Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-585/2022 05.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı "xxxx" ATSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh2 3.850 manat və Cavabdeh1 5.850,82 manat məbləğində pulun cavabdehdən tutulması tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ATSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 3.850 manat və Cavabdeh1 5.850,82 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ATSC ilə Cavabdeh2 arasında bağlanmış 26 fevral 2019-cu il tarixli, 29 № li və “Bakı Şərab1” ATSC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2019-cu il tarixli, 30 № li “alqı-satqı” müqavilələrinə əsasən satıcı olaraq "xxxx" ATSC cavabdehlərə müvafiq dövlət standartlarına və texniki şərtlərə cavab verən alkoqollu içkiləri satmağı, alıcılar isə aldığı həmin malları qəbul etməyi bu müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Sözügedən müqavilələrin “Ödəmə şərtləri”ni tənzimləyən 4.1-ci bəndinin tələbinə görə alıcı tərəfindən malın dəyərinin ödənilməsi, satıcının verdiyi hesab-fakturaya və ya elektron qaiməyə əsasən mal qəbul edildikdən 10 iş günü ərzində satıcının yuxarıda sözügedən müqavilələrdə göstərilən bankdakı hesablaşma hesabına köçürülmə yolu ilə həyata keçirilməlidir. Qeyd olunan müqavilə imzalandığı gündən 1 il müddətində qüvvədə olmuşdur. "xxxx" ATSC tərəfindən cavabdehlərə Cavabdeh2 və Cavabdeh1 müvafiq elektron qaimələr təqdim edilsə də, cavabdehlər hazırkı vaxtadək müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərini vaxtında və layiqincə icra etməmişlər. Beləliklə də cavabdehlər Cavabdeh2 "xxxx" ATSC-nə 3.850 manat və Cavabdeh1 isə 20.266,82 manat borcları yaranmışdır. Cavabdeh1 “Bakı-Şərab-1” ATSC-yə borcunun bir hissəsini ödəsə də, hazırkı vaxta 5.850,82 manat borcu qalmışdır. Hazırkı vaxtadək cavabdehlər yuxarıda göstərilən məbləğlərdə olan borclarını ödəməmişlər. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvnlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 fevral 2019-cu il tarixli, 29 saylı və 30 saylı alqsatqı müqaviləsindən görünür ki, "xxxx" X1 Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində "xxxx" ATSC cavabdehlərə müvafiq dövlət standartlarına və texniki şərtlərə cavab verən alkoqollu içkiləri satmağı, alıcılar isə aldığı həmin malları qəbul etməyi bu müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə müəyyən etdi ki, hazırkı işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 işlərin görülməsi üçün avansın ayrılması, xidmətlərin göstərilməsi və sonuncunun ödəniş tapşırıqlarına əsasən pul vəsaitini alması, o cümlədən, qaimə-fakturalara və aktlara əsasən işlərin görülməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, "xxxx" ATSC ilə Cavabdeh2 arasında bağlanmış 26 fevral 2019-cu il tarixli, 29 № li və “Bakı Şərab1” ATSC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2019-cu il tarixli, 30 № li “alqı-satqı” müqavilələrinə əsasən satıcı olaraq "xxxx" ATSC cavabdehlərə müvafiq dövlət standartlarına və texniki şərtlərə cavab verən alkoqollu içkiləri satmağı, alıcılar isə aldığı həmin malları qəbul etməyi bu müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdehlər həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya Cavabdeh2 3.850 manat və Cavabdeh1 5.850,82 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 26 fevral 2019-cu il tarixli, 29 saylı və 30 saylı alq-satqı müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdehlər tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia təmin edilməlidir. Əgər mallar cavabdehlərə təhvil verilməsəydi cavabdehlər iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələrə qanunla müəyyən edilmiş 5 gün müddətində etiraz edər və bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud deyil. Bu hal isə onun tərəfindən iddiaçının göndərdiyi malların bəyənməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Həmçinin sonradan da cavabdehlər tərəfindən bununla bağlı etiraz göndərilməmişdir. VM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 711.5.8ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində.”
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. ... 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. ... 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: ... 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; Göründüyü kimi, cavabdehlər iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 26 fevral 2019-cu il tarixli, 29 № li müqaviləyə əsasən Cavabdeh2 3.850 manat və 26 fevral 2019-cu il tarixli, 30 № li “alqı-satqı” müqaviləsinə əsasən isə Cavabdeh1 5.850,82 manat borcu olduğu iş materialları ilə tam sübuta yetirilir. Cavabdehlər tərəfindən qeyd olunan borcun ödənilməsi və iddiaçı tərəfindən işlərin görülməsini təkzib edən hər-hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 3.850 manat və Cavabdeh1 5.850,82 manat borcun "xxxx" ATSC-nin xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh2 3.850 manat və Cavabdeh1 5.850,82 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X1 Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlqar Cabbarov