevral ayı üzrə (cavabdeh tərəfindən təsdiq edilərək təqdim edilmiş siyahı əsasında) dizel və benzin yanacaqları satmış və ümumilikdə cavabdehə 2976 manat borcu yaranmış və həmin borc ödənilməmiş qalmışdır. Həmçinin cavabdehə 01.12.2018-ci il tarixdən 01.10.2020-ci il tarixdə qəbzlər (cavabdeh tərəfindən imza edilərək təqdim edilmiş qəbzlər) əsasında 5809,50 manat dəyərində dizel və benzin yanacaqları satmış və həmin borc ödənilməmiş qalmışdır. Cavabdehin 21.04.2022-ci il tarixə 21860,71 manat borcu yaranmışdır və həmin borcun cavabdehdən alınaraq ona verilməsini tələb edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Ağcabədi Rayon Komunal Xidmət və Mənzil İstismar İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.01.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” müqaviləyə əlavə edilmiş təsnifatda göstərilın miqdarda və keyfiyyətdə neft məhsullarını “alıcı”ya satmağı, “alıcı” isə həmin neft məhsullarını keyfiyyətinə və kəmiyyətinə uyğun olaraq təsnifatda göstərilən miqdarda qiymətə və müddətə qəbul edib malın dəyərini (əlavə dəyər vergisi ilə birlikdə) “satıcı”ya ödəməyi öhdəsinə götürmüşlər. İşə əlavə olan neft məhsullarının satışı ilə bağlı müqaviləyə təsnifatın surətindən görünür ki, Benzin Ai-92 2019-cu il üçün litirlə, 1 litirinin qiyməti 0,90 manat, hesablanmaqla 3600 litir, cəmi 32400 manat, Dizel yanacağı isə 2019-cu il üçün litirlə, 1 litirinin qiyməti 0,60 manat hesablanmaqla 60000 litir, cəmi 36000 manat, ümumilikdə isə cəmi 68400 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilən 07.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” müqaviləyə əlavə edilmiş təsnifatda göstərilın miqdarda və keyfiyyətdə neft məhsullarını “alıcı”ya satmağı, “alıcı” isə həmin neft məhsullarını keyfiyyətinə və kəmiyyətinə uyğun olaraq təsnifatda göstərilən miqdarda qiymətə və müddətə qəbul edib malın dəyərini (əlavə dəyər vergisi ilə birlikdə) “satıcı”ya ödəməyi öhdəsinə götürmüşlər. İş materiallarında olan neft məhsullarının satışı ilə bağlı müqaviləyə təsnifatın surətindən görünür ki, Benzin Ai-92 2020-ci il üçün litirlə, 1 litirinin qiyməti 0,90 manat, hesablanmaqla 3600 litir, cəmi 32400 manat, Dizel yanacağı isə 2020-ci il üçün litirlə, 1 litirinin qiyməti 0,60 manat hesablanmaqla 60000 litir, cəmi 36000 manat, ümumilikdə isə cəmi 68400 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunan elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən 01.12.2018-ci il tarixdən 30.11.2020-ci il tarixədək elektron qaimələr əsasında 666887,34 manatlıq neft məhsulları cavabdehə satılmışdır. İşdə olan vergi orqanının 01.12.2018-ci il tarixdən 30.11.2020-ci il tarixədək olan dövrü əhatə edən elektron portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən həmin dövr ərzində elektron qaimələr əsasında 66887,34 manatlıq neft məhsulları cavabdehə satılmışdır. 12039,71 manat ƏDV məbləği üzrə ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Kommunal və Mənzil İstismar İdarəsinin 2020-ci il yanvar ayında texnikalara verilən yanacağın siyahısından görünür ki, iddiaçı tərəfindən 2020-ci il yanvar ayında 4665 litr dizel yanacağı, 610 litir benzin Ai-92 neft məhsulları cavabdehə satılmışdır. İşə əlavə olunan Ağcabədi Rayon Kommunal və Mənzil İstismar İdarəsinin 2020-ci il fevral ayında texnikalara verilən yanacağın siyahısından görünür ki, iddiaçı tərəfindən 2020-ci il fevral ayında 4075 litr dizel yanacağı, 590 litir benzin Ai-92 neft məhsulları cavabdehə satılmışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Kommunal və Mənzil İstismar İdarəsi tərəfindən verilmiş yanacaq çeklərindən görünür ki, iddiaçı tərəfindən 2019-cu il yanvar ayından 30.12.2019-cu il tarixədək 5809,50 manat dəyərində dizel yanacağı və benzin Ai- 92 neft məhsulları cavabdehə satılmışdır. İşdən görünür ki, iddiaçı cavabdehə 22.06.2021-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubu göndərmişdir. İş materiallarından görünür ki, cavabdeh Ağcabədi Rayon Komunal Xidmət və Mənzil İstismar İdarəsi iddiaya qarşı yazılı etirazla müraciət edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X1 oglu 30.04.2021-ci il tarixdən Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstsimar İdarəsinin rəisi vəzifəsində işləyir. İşlədiyi müddət ərzində idarənin heç bir təşkilata borcu olmamışdır. Ağcabədi Kommunal Xidməti və Mənzil İstismar İdarəsi 01.01.2018-ci il tarixdən 01.10.2020-ci il tarixədək bankdan çıxarışlara əsaslanaraq idarənin İddiaçı yanacaq borcu ilə bağlı iddia ərizəsində qeyd etdiyi 21908,46 manat borc məbləğinin əsassız və qərəzli olmasını və o, cümlədən iddia ərizəsində əlavə 10.000 manat dəymiş zərərin ödənilməsi barədə tələbini gülünc bir iddia hesab edir. Bundan əlavə, İddiaçı tərəfindən 11.10.2018-ci il tarixli EAAM seriyalı 734808 saylı və 06.11.2018-ci il tarixli EAAN seriyalı 394300 saylı elektron qaimələri təkrar və saxta olaraq elektron qaimələrin qeydiyyatı sisteminə göndərmişdir. Lakin, idarənin keçmiş rəhbərliyi və baş mühasibinin səriştəsizliyi nəticəsində bu qaimələrin rədd edilməsi təmin edilməmişdir. Beləliklə, işin həqiqi halları, iddiaçının izahatı, iş materiallarına əlavə edilən sənədlərlə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla fəaliyyətini özünə məxsus olan yanacaqdoldurma məntəqəsində yanacaq və sürtkü materiallarının satışını həyata keçirir. Tərəflər arasında olan alqı-satqı müqavilələri əsasında yanacaq və sürtkü materialları satmış və ümumilikdə 21860,71 manat borclu qalmışdır. Belə ki, iddiaçı aralarında olan alqı-satqı müqaviləsi əsasında cavabdehə 01.12.2018-ci il tarixdən 30.11.2020-ci il tarixə kimi elektron qaimələr əsasında 66887,34 manat dəyərində yanacaq satmış, satılmış yanacaqdan cavabdeh 57771,21 manat ödəmiş, 9116,13 manat borclu qalmışdır. İddiaçı cavabdehə 01.12.2018ci il tarixə 622,88 manat borclu olduğu üçün həmin məbləği yekun 9116,13 manat borcdan çıxmış və hal-hazırda elektron qaimə üzrə cavabdehin 8493,25 manat (66887,34- 5771,21=9116,13 manat; 9116,13-622,88=8493,25 manat) borcu qalmışdır. Cavabdeh aralarında olan alqı-satqı müqaviləsi əsasında 01.12.2018-ci il tarixdən 30.11.2020-ci il tarixə kimi elektron qaimələrin ƏDV məbləği üzrə iddiaçının ödədiyi 12039,71 manat ödənişdən, 10101,26 manat borclu qalmışdır. İddiaçı cavabdehə isə 01.12.2018-ci il tarixə 6,49 manat ƏDV üzrə borclu olduğu üçün həmin məbləği 10101,26 manat borcdan çıxmış və hal-hazırda cavabdehin ƏDV üzrə 1931,96 manat (12039,71– 10101,26=10101,26 manat; 10101,26-6,49=1931,96 manat) borcu qalmışdır. Bununla da, cavabdehin elektron qaimələr üzrə 8493,25 manat əsas borcu və 1931,96 manat ƏDV borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1.2, 3.7 və 3.9-cu bəndlərinə əsasən, 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 3.7. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaiməfakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesabfakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 16.06.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.3-cü bəndinə əsasən, vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə Malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya Malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı Malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Həmin Qaydaya 25.12.2019-cu il tarixdən əlavə edilmiş 3.15-ci bəndinə əsasən, vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddiməsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər. (Qaydaların 3.15-ci bəndi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə əlavə edilmişdir). Göstərilən Qaydanın 25.12.2019-cu il tarixədək qüvvədə olmuş 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Qeyd edilən Qaydanın 25.12.2019-cu il tarixədək qüvvədə olmuş 4.3-cü bəndinə əsasən topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Sifariş məsul şəxs tərəfindən imzalanır. Göründüyü kimi, vergi mühasibatlığı sənədləri iddiaçı tərəfindən malların cavabdehə göndərilməsini və nəticədə cavabdehin elektron qaimələr üzrə 8493,25 manat əsas borcu və 1931,96 manat ƏDV borcunun yaranmasını təsdiq edən sənəddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron qaimələr öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini təsdiq edir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilir. Belə ki, elektron qaimələr cavabdeh tərəfindən mübahisələndirilməmiş, hətta cavabdehin məhkəməyə ünvanladığı iddiaya etirazda bu hal “idarənin keçmiş rəhbərliyi və baş mühasibinin səriştəsizliyi nəticəsində bu qaimələrin rədd edilməsinin təmin edilməməsi” kimi əsaslandırılmışdır. Halbuki, idarənin rəhbərinin dəyişməsi hazırki iş üzrə cavabdeh olan Ağcabədi Rayon Komunal Xidmət və Mənzil İstismar İdarəsinin elektron qaimələri mübahisələndirməməsinin səbəbi ola bilməz. Çünki, iddiaçı qarşısında öhdəliyi İdarənin rəhbəri deyil, Ağcabədi Rayon Komunal Xidmət və Mənzil İstismar İdarəsinin özü daşıyır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdehə 2020-ci ilin yanvar ayı üzrə (cavabdeh tərəfindən təsdiq edilərək təqdim edilmiş siyahı əsasında) dizel və benzin yanacaqları satmış və ümumilikdə cavabdehə 3348 manat (belə ki, 4665 litr dizel + 0,60 manat = 2799 manat; 610 litir benzin Ai-92 + 0,90 manat = 549 manat; 2799 + 549 = 3348 manat) borcu yaranmış və həmin borcdan 2650 manat borc ödənilməmiş qalmışdır. Bundan əlavə, cavabdehə 2020-ci ilin fevral ayı üzrə (cavabdeh tərəfindən təsdiq edilərək təqdim edilmiş siyahı əsasında) dizel və benzin yanacaqları satmış və ümumilikdə cavabdehə 2976 manat (belə ki, 4075 litr dizel + 0,60 manat = 2445 manat; 590 litir benzin Ai-92 + 0,90 manat = 531 manat; 2445 + 531 = 2976 manat) borcu yaranmış və həmin borc ödənilməmiş qalmışdır. Həmçinin cavabdehə 2019cu il yanvar ayından 30.12.2019-cu il tarixədək qəbzlər (cavabdeh tərəfindən imza edilərək təqdim edilmiş qəbzlər) əsasında 5809,50 manat dəyərində dizel və benzin yanacaqları satmış və həmin borc ödənilməmiş qalmışdır. Göründüyü kimi, qeyd edilən dövrlər ərzində mühasibatlıqda neft məhsullarının satışı pərakəndə və topdan satış qaydasında aparılmışdır. Ona görə ki, yanacaq-doldurma məntəqəsində topdan satış həm nağd, həm də nağdsız aparıla bilər. Nağd ödəniş aparılan zaman yanacağın nəzarət kassa aparatına və post terminala vurulmaqla aparıla bilər. Nağdsız ödənişlər isə satılan mallara dair qarşı tərəfə verilən qaimə faktura əsasında həyata keçirilir. Ödəniş bank köçürmələri ilə aparılır. Pərakəndə satış üzrə aparılmış əməliyyatlar nağd qaydada aparılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən, topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Bununla da, araşdırma zamanı cavabdehin 21.04.2022-ci il tarixə iddiaçıya 21860,71 manat (belə ki, 8493,25+1931.96+2650+2976+5809,50=21860,71 manat) borcunun qalması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan neft məhsul(lar)ı (sürtgü-yanacaq) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin neft məhsul(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında neft məhsul(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin neft məhsul(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 21860,71 manat məbləğində pul vəsaiti Ağcabədi Rayon Komunal Xidmət və Mənzil İstismar İdarəsindən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar