Məhkəmə qərarları › İş №e-2-2(121)-59/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-59/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-59/2020 16.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.463 manat məbləğində əsas borcun, 4.000 manat dəbbə pulunun, cəmi 10.463 manatməbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2008-ci il tarixində 41-08 saylı alqı-satqısı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən, İddiaçı MMC müxtəlif vaxtlarda Cavabdeh MMC-yə mal satmışdır. Cavabdeh MMC aldığı malların dəyəri olan 6.463 (altı min dörd yüz altmış üç) manat borcu İddiaçı MMC-yə ödəməmişdir. Müqavilənin 6.2-ci bəndində göstərilmışdir ki, alıcı aldığı malın dəyərini razılaşdırılmış müddət ərzində ödəməlidir. Həmin müqavilənin 8.2-ci maddəsində göstərilmişdir ki, alıcı ödəməni vaxtında yerinə yetirməzsə gecikən hər gün üçün qalan məbləğin 0.1% məbləğində cərimə ödəməlidir. Tərəflərindən cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqla qalan borcu ödəmələri barədə müraciət etmişlər. Lakin, cavabdeh borcu ödəməmişdir. Cavabdehin İddiaçı MMC-yə olan əsas borcu 6.463 (altı min dörd yüz altmış üç) manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 4.000 manat edir. Beləliklə cavabdehin İddiaçı MMC-nə olan borcun cəmi 10.463 manat təşkiledir. Gecikmə faizi olaraq hesablanan borc xx.xx.2009-cu il tarixinədən xx.xx.2019-cu il tarixinədək hesablanmışdır. Qeyd olunanlara əsasən, hazırda məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2008-ci il tarixli, 41-08 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bu müqavilənin qüvvədə olduğu dövr ərzində satıcı öz istehsalı olan, həmçinin İddiaçı markalı digər tikinti kimyalarını alıcıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə bağlanıldığı andan xx.xx.2008-ci il tarixnədək qüvvədə olmuşdur. İş materiallarında olan xx xxxxxxxx 2009-cu il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx xxxxxxxx 2009-cu il tarixə İddiaçı MMC-yə 6.463,20 manat məbləğində borcu qalmışdır. Üzləşmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2019-cu il tarixli, SK/38M/2019 saylı xəbərdarlıq surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 41-08 nömrəli müqaviləyə əsasən yaranmış 6.463 manat borc məbləğinin xx.xx.2019-cu il tarixədək ödənilməsi Cavabdeh MMC-dən tələb olunmuş,əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanan etirazda qeyd olunur ki, iddianın nə hüquqi, nə də faktiki əsası yoxdur. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 41-08 saylı alqı-satqı müqaviləsinə əsasən borc yaranmamışdır, yəni Cavabdeh MMC-nin borcu yoxdur. Belə ki, xx.xx.2008-ci il tarixli, 41-08 saylı müqavilənin 5-ci bəndinə əsasən, həmin müqavilə xx.xx.2008-ci il tarixədək qüvvədədir. İddiaçı tərəfindən işə 4 ədəd qaimə-faktura əlavə edilmişdirki, həmin qaimə-fakturalar 2008-ci ildə tərtib edilmişdir. Həmçinin həmin qaiməfakturalarda baş mühasib qrafasında baş mühasibin adı qeyd edilmədiyinə və imzalar fərqli olduğundan həmin qaimə-fakturalar məhkəməyə təqdim edilməlidir. İddiaçı tərəfindən işə əlavə edilmiş Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi üzrə üzləşmə aktı xx.xx.2009-cu il tarixdə tərtib edilmişdir. İddiaçı tərəfindən işə əlavə edilmiş xəbərdarlıq xx.xx.2019-cu il tarixdə göndərilmişdir. Hazırki iş üzrə elektron iddia ərizəsi isə xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiaçının özü tərəfindən işə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, 2008-ci ildən sonra tərəflər arasında heç bir müqavilə münasibəti olmamış, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi üzrə üzləşmə aktı xx.xx.2009-cu il tarixdə tərtib edilmiş, xx.xx.2009-cu il tarixdən yalnız 10 il 1 ay ötdükdən sonra xx.xx.2019-cu il tarixdə “Xəbərdarlıq” göndərilmiş, hazırki iş üzrə elektron iddia ərizəsi isə xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim edilmişdir. Başqa sözlə hətta həmin iddia əsaslı olsa belə, tərəflər arasında həmin müqavilə üzrə münasibətlərin bitdiyi tarixdən ötən 10 il 1 ay ərzində tərəflərin bir-birinə qarşı heç bir pretenziyası olmamışdır. Bundan başqa iddiaçı özü də iddia ərizəsində göstərir ki, gecikmə faizi olaraq hesablanan borc xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanmışdır. Başqa sözlə tərəflərin arasında həmin müqavilə üzrə münasibətlərin ən azı 10 il bundan əvvəl bitdiyini özü etiraf edir. Göstərilən faktlar tərəflər arasında həmin müqavilə üzrə heç bir borc münasibətlərinin olmamasına əyani sübutdur. Əks halda, ötən 10 il 1 ay ərzində müvafiq iddia qaldırılardı. Bundan başqa iddiaçı tərəfindən işə əlavə edilmiş 4 ədəd qaiməfakturaların və Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi üzrə üzləşmə aktının surətindən görünür ki, həmin qaiməfakturalarda məbləğlərlə üzləşmə aktının müvafiq qrafalarında olan məbləğlərdə qismən fərqlidir. Həmçinin iddiaçı tərəfindən işə əlavə edilmiş 4 ədəd qaimə fakturalarda “Təhvil aldım” qrafasında Cavabdeh MMC-nin nümayəndəsinin imzası yoxdur. Bu hal 4 ədəd qaimə-fakturalarda göstərilən malların Cavabdeh MMC tərəfindən təhvil alınmamasına əyani sübutdur və iddianın əsassız olmasının göstəricisidir. Bundan başqa hesab edirik ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Belə ki, əvvəla yuxarıda qeyd edildiyi kimi iddia tamamilə əsassızdır. Digər tərəfdən iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və bu isə iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, qeyd edildiyi kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi xx.xx.2008-ci il tarixədək qüvvədə olmuş, 2008-ci ildən sonra tərəflər arasında heç bir müqavilə münasibəti olmamış, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi üzrə üzləşmə aktı xx.xx.2009-cu il tarixdə tərtib edilmiş, xx.xx.2009-cu il tarixdən yalnız 10 il 1 ay ötdükdən sonra xx.xx.2019-cu il tarixdə xəbərdarlıq göndərilmiş, hazırki iş üzrə elektron iddia ərizəsi isə xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim edilmişdir. Beləliklə iddiaçının özü tərəfindən işə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, tərəflər arasında həmin müqavilə üzrə münasibətlərin bitdiyi tarixdən ötən 10 il 1 ay ərzində tərəflərin bir-birinə qarşı heç bir pretenziyası olmamışdır. Göründüyü kimi, hətta həmin iddia əsaslı olsa belə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2019-cu il tarixli ərizədə iddia müddətinin ötürüldüyünə görə iddianın rədd edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış cavabdehin ərizəsinə qarşı etirazda qeyd olunur ki, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək iddia müddətinin ötməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, cavabdehin ərizəsi təmin olunmamalıdır və tamamilə əsassızddır. Belə ki, cvabdeh öz ərizəsində İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2008-cu il tarixli, 41-08 saylı müqavilənin xx.xx.2008-ci il tarixinədək qüvvədə olduğunu qeyd etmiş və həmin müddətin keçməsi ilə əlaqədar öhdəliklərin də icrasına xitam verilməli olduğunu bildirmişdir. Lakin müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi səbəbindən müqavilənin müddəti ötmüş hesab edilə bilməz. Bununla yanaşı qeyd etmişdir ki, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi üzrə üzləşmə aktı xx.xx.2009-cu il tarixdə tərtib edilmiş, lakin həmin tarixdən 10 il 1 ay ötdükdən sonra xəbərdarlıq göndərilmişdir. Cavabdehə xx.xx.2009-cu il tarixli və xx.xx.2009-cu il tarixli xəbərdarlıq və iddia ərizəsinin surəti göndərilmişdir. Lakin cavabdehin göstərdiyi hüquqi ünvan düzgün olmadığından məktublar ünvana çatmamışdır. Beləliklə iddiaçı üzləşmə aktının tərtib olunduğu ildə cavabdehə borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı haqqında məktublar göndərmişdir. Bundan başqa cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddianın heç bir hüquqi və faktiki əsası yoxdur. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2008-ci il tarixli, 41-08 saylı müqaviləyə əsasən borc yaranmışdır və müqavilə xx.xx.2008-ci il tarixədək qüvvədə olmuşdur. Həmçinin iddiaçı tərəfindən işə əlavə olunmuş 4 ədəd qaimə-fakturalardakı baş mühasib qrafasında mühasibin adı göstərilmədiyi və imzasının fərqli olduğunu, sənədlərin əsllərinin təqdim olunmadığını və üzləşmə aktında göstərilən rəqəmlərlə qaimə-fakturalardakı uyğunsuzluqların olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun surətdə və tərəflər arasında hüquq və öhdəliklər yaradan müqavilə imzalanmışdır. Müqavilənin 2-ci və 3-cü maddələrində satıcı və alıcının öhdəlikləri qeyd olunmuşdur. Beləliklə müqavilə imzalandığı gündən qüvvəyə minmiş və tərəflər arasında borc öhdəliyi yaratmışdır. Cavabdehin tələbinə uyğun olaraq da, ona müxtəlif vaxtlarda qaimə-fakturalar əsasında mallar satılmışdır. Lakin cavabdeh aldığı malların dəyərini bugünə kimi ödəməyərək müqavilədən irəli gələn öhdəliklərini ağır şəkildə ehmal etmişdir. Bu halda cavabdeh könüllü surətdə borcu ödəməkdən yayındığından iddiaçının məhkəməyə müraciət edərək, satdığı malların dəyərini tələb etməsi təbii haldır və təmin olunmalıdır. Bundan başqa iddiaçıda olan 4 ədəd qaimə-fakturalarda sənədlərin əsillərinin Cavabdeh MMC tərəfindən itirildiyi və bu səbəbdən məhz cavabdeh tərəfindən həmin qaimə-fakturalarda sənədlərin əsli ilə düzdür ifadəsi qeyd edilmiş və cavabdehin möhürü və imzası ilə təsdiq olunmuşdur. Həmçinin cavabdehin baş mühasib qrafasında kimin adı qeyd olunduğu iddiaçının məsuliyyətinə səbəb olmamalıdır. Üzləşmə aktına gəldikdə isə xx.xx.2009-cu il tarixli üzləşmə aktına əsasən 6.463,20 manat cavabdehin borcu olduğu görünür və həmin üzləşmə aktında qeyd olunan 4 ədəd qaimə-fakturalarla da həmin borc məbləği öz təsdiqini tapmışdır. Həmçinin üzləşmə aktı da Cavabdeh MMC-nin möhürü və baş mühasibin imzası ilə təsdiqlənmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2008-ci il tarixli, 41-08 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bu müqavilənin qüvvədə olduğu dövr ərzində satıcı öz istehsalı olan, həmçinin İddiaçı markalı digər tikinti kimyalarını alıcıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə üzləşmə aktına əsasən, Cavabdeh MMC-nin 6.463 manat borcu qalmışdır. Həmçinin müqavilənin 8.2-ci bəndinə əsasən, iddiaçı tərəfindən xx.xx.2009xx.xx.2019-cu illər üçün 4.000 manat məbləğində cərimə borcu hesablanmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilmiş, lakin borc ödənilməmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməməlidir: Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi xx.xx.2008ci il tarixdə bağlanmış, müqavilənin müddəti və xx xxxxxx 2008-ci il tarixədək müəyyən edilmişdir. Tərəflər arasında üzləşmə aktı isə xx.xx.2009-cu il tarixdə imzalanmışdır. Hazırki iddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2019-cu il tarixdə, yəni müqavilə müddətinin bitməsindən təqribən 11 il, üzləşmə aktının imzalanmasından isə təqribən 10 il müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. İş materialları ilə müəyyən olunur ki, bu müddət ərzində cavabdeh tərəfindən hər-hansı ödəniş aparılmamışdır. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi ilə bağlı iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, cavabdehin 6.463 manat məbləğində borcunun olması iş materialları ilə sübut olunmasına və bu baxımdan iddia əsas borc hissəsində tam, cərimə borcu hissəsində isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi nəzərə alınmaqla qismən əsaslı olmasına baxmayaraq, iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim edildiyindən, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 6.463 manat əsas borcun, 4.000 manat dəbbə pulunun, cəmi 10.463 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar