Məhkəmə qərarları › İş №e-2-2(121)-582/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-582/2023

23.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-582/2023 23.02.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Aqrar Elm və X6 X3 (VÖEN: **********) xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan 2.716,24 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Aqrar Elm və X6 X5 öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə ümumilikdə 2.716,24 manat məbləğində borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin borc ödənilməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi və Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, ərizəyə əlavə edilən hüquqi şəxs haqqında məlumatdan görünür ki, Aqrar Elm və X6 X5 (bundan sonra “stansiya” kimi göstəriləcək) xx.xx.1928-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyət növü “pambığın becərilməsi”dir. Tabeçiliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, yuxarı təşkilatı Azərbaycan X1 mülkiyyət növü dövlət mülkiyyəti təşkil edən stansiyanın təşkilati-hüquqi forması qeyrikommersiya hüquqi şəxsdir. Stansiyanın icra orqanının rəhbəri Maraqlı şəxsdur. İş üzrə maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş stansiyanın Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X4 Bitki Mühafizə və X7 Tədqiqat İnstitutunun direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Əsasnaməsinin 1.1ci bəndində göstərilir ki, stansiya Bitki Mühafizə və X7 Tədqiqat İnstitutunun tabeliyində fəaliyyət göstərən büdcədən maliyyələşən dövlət müəssisəsidir. Əsasnamənin 1.3-cü bəndində stansiyanın qeyri-kommersiya hüquqi şəxs olan elmi-tədqiqat müəssisəsi olduğu qeyd edilmişdir. Əsasnamənin 5.1-ci bəndində müəyyən olunmuşdur ki, stansiyaya Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla Bitki Mühafizə və X7 Tədqiqat İnstitutunun direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Beləliklə iş materiallarında olan yuxarıda qeyd edilən sənədlərə əsasən məhkəmə müəyyən edir ki, Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs (stansiya) qeyrikommersiya hüquqi şəxsidir və bundan irəli gələrək fəaliyyətinin əsas məqsədi mənfəət əldə etmək deyil, əsasnaməsinin 2-ci paraqrafında göstərildiyi kimi pambıqçılıq sahəsində seleksiya, xəstəlik və zərərvericililərlə mübarizə və bu qəbildən olan sahələr üzrə elmitədqiqat işlərinin həyata keçirilməsindən ibarətdir. Məhkəmə hazırki mübahisənin predmetini əsaslandıran hal olan hüquqi şəxs tərəfindən ödənilməmiş, borclu olduğu məcburi dövlət sosial sığorta haqqının hüquqi xarakteri barədə də münasibət bildirməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında şərh olunmuşdur ki, “Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən mövqeyindən çıxış edərək bu qənaətə gəlmək olar ki, hazırki işdə adı keçən hüquqi şəxsin (stansiyanın) Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcu onun sahibkarlıq fəaliyyəti ilə əlaqəli deyil, məcburi dövlət sosial sığorta münasibətlərinin sığortaedən qismində subyekti olması ilə əlaqəli yaranmışdır. Buna görə də hazırki mübahisənin, hüquqi şəxsin (stansiyanın) sahibkarlıq fəaliyyətindən yaranan münasibətlərdən irəli gəldiyini söyləmək yalnış olardı. Belə olan halda, hazırki mübahisəyə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi kommersiya məhkəmələrində baxılması istisna olunur. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən formalaşan mövgeyini ümumiləşdirərək hesab edir ki;

1. Aqrar Elm və X6 X5 fəaliyyətinin əsas məqsədi mənfəət əldə etmək olmayan qeyri-kommersiya hüquqi şəxsi olduğuna,

2. hazırki mübahisənin onun əsasnaməsi ilə müəyyən edilmiş məqsədlərinə xidmət edən sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyinə,

3. kommersiya mübahisələri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğuna,

4. hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadığına görə iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Məhkəmə gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması kimi aşağıdakılara istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Mülki Məcəllənin 43.5-ci maddəsinə əsasən, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər; “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Bu konstitusiya vəzifəsi Konstitusiyanın 7, 12 və 16-cı maddələrinin mənasına görə dövlət və dövlət hakimiyyətinin ictimai-hüquqi təbiəti ilə şərtləndirilən xüsusi hüquqi (mülki hüquqi) deyil, məhz ictimai-hüquqi xarakterə malikdir.” Prosessual-hüquqi əsaslandırma belədir ki: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinəəsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-ci maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; Yenə həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndində göstərilir ki, “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.” Həmin Qərarın 25-ci bəndində isə qeyd edilmişdir ki, “Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır.” Ərizəyə əlavə edilən sənədlərə və portaldan çıxarışa əsasən iş üzrə Maraqlı şəxs İmişli şəhəri, M.Əsədov küçəsi, ev 35 ünvanında qeydiyyatda olduğu müəyyən edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 355-5.2-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403- 1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 24-26, 32, 263, 264, 267-269 və 355-5-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı:

Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilsin. Ərizəçiyə izah olunsun ki, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilə bilər. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar