Məhkəmə qərarları › İş №e-2-2(121)-575/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-575/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-575/2024 30.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “X11 Kompleksi” MMC-nin Cavabdeh qarşı pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “X11 Kompleksi” MMC Cavabdeh qarşı əsas borca görə 11.098 manat, hesablanmış cərimə borcuna görə 2.219 manat və ödənilmiş mediasiya xərcinə görə 200 manat olmaqla, cəmi 13.517 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X11 Kompleksi” MMC, tədarükçü qismində “X11 Kompleksi” MMC-nin “X9 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2020-ci il mövsümü üzrə xx.xx.2020-ci il tarixli, 13 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 96.280 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 85.182 manat dəyərində xam pambıqla ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2020-ci il mövsümü üzrə xx.xx.2020-ci il tarixli, 13 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 11098 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2219 manat təşkil edir. İddiaçı “X11 Kompleksi” MMC ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, 2020-ci ildə pambıq əkmiş və yaxşı becərmiş, lakin müharibə başlamışdır. Oktaybr ayının 10-unda ona kombayn vermişlər. Müharibə olduğu üçün gündüzlər texnika işləyə bilmirdi. Bu səbəbdən də pambıq məhsulunu yığa bilmirdilər. Həmçinin müharibə bölgəsinə yaxın kəndlərin sakinləri Sarıcalı kəndində müvəqqəti məskunlaşmışdırlar və öz iri və xırda buynuzlu heyvanlarınıda özləri ilə birgə gətirmişdirlər. Həmin mal-qara onların pambıq sahəsinə ciddi ziyan vurmuşdur və bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur. O, iddiaçıya baş vermiş halla bağlı müraciət etmiş və pambıq sahəsi ilə bağlı tərtib olunmuş aktı iddiaçıya təqdim edərək ona bu barədə köməklik göstərilməsini xahiş etmişdir, lakin iddiaçı tərəfindən ona heç bir köməklik olunmamışdır. xx.xx.2020-ci il tarixli aktı imza edənlərdən baş aqronom X7 və Ağcabədi RİHB-nın Sarıcalı kəndi üzrə nümayəndəsi X14 hazırki iş üzrə şahid qismində dəvət edilən şəxslərdir. Həmin aktda imza edən “X11 Kompleksi” MMC-nin Sarıcalı kənd üzrə nümayəndəsi X8 isə onun qardaşıdır. O, savadsızdır. Buna görə də, xx.xx.2021-ci il tarixli aktın məzmununu düzgün başa düşməmişdir. Belə ki, onun həqiqətən 11.098,27 manat məbləğində borcu vardır, lakin onun pambıq sahəsinə ciddi ziyan dəymişdir. Bu səbəbdən də, onun özünə də ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli aktı imzalayarkən borcun sonradan ödəməli olduğunu bilməmişdir. Sadəcə aktı imzalamaqla həqiqətən borcu olmasını təsdiq etmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin izahatını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X11 Kompleksi” MMC-nin X9 və Emalı Zavodu ilə Cavabdeh arasında 13 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, “X11 Kompleksi” MMC-nin X9 və Emalı Zavodu ilə Cavabdeh arasında bağlanmış 13 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2020-ci il tarixdə; xx.xx.2020-ci il tarixli 13 nömrəli müqaviləyə xx.xx.2020-ci il tarixdə; xx.xx.2020ci il tarixli 13 saylı müqaviləyə xx.xx.2020-ci il tarixdə əlavələr edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mühasib X1, aqronom X7, mexanikdispetçer X10, fermer Cavabdeh və ərazi nümayəndəsi X8 tərəfindən imzalanmış üzləşmə aktının surətindən görünür ki, “X11 Kompleksi” MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. Cavabdehin 11.098,27 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 11.098,27 manat məbləğində borcu qalmışdır. İş materialında olan “X11 Kompleksi” MMC tərəfindən Cavabdeh ünvanlanmış məktub(lar)ın surət(lər)indən görünür ki, “X11 Kompleksi” MMC-nin X9 və Emalı Zavodu və Cavabdeh arasında bağlanmış alqı-satqı müqavilə(lər)sinə əsasən Cavabdeh ödənilməmiş 11.098,27 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli baş aqronom X7, ərazi aqronomu X4, X2, Ağcabədi RİHB-nın Sarıcalı kəndi üzrə nümayəndəsi X14, “X11 Kompleksi” MMC-nin Sarıcalı kənd üzrə nümayəndəsi X8, kəndin icra nümayəndəsinin müavini X3, fermer Cavabdeh iştirakları ilə tərtib edilmiş aktın məzmunundan görünür ki, 2-ci Qarabağ müharibəsi zamanı döyüş bölgəsinə yaxın olan kəndlərin sakinlərinin çoxu və onların şəxsi iri və xırda buynuzlu mal-qarası Sarıcalı kəndinin ərazisində müvəqqəti yerləşmişdirlər. Əraziyə gətirilən iri və xırda buynuzlu mal-qara pambıq sahələrinə ciddi ziyan vurmuşdur. Cavabdeh 94 ha pambıq sahəsinin çoxu yol kənarında olduğu üçün pambıq sahələri demək olar ki, mal-qara tərəfindən yararsız hala düşmüşdür. Ziyan dəymiş sahələrdəki pambıqların maşınla yığımı çətin olmuş, kolda olan pambıq məhsulu tamamilə yerə tökülmüşdür. Nəticədə, fermerə dəymiş ziyana görə akt tərtib edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək göstərdi ki, “X11 Kompleksi” MMC-də baş aqronom işləmişdir. Hazırki iş üzrə Cavabdeh 2017-ci ildən tanıyır. xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktla bağlı qeyd edir ki, ikinci vətən müharibəsi zamanı cavabdehin torpaq sahəsinin olduğu ərazi düşmənlə sərhəddə yerləşdiyindən, həmin sahəyə silah sursat atılırdı. Həmçinin Ağcabədi rayonu, Sarıcalı kəndində hospital olduğundan oranı qorumaq üçün həmin əraziyə texnikalar yığılmışdır. Cavabdehin 94 hektar torpaq sahəsinin 21 hektarı yol qırağında yerləşdiyindən həmin sahədən mal-qara keçərək, xam pambıq məhsuluna ziyan verirdi. Döyüş getdiyi üçün onları həmin sahəyə buraxmadıqlarından sahəni qorumaları mümkün olmamışdır. Müharibə bitdikdən və həmin sahədə silah-sursat təmizləndikdən sonra onları həmin sahəyə buraxmışdırlar, lakin həmin vaxtda artıq gec olduğu üçün cavabdehin 94 hektar torpaq sahəsinin 21 hektarından məhsul əldə etmək mümkün olmamışdır və bu səbəbdən də bu halı təsdiq etmək üçün akt tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixli üzləşmə aktını da imzalamışdır, həmin aktda cavabdehin borclu qalmasını təsdiq etmişdirlər. İş üzrə şahid qismində dindirilmiş X18 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Cavabdeh tanıyır, həmkəndlisidir. Cavabdehin yerini ikinci vətən müharibəsi zamanı malqara dağıtmışdır. Belə ki, onların kəndləri Ağdam rayonu ilə sərhəddə yerləşir, onların kəndlərində keçid var, həmin keçiddən mal-qara keçərək, cavabdehin sahəsinə ziyan vurmuşdurlar. Cavabdehin sahəsinin dağıdılması səbəbindən məhsul əldə etmək mümkün olmadığını təsdiq etmək üçün tərəflərindən akt tərtib olunmuşdur, həmin aktı o özü imzalamışdır. Lakin, aktda adı Arif yox, texniki səhv olaraq Maarif kimi yazılmışdır. Belə ki, kənddə onu Maarif adı ilə tanıyırlar. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə(lər)yə əsasən iddiaçı tərəfindən həmin sahəyə görə xərc çəkilmişdir (avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür). Lakin, cavabdehin borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə(lər) üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda sahədə pambıq becərərək, iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə eyni zamanda iddianın 2.219 manat məbləğində cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 2.219 manat məbləğində deyil, 155 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə həmçinin iddianın mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, mediasiya xərci cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdehdən 185 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin iddiaya etirazının dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixli akta istinad edərək, iri və xırda buynuzlu heyvanların onun pambıq sahəsinə ciddi ziyan vurmasını bildirsə də, xx.xx.2021-ci il tarixli üzləşmə aktı ilə 11.098,27 manat məbləğində borcunun olmasını qəbul etmişdir. Həmin aktı özündən başqa, cavabdeh tərəfindən məhkəməyə şahid qismində dəvət edilmiş, aqronom X7 və cavabdehin qardaşı, həmçinin “X11 Kompleksi” MMC-nin ərazi nümayəndəsi X8 və digər şəxslər imzalamışlar. Halbuki, X7 və X8 xx.xx.2020-ci il tarixli aktı da imzalamışdılar. Sadalanan xüsusatlara əsasən məhkəmə cavabdehin iddiaya etirazının dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 129,95 manat dövlət rüsumunun 123,76 manatı (yəni, 11.253 manata münasibətdə) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 11098 manat məbləğində əsas borc, 155 manat məbləğində cərimə borcu, cəmi 11253 manat məbləğində pul vəsaiti və 185 manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq “X11 Kompleksi” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 123,76 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar