Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-576/2025 27.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehndən yaranmış 34.351,43 (otuz dörd min üç yüz əlli bir manat, qırx üç qəpik) manat məbləğində əsas borcun, 193,06 ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 25 oktyabr 2023-cü il tarixli, 362 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Alqı-satqı münasibətlərinin yekununda müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “üzləşdirmə aktı”na əsasən, Cavabdeh İddiaçınə ümumilikdə 34.351 (otuz dörd min üç yüz əlli bir) manat 43 (qırx üç) qəpik məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Lakin Alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəfimizdən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq xx.xx.2024cü il tarixdə pretenziya məktubu cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki,Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-yə 34.351 (otuz dörd min üç yüz əlli bir) manat, 43 (qırx üç) qəpik məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, bütün sübutların məhkəməyə elektron qaydada təqdim edildiyini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin, cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə baxış iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
7. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, cavabdeh tərəfin məhkəmə iclasında işin çoxluğu ilə əlaqədar qeyd etdiyi əsasları üzrlü hesab etməyərək Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 362 nömrəli alqı-satqı müqaviləsinin: -1.1-ci yarımbəndinə əsasən, müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (Müqaviləyə 1 saylı Əlavə) Spesifikasiyada adları göstərilən Malları “Satıcı”ya satmağı “Alıcı” isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. -2.3-cü yarımbəndinə əsasən, “Satıcı” müqavilə imzalandığı tarixdən, “Alıcı” tərəfindən öncədən daxil olmuş sifarişlərə uyğun olaraq, 3-5 (üç-beş) təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda malı “Alıcı”nın özünə və ya səlahiyyətli nümayəndəsinə təhvil verir. -3.2-ci yarımbəndinə əsasən, Malların hər vahidinin qiyməti inflyasiya prossesləri, qiymətlərin mövsümü dəyişməsi, bazarın konyukturasının dəyişməsi ilə əlaqədar olaraq, Tərəflərin qarşılıqlı razılaşması əsasında (Müqaviləyə əlavə Sazişlər şəklində) dəyişdirilə bilər -4.2-ci yarımbəndinə əsasən, Malların “Alıcı”ya təhvil verilməsi üzləşdirmə aktı, qaimə-faktura və ya elektron qaimə-faktura ilə təsdiq edilir. Bu sənədlərin hər biri ayrıayrılıqda bərabər hüquqi qüvvəyə malikdir. Malların təhvil təslimi ilə bağlı qeyd olunan sənədlərdən hər hansı birinin mövcudluğu “Satıcı”nın təhvil-təslim öhdəliyinin icrasını təsdiq edir. -5.1-ci yarımbəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların “Alıcı”ya təhvil verildiyi gündən 30 gün ərzində “Alıcı” tərəfindən həyata keçirilir. -9.1-ci yarımbəndinə əsasən, bu müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. -9.2-ci yarımbəndinə əsasən, “Alıcı” bu müqavilənin 5.1-ci yarımbəndində göstərilən ödəmə vaxtını gecikdirdiyi və ya Müqavilənin digər şərtlərini pozduğu təqdirdə “Satıcı” “Alıcı”nı 5 (beş) gün əvvəlcədən yazıh surətdə məlumat verməklə Müqaviləyə vaxtından əvvəl bir tərəfli qaydada xitam vermək hüququna malikdir. Belə olduğu halda “Alıcı” “Satıcı”ya müqavilənin xitamı tarixinə qədər müqavilənin icrası ilə əlaqədar alınmış malın dəyərini qeyri şərtsiz ödəməlidir.
10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 34151,38 məbləğində inşaat materialları təqdim edilmişdir.
11. İş materiallarında olan İddiaçı və Cavabdeh MMC tərəfindən təsdiqlənmiş “Üzləşdirmə aktı”ından görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin iddiaçı "Fortis Group” MMC-yə əsas məbləğdən 28941,89 manat borc, ƏDV məbləğindən isə 5209,54 manat olmaqla, cəmi 34151,43 (otuz dörd min üç yüz əlli bir manat, qırx üç qəpik) manat məbləğində borcu vardır.
12. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 13 noyabr 2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.
13. ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 193,06 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqısatqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi İddiaçı MMC həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (Müqaviləyə 1 saylı Əlavə) Spesifikasiyada adları göstərilən Malları satmağı, Cavabdeh MMC isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
19. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
20. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddia ərizəsində Cavabdeh MMC-nin əsas borc məbləğinin 34.351,43 manat göstərilməsinə baxmayaraq, iş materiallarında olan və mötəbərliyi iddiaçı və cavabdeh tərəfindən ilə təsdiq edilmiş 11 iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, cavabdehin əsas məbləğdən 28941,89 manat borc, ƏDV məbləğindən isə 5209,54 manat olmaqla, cəmi 34151,43 (otuz dörd min üç yüz əlli bir manat, qırx üç qəpik) manat məbləğində borcu vardır. Eyni zamanda elektron qaiməfakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 34151,38 məbləğində inşaat materialları təqdim edilmişdir. Məhkəmə hesab edir ki, elektron qaimələrdən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 34151,38 məbləğində inşaat materialları təqdim edilməsi müəyyən olunsa da, tərəflərin təsdiq etdiyi 11 iyul 2024-cü il tarixli üzləşmə aktında cavabdehin əsas məbləğdən 28941,89 manat borc, ƏDV məbləğindən isə 5209,54 manat olmaqla, cəmi 34151,43 (otuz dörd min üç yüz əlli bir manat, qırx üç qəpik) manat məbləğində borcunun olması onların qarşılıqlı iradə ifadəsi ilə müəyyən edildiyindən, iddia qismən, həmin aktda müəyyən edilmiş 34151,43 (otuz dörd min üç yüz əlli bir manat, qırx üç qəpik) manat məbləğində borc məbləğinə münasibətdə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
21. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 193,06 manat dövlət rüsumu cavabdehə aid edilməli, ondan tutularaq iddiaçıya ödənilməlidir.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 34.151,43 manat məbləğində əsas borc və 193,06 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 34.344,49 (otuz dörd min üç yüz qırx dörd manat, qırx doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev