Məhkəmə qərarları › İş №e-2-2(121)-567/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-567/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-567/2022 13.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdeh "xxxx" MMC-yə qarşı – icra edilməmiş öhdəliyə görə 43959,09 manat məbləğində əsas borc və 46500 manat məbləğində cərimə, 362 manat məbləğində dövlət rüsumu, cəmi 90821,09 manat məbləğində borc cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında 16.01.2018-ci il tarixində “hüq 06” nömrəli qara metal qırıntısının alqı-satqısı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan əlavə №1-də göstərilən və ümumi dəyəri 155 000 manat təşkil edən malları (1000 ton qara metal) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü hissəsinə uyğun olaraq mal alıcıya tərəflərin tərtib edərək imzaladıqları təhvil-təslim aktları əsasında verilir və bu aktlar satıcının müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra etdiyinin təsdiqidir. Belə ki, 2018-ci ilin aprel ayından 2018-ci sentyabr ayınadək 307,253 ton metal təhvil-təslim aktları əsasında alıcıya verilmişdir. Lakin cavabdeh təhvil aldığı malların dəyərini ödəməmiş və nəticədə 43959,09 manat məbləğində borcu yaranmışdır. Müqavilə üzrə öhdəliklərinin vaxtında icra edilmədiyinə görə əsas borc məbləğindən əlavə olaraq cavabdehə 46500 manat penya hesablanmışdır. Göründüyü kimi, iddiaçı olaraq müqavilədə üzərlərinə götürdükləri öhdəlikləri icra etsələr də, cavabdeh üzərinə düşən öhdəlikləri natamam icra etmiş, bununla da iddiaçının hüquqları kobud şəkildə pozulmuş və hal-hazırda da pozulmaqda davam edir. Tələbin icrası üçün cavabdehə 31.08.2020-ci il tarixində pretenziya məktubu ünvanlansa da, pretenziyada göstərilən tələb indiyədək təmin olunmamışdır. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün keçirilən ilkin mediasiya sessiyasında bu barədə əvvəlcədən məlumatlandırılsa da, cavabdehin səlahiyyətli nümayəndəsi iştirak etməmiş, iddiaçı isə sessiyada təmsil olunaraq mediasiya xərclərini ödəmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmədə iddiaya etiraz edərək, iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan hüq 06 saylı 16.01.2018-ci il tarixli material qiymətlisinin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, “satıcı” ("xxxx" QSC) metal qırıntılarından ibarət olan material qiymətlisini “alıcı”nın ("xxxx" MMC-nin) mülkiyyətinə (təhvil) verməyi, “alıcı” isə malı qəbul edib, bu mqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini “satıcı”nın hesabına ödəməyi öhdəsinə götürmüşlər. İş materiallarında olan hüq 06 saylı 16.01.2018-ci il tarixli material qiymətlisinin alqısatqısı haqqında müqaviləsinə əlavə (sepsifikasiya) №1-dən görünür ki, ölçü vahidi ton, miqdarı 1000, 1 tonun qiyməti ƏDV-siz (manatla) 131,36, məbləği ƏDV-siz (manatla) 131360 manat, ƏDV 23640 manat, cəmi 155000 manat dəyərində qara metalın “satıcı” tərəfindən “alıcı”ya satılması barədə razılaşmışlar. İş materiallarına əlavə olunan elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən 08.02.2018-ci il tarixdən 08.10.2018-ci il tarixədək 152962,10 manatlıq metal cavabdehə göndərilmişdir. İşə əlavə edilən aktlardan görünür ki, iddiaçı tərəfindən 02.04.2018-ci il tarixdən 20.09.2018-ci il tarixədək qara metal qırıntısı cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 02.04.2018-ci il tarixdən 20.09.2018-ci il tarixədək olan dövr ərzində iddiaçı tərəfindən cavabdehə göstərilmiş metal xidmətlərinə görə yaranan debitor borc barədə arayışdan görünür ki, cavabdehin 02.04.2018-ci il tarixdən 20.09.2018-ci il tarixədək 43959,09 manatlıq borcu yaranmışdır. İşdən görünür ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, göstərmişdir ki, iddia rədd edilməlidir. Çünki, iddiaçı tələbini iddia müddətini ötürməklə vermişdir. Buna görə də iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir. İddiaçı tələbinin əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmir və əsassız iddia üzrə də iddia müddətini ötürmüşdür. 3 ildən artıq müddətdə müqavilədən əmələ gələn iddialar üzrə iddia müddətini ötürmüşdür. Bu səbəbdən də, iş üzrə iddia müddətinin tətbiq edilməsini tələb edir. Hazırkı iş üzrə iddia müddətini tətbiq etməklə iddiaçı "xxxx" QSC-nin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, işin həqiqi halları, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatları, iş materiallarına əlavə edilən sənədlərlə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının cavabdehə 2018-ci ilin aprel ayından 2018-ci sentyabr ayınadək təhviltəslim aktları ilə qara metal qırıntısı təhvil verməsi, cavabdehin iddiaçıya olan borcunun 43959,09 manat məbləğində təşkil etməsi müəyyən edilmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" MMC-arasında üq 06 saylı 16.01.2018-ci il tarixli material qiymətlisinin alqı-satqısı haqqında müqavilə bağlanmış, lakin müqavilədə müddət müəyyən edilməmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddəti axımı malın sonuncu dəfə təhvil verildiyi tarixdən, yəni 20.09.2018-ci il tarixdən başlamışdır. İşin materiallarından isə görünür ki, iddiaçının mövcud iddia ərizəsi 28.02.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də, məhkəmə mübahisəni həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Mülki Məcəllədə göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bu cür mübahisələrin həll zamanı iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olubolmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bundan başqa, iddia müddətinin tətbiq edilməsi üçün ərizə verən cavabdeh tərəfi iradə ifadə edir. İradə ifadə edən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da, həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qıldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırkı işdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti keçdiyindən, iddia müddətinin bərpası üçün əsas olmadığından və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə eyni zamanda iddianın 362 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödəmiş, eyni zamanda qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduğundan, iddiaçı qalan məbləği, 161,38 manat məbləğində (cəmi 361,38 manat məbləğində) dövlət rüsumunu ödəməmişdir. Yəni, iddiaçı çəkdiyi xərc həddində dövlət rüsumundan azad olunduğundan, o, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 362 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia müddəti ötürülmüş və mübahisə tərəfinin müddətin tətbiqinə dair ərizə verdiyi iddia təmin edilə bilməz. Odur ki, iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı – icra edilməmiş öhdəliyə görə 43959,09 manat məbləğində əsas borc və 46500 manat məbləğində cərimə, 362 manat məbləğində dövlət rüsumu, cəmi 90821,09 manat məbləğində borc cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar