Məhkəmə qərarları › İş №e-2-2(121)-580/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-580/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-580/2024 09.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli, № 2022/007 müqaviləsinə əsasən yaranmış, hər iki şirkətin səlahiyyətli şəxslərinin iştirakı ilə aylıq təhvil təslim aktı ilə qarşılıqlı təsdiqlənmiş 6.407 manat əsas məbləğ, 1.333.26 manat ƏDV hissəsi məbləğini, İddiaçı MMC tərəfindən mediasiya üçün çəkilən 105 manat xərci, cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı MMC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli, № 2022/007 müqaviləsinə əsasən Merçendayzer xidməti göstərilmişdir. İlk dönəmlərdə cavabdeh "xxxx" MMC ödənişləri gecikdirərək həyata keçirsə də, may ayından etibarən ödənişləri müxtəlif bəhanələrlə həyata keçirməmiş və uzatmışdır. Nəticədə Cavabdeh "xxxx" MMC 6407 manat əsas məbləğ, 1333.26 manat ƏDV hissəsi qədər borcu yaranmışdır. Məsələyə dair tərəflərindən dəfələrlə şifahi xəbərdarlıqlara baxmayaraq bu proses uzanmış və nəticədə 13 dekabr tarixində tərəflərindən pretenziya məktubu cavabdehə göndərilmiş və 15 dekabr tarixində cavabdehin nümayəndəsi tərəfindən təhvil alınmışdır (qəbz əlavə edilir). Hər hansı dəyişiklik olmadığı və reaksiya verilmədiyi üçün mediasiya prosesinə müraciət olunmuşdur. Bundan sonra iddiaçı tərəfdən Mediasiya prosesi üçün müraciət edilmişdir. Cavabdeh tərəf prosesdə iştirakdan imtina etmiş, nəticədə Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən X2 iştirak edilməməsi barədə Arayış (nömrə MŞL/MT014/2023-03060, xx.xx.2024-cü il tarixli) X1 iştirakı ilə iddiaçıya təqdim edilmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli 2022/007 müqaviləsinə əsasən yaranmışdır. Hər iki şirkətin səlahiyyətli şəxslərinin iştirakı ilə aylıq təhvil-təslim aktı ilə qarşılıqlı təsdiqlənmiş 6407manat əsas məbləğ, 1.333,26 manat ƏDV hissəsi məbləğini, İddiaçı MMC tərəfindən mediasiya üçün çəkilən 105 manat xərcin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçının xeyrinə tutulmasını istəmişdir. Bildirmək istəyirik ki, rəhbəri olduğum "xxxx" MMC ilə İddiaçı MMC arasında 15 dekabr 2022-ci il tarixli müqavilə imzalanmış, bu müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən müqavilə şərtlərinə əsasən xidmətlər onların müəssissinə göstərilmiş və tərəflərindən qəbul edilmişdir. Bildirmək istəyirlər ki, iddiaçı tərəfindən müqavilə üzrə hesablanmış olan 6407 manatlıq əsas məbləğdən iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra 02 fevral 2024-cü il tarixində 500 manat ödəniş həyata keçirilmişdir. Yəni hal-hazırda əsas borcun məbləği 5.907 manat təşkil edir. (Ödəniş sənədinin surəti əlavə edilir) Qeyd edirlər ki, iddiaçı tərəfindən iddia ərizəsində ƏDV borcu məbləği düzgün qeyd olunmamışdı. Belə ki, cavabdeh olaraq ƏDV borcu 1.333,26 manat deyil, 1.153,26 manat təşkil edir. Bildirmək istəyirlər ki, 1.153,26 manatlıq məbləğdən 02 fevral 2024-cü il tarixində 90 manat həddində ƏDV dövlət büdcəsinə köçürülmüş və hal-hazırda ƏDV borcu 1.063,26 təşkil edir. (Ödəniş sənədinin surəti əlavə edilir) Qeyd edilənlərə əsasən bildirmək istəyirlər ki, hazırki iddia tələbi üzrə əsas borc məbləği 5.907,00 manat, ƏDV məbləği üzrə isə 1.063,26 manat təşkil etməkdədir və hazırki iş üzrə məhkəmə işi yekunlaşana qədər ödənişi tamamlamağa çalışacaqlarını bildirmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin yazdığı ərizəyə əsasən ödənişlərin olduğunu təsdiq etmiş, hazırda "xxxx" MMC-nin 15 dekabr 2022-ci il tarixli 2022/007 müqaviləsinə əsasən yaranmış əsas borcunun 5.907,00 manat, ƏDV məbləği üzrə isə 1.063,26 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə tərəflər məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci tarixli, 2022/007 saylı xidməti müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən, Əlavə razılaşma(lar)da göstərilən marketlərdə “Sifarişçi”nin müəssisəsinə məxsus məhsulların düzülüş işlərinin “Sifarişçi”nin tələblərinə əsasən götürülməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin ticarət nöqtəsi ilə müqaviləsinə əsasən müəyyən etdiyi qaydada məhsulların düzülüşü xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən hər keçən ayın xidmət haqqı “Sifarişçi” tərəfindən “İcraçı”ya hər növbəti ayın ikinci iş günündən gec olmayaraq bank hesabı vasitəsilə ödənilir. Qeyd olunan müqavilənin 3.3-cü bəndinə görə xidmət haqqı aylıq 1.000 manat + ƏDV olaraq hesablanır. İş materiallarında olan təhvil təslim aktlarından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə marketlərdə ümumlikdə 13.460,26 manat məbləğində merçendayzinq xidmətləri göstərilmişdir. İş materiallarında olan tərəflər arasında imzalanmış üzləşmə aktından görünür ki, cavabdehin əsas borcu 6.407 manat, ƏDV borcu 1.333,26 manat məbləğində təşkil edir. Üzləşmə aktı tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanılmış xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC-yə məlumatlandırılmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən əsas borcdan 500 manat, ƏDV borcundan isə 90 manat ödəniş edilmişdir. İş materiallarında olan “X2 (İMS) iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 105 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçı tərəfindən cavabdehə xidmətlərin göstərilməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 2022/007 saylı müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən müqavilənin əlavə razılaşmasında göstərilən marketlərdə cavabdehin müəssisəsinə məxsus məhsulların düzülüş işlərinin cavabdehin tələblərinə əsasən götürülməsini sifariş verib iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, iddiaçı isə cavabdehin ticarət nöqtəsi ilə müqaviləsinə əsasən müəyyən etdiyi qaydada məhsulların düzülüşü xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən görülmüş işlərlə bağlı götürülmüş öhdəlik tam şəkildə yerinə yetirilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış işi icra etmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş xidmət haqqının əvəzi olaraq borcu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat (xidmət) müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış xidmətləri icra etmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında üzləşmə aktı imzalanmışdır. Həmin akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Həmin üzləşmə aktına əsasən cavabdehin əsas borcu 6.407 manat, ƏDV borcu 1.333,26 manat məbləğində təşkil etmişdir. Sonradan sözügedən müqavilə üzrə cavabdeh tərəfindən ƏDV daxil 590 manat vəsait qaytarılmışdır. Nəticədə cavabdehin iddiaçıya 5.907 manat əsas, 1.063,26 manat isə ƏDV borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan borcunu üzləşmə aktı ilə də etiraf etmişdir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 5.907 manat əsas və 1.063,26 manat ƏDV borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı ƏDV borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi də əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməli, cavabdehdən 1.063,26 manat məbləğində ƏDV borcu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Məhkəmə, həmçinin iddianın 105 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 15 dekabr 2022-ci il tarixli, 2022/007 nömrəli müqavilə üzrə 5.907 manat əsas borc, 1.063,26 manat ƏDV borcu və mediasiya xərci olaraq ödənilmiş 105 manat olmaqla, ümumilikdə 7.075,26 (yeddi min yetmiş beş manat, iyirmi altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar