Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-58/2024 18.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Niftiyev Vüsal Nəbi oğlunun katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı – cavabdehdən 282.522,75 manat, 10.000 manat zərər, vəkilə xidmət haqqı olaraq ödənilmiş 360 manat pulun, ümumilikdə 292.882,75 manat pulun, iş üzrə ödənilmiş 410 manat mediasiya xərcinin, 180 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman pereparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. İddiaçı QSC kənd təsərrüfatı sahəsində istifadə olunan dərman pereparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı QSC 2018-ci il tarixdən 2019-cu il tarixədək müxtəlif vaxtlarda "xxxx" MMC-yə kənd təsərrüfatı üçün lazım olan dərman pereparatlarını satmışdır. xx.xx.2019-cu il tarixdə tərəflər arasında borc öhdəliyi barədə müqavilə tərtib edilmiş və tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh MMC "xxxx" MMC-nin İddiaçı MMC-yə olan borcunun ödənilməsini öz üzərinə götürmüşdür. Cavabdeh MMC-yə qarşı pul tələbi ilə 2022-ci ilin mart ayında Mediasiya təşkilatına müraciət etdikdən sonra, Cavabdeh MMC 302.522,75 manat borcdan xx.xx.2023-cü il tarixdə 20.000 manat ödəmiş və hazırda 282.522,75 manat borcu qalmışdır. Dəfələrlə Cavabdeh MMC-yə İddiaçı QSC-yə olan 282.522,75 manat borcunu ödəməsi bildirilsə də, cavabdeh bu günə qədər iddiaçıya olan borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən iddiaçə tərəfindən Bakı 1 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya ilkin iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, cavabdeh mediasiya iclasında iştirak etməmiş və mediator X1 tərəfindən xx.xx.2022-ci il tarixli İlkin mediasiya iclasında iştirak edilməməsi barədə MŞB/1-0079 saylı arayış təqdim edilmişdir. Mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən 410 manat haqq ödənilmişdir. Hazırda Cavabdeh MMC-dən 282.522,75 manat pul məbləğini başqa qayda da alına bilinmədiyindən məhkəməyə müraciət edilmişdir. İddiaçı QSC-nin nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə mübahisənin barışıq yolu ilə həll edilməsinə dair barışıq sazişi təqdim edilməsini, təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq işə iştirakı olmadan baxılaraq, barışıq sazişinin təsdiq edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini, iş üzrə icraata xitam verilməklə barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını və iclasda iştirak etməməyinin üzrlü sayılmasını xahiş etmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflər cəmi 262.368,95 manat borcun geri qaytarılmasına xx.xx.2024-cü il tarixinədək möhlət verilməsini və həmin borcun tam ödənilməsinin xx.xx.2024-cü il tarixinədək başa çatdırılacağını öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: Bir tərəfdən, “Yeni Borclu” adlandırılacaq Cavabdeh MMC-nin direktoru Mətanət Səlimovanın şəxsində və “Kreditor” adlandırılacaq İddiaçı QSC-nin Baş Direktoru Zaur Abdullayevin şəxsində, birgə “Tərəflər” adlandırılmaqla, aşağıdakılar barədə bu Sazişi (bundan sonra "Saziş" adlanacaqdır) imzaladılar:
1. Bu Saziş imzalanan tarixə tərəflər təsdiq edirlər ki, 14 mart 2019-cu il tarixli iki ədəd borc öhdəliyi Müqavilələrinə əsasən, “Yeni Borclu”nun “Kreditor” qarşısında “Borclu” nun əvəzinə hazırda ödənilməmiş (icra edilməmiş) cəmi 262.368,95 (iki yüz altmış iki min üç yüz altmış səkkiz manat 95 qəpik) manat borc öhdəliyi mövcuddur.
2. Hazırki Sazişlə “Yeni Borclu” ilə “Kreditor” razılaşırlar ki, bu Sazişin 1-ci maddəsində qeyd olunan ödənilməmiş (icra edilməmiş) cəmi 262.368,95 (iki yüz altmış iki min üç yüz altmış səkkiz manat 95 qəpik) manat borcun geri qaytarılmasına xx.xx.2024-cü il tarixinədək “Kreditor” tərəfindən “Yeni Borclu”ya möhlət müddəti verilir və həmin borcun “Yeni Borclu” tərəfindən “Kreditor”a tam ödənilməsi xx.xx.2024-cü il tarixinədək başa çatdırılacaqdır.
3. Bu Sazişi tərəflər onu imzaladıqdan sonra Şirvan Kommersiya Məhkəməsində “Kreditor”un “Yeni Borclu”ya qarşı irəli sürdüyü pul tələbinə dair e-2-2(121)-1906/2023 saylı iş üzrə həmin Saziş məhkəmənin müvafiq qərardadı ilə təsdiq edilməlidir.
4. Şirvan Kommersiya Məhkəməsində “Kreditor”un “Yeni Borclu”ya qarşı irəli sürdüyü pul tələbinə dair e-2-2(121)-1906/2023 saylı iş üzrə bu Saziş məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildiyi andan, “Kreditor” həmin məhkəmə işi üzrə “Yeni Borclu” ya qarşı irəli sürdüyü bütün iddia tələblərindən imtina edir və məhkəmədə həmin iş üzrə icraata xitam verilir.
5. Bu Saziş üzrə tərəflər öz öhdəliklərini lazımı qaydada yerinə yetirmədikləri təqdirdə hər biri Azərbaycan Respublikasının Mülki Qanunverciliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
6. Bu Sazişdən doğan istənilən mübahisələr ilkin olaraq danışıqlar yolu ilə həll edilir. Əks təqdirdə yaranmış mübahisələrə məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə məhkəmədə baxılacaqdır.
7. Saziş üzrə tərəflərin hamısı öz öhdəliklərini tam yerinə yetirənədək Saziş etibarlı sayılır və qüvvədədir.
8. Bu Saziş 3 (üç) nüsxədə olmaqla Azərbaycan dilində tərtib edilmişdir və bütün nüsxələr eyni hüquqi qüvvəyə malikdirlər. Hər bir tərəfə bir nüsxə verilməklə, üçüncü nüsxə təsdiq edilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə təqdim edilir.
İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Namidar Misirzadə