Məhkəmə qərarları › İş №e-2-2(121)-574/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-574/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-574/2021 31.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Fərdi Firmasının Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Fərdi Firması Cavabdeh MMC-yə qarşı xx xxxx 2019-cu il tarixli 23/U saylı satınalma müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən ödənilməmiş qalıq borc qismində 67 200 (altmış yeddi min iki yüz) manat məbləğdə pulun və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı Fərdi Firmasına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə elektron qaydada təqdim olunmuş iddia ərizəsindən görünür ki, İddiaçı Fərdi Firması tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddianın qiyməti 67 200 manatdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göründüyü kimi, İddiaçı Fərdi Firması tərəfindən dövlət rüsumu müəyyən edilmiş məbləğdə ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsində qeyd olunmuşdur ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə əlavə olunmuş sənədlərin siyahısından, həmçinin əlavə olunmuş sənədlərdən iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədin mövcud olduğu müəyyən edilmir. Belə olan halda, iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iş materiallarından olmadığından məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və həmin məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150 və 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Fərdi Firmasının Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar