Məhkəmə qərarları › İş №e-2-2(121)-596/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-596/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-596/2022 31.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı – 2176-AGR/21 saylı, 09.04.2021-ci il tarixli mineral gübrələrin alqı-satqısı müqaviləsinə əsasən 20800 manat borcun, 6011,20 manat məbləğində hesablanmış cərimənin və 200 manat mediasiya xərcinin - cəmi 27011,20 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 2021-ci il 09 aprel tarixli, 2176-AGR/21 nömrəli mineral gübrələrin alqı-satqısı müqaviləsinə əsasən 1 tonunun qiyməti 520 manat, ümumi dəyəri 20800 manat olan 40 ton ammonium nitrat gübrəsi verilmişdir. Tərəflər arasında bağlanmış mineral gübrələrin alqı-satqısı müqaviləsinin 3.2-ci bəndinin şərtlərinə əsasən mineral gübrələrin 20800 manat məbləğini 30%-lik dəyərini qabaqcadan, qalan hissəsini isə 2021-ci il 15 may tarixdən gec olmamaqla onun subsidiya kartına vəsait daxil edildikdən sonra dərhal ödənilməsini cavabdeh öhdəsinə götürməsinə baxmayaraq, bugünədək İddiaçı ASC qarşısındakı öhdəliklərini icra etməmişdir. Hazırda Cavabdeh MMC 2021-ci il 09 aprel tarixli 2176-AGR/21 nömrəli müqaviləyə əsasən İddiaçı ASC qarşısında 20800 manat məbləğində yerinə yetirilməmiş öhdəliyi mövcuddur. Borc öhdəliyinin icrası ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən əvvəl nizama salmaq məqsədilə Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə 2021-ci il 06 dekabr tarixdə təklif göndərilmiş, lakin heç bir nəticəsi olmamışdır. İddiaçı ASC-nin müraciəti əsasında Azərbaycan Respublikasının Mediasiya Şurası tərəfindən ilkin mediasiya prosesinin həyata keçirilməsi barədə mediator təyin edilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesində İddiaçı ASC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və qarşı tərəfin iştirak etməməsinin yekunu olaraq mediasiya prosesinin nəticəsinə dair arayış təqdim olunmuşdur. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmədə iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09.04.2021-ci il tarixli, 2176AGR/21 saylı mineral gübrələrin alqı-satqı müqaviləsindən surətindən görünür ki, "xxxx" ASC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən miqdarı 40 ton olan, vahidinin qiyməti 520 manat olan, məbləği 20800 manat olan, güzəşt dəyəri 20800 manat olan Ammonium Nitrat mineral gübrə satılmışdır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, iddiaçı borclu cavabdehdən müqavilə üzrə yaranmış borcun qısa zaman ərzində ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İşə əlavə olan 04.03.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı ASC ilə bağlanmış müqaviləyə əsasən, cavabdehin 20800 manat borcu və 6011,20 manat hesablanmış cərimə borcu təşkil edir. Göründüyü kimi tərəflər arasında göndərmə müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627.1-ci maddəsinə əsasən, göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğ(lər)dir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimə(lər)nin həmin məbləğ(lər)də deyil, 2176-AGR/21 nömrəli müqavilə üzrə 2000 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh(lər)dən mediasiya xərcinin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddia tələbi qismən təmin edilməli olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 150 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 2176-AGR/21 saylı 09.04.2021-ci il tarixli müqaviləyə əsasən 20800 manat borc, 2000 manat cərimə və 150 manat mediasiya xərci, cəmi 22950 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar