Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-61/2021 23.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh, onun nümayəndələri və vəkilləri Vəkil və Nümayəndə2 iştirakı ilə İddiaçı “Pakpen Dış Ticaret A.Ş.” şirkətinin Cavabdeh qarşı – pul tələbi barədə ilkin iddiasına; Cavabdeh “Pakpen Dış Ticaret A.Ş.” şirkətinə qarşı - pul tələbi barədə qarşılıqlı iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Pakpen Dış Ticaret A.Ş.” şirkəti Cavabdeh qarşı – cavabdehdən 877 109,17 ABŞ dollar və illik 5% faiz olan 149 108,5 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, “Pakpen Dış Ticaret A.Ş.” şirkəti (Türkiyyə Rüspublikasında fəaliyyət göstərən şirkət) plastik qapı pəncərə materialları istehsalı ilə məşğul oluran şirkətdir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Buna dair ********** №-li VÖEN verilmişdir. İddiaçı ilə cavabdeh arasında razılaşmaya görə şirkət 2011-2018-ci illər ərzində Türkiyyə Respublikasından Azərbaycana cavabdehə müxtəlif ölçülərdə müntəzəm olaraq hissə-hissə plastik PVC profilləri göndərmişdir, aralarında uzun müddət alış-veriş olmuşdur. Belə ki, 2011-ci ildə 1.098.808,18 ABŞ dolları məbləğində, 2012-ci ildə 5.738.655, 39 ABŞ dolları məbləğində, 2013-cü ildə 7.596 786,28 ABŞ dolları məbləğində, 2014-cü ildə 8.208.677,78 ABŞ dollar məbləğində, 2015ci ildə 5 954 819,96 ABŞ dolları məbləğində, 2016-cı ildə 645.420,21 ABŞ dolları məbləğində, 2017-ci ildə 155.250,69 ABŞ dolları məbləğində, 2018-ci ildə 376. 263,55 ABŞ dolları məbləğində PVC profilləri cavabdehə göndərilmişdir. 2011-2018-ci illərdə göndərilmiş malların ümumi dəyəri 29.774.682,04 ABŞ dollar təşkil etmişdir, cavabdeh malların pullarını hissə-hissə bank vasitəsilə şirkətə ödəmişdir, lakin hazırda cavabdehin şirkətə qalıq 877.109,17 ABŞ dollar borcu var. Cavabdeh borcu ödəmədiyi üçün iddiaçı məcbur olub Səbail RPİ-nə müraciət etmişdir. Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X4 09.06.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda göstərilmişdir ki, Türkiyyə Respublikasında fəaliyyət göstərən “Pakpen Dış Ticaret A.Ş.” şirkəti ilə Cavabdeh arasında plastik qapı pəncərə materiallarının alqı-satqısı olmuş və həmin müddət ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkəti müxtəlif vaxtlarda və müxtəlif məbləğlər olmaqla Cavabdeh plastik qapı-pəncərə materialları göndərmişdir. İstintaqın gəldiyi nəticəyə görə “Pakpen Dış Ticaret A.Ş.” şirkəti ilə Cavabdeh Adil oğlu arasında yaranmış mübahisə mülki xarakterli olduğundan mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırılması izah olunmuşdur. Bundan sonra, cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin pretenziya məktubunun göndərilməsinə baxmayaraq cavabdeh yenə də borcunu şirkətə ödəməmişdir. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitiniəsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Cavabdeh şirkətə olan borcunu ödəmədiyi üçün 2018ci ildən sonra mal göndərilməmişdir. Hesab edirlər cavabdehdən 877.109,17 ABŞ dollar olan borcunu ən azı 2 ildir ödəmədiyi üçün illik 5 faiz tutularaq şirkətə ödənilməlidir. Belə ki, 877.109,17 ABŞ dollar *1.7= 149.108,5 manat təşkil etmişdir, 149.108,5*0,05% = 74.554,25 manat təşkil etmişdir, 74.554,25* 2 (iki ilə) = 149 108,5 manat təşkil edəcəkdir. Cavabdeh “Pakpen Dış Ticaret A.Ş.” şirkətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Pakpen Dış Ticaret A.Ş.” şirkətindən 38010,46 ABŞ dolları borc və 2725,73 manat məbləğində cərimə əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının iddianın əsası kimi təqdim etdiyi bütün sənədlərin xarici dildə tərtib olunması, onların tərcümə və notariat qaydasında təsdiq olunmaması, habelə təqdim olunmaması və ümumiyyətlə ona heç bir aidiyətinin olmamasına görə, onların məhkəməyə yazılı sübut kimi təqdim olunması və onlara istinad edilməsinə etirazını bildirmişdir. 15.04.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında ilkin iddiaçının nümayyəndəsi məhkəməyə vəsatət verərək gömrük sənədlərinin tələb olunub sübut kimi mülki işə əlavə olunmasını xahiş etmişdir. Onun vəsatəti məhkəmə tərəfindən təmin olunmuş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğunun göndərilməsi və sorğuya cavab alınanadək növbəti məhkəmə iclasının 18.05.2021-ci il tarixə təxirə salınması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən 28.04.2021-ci il tarixli 1000-170/170- 24/006895 №-li məktubla Şirvan Kommersiya Məhkəməsinə 04.05.2021-ci il tarixdə daxil olmuş “Pakpen Dış Ticaret A.Ş.” şirkətindən alınmış malların idxalı haqqındaki sənədlər məhkəmə tərəfindən ona təqdim olunandan sonra onlara baxış keçirilən zaman həmin sənədlərə əsasən “Pakpen Dış Ticaret A.Ş.” şirkətindən 01.01.2016-cı il tarixdən 31.12.2018-ci il tarixədək olan dövr ərzində bağlanmış müqavilələrə əsasən malların idxalı haqqında məlumatdan müəyyən olunmuşdur ki, 04.04.2016-cı il tarixdən 31.12.2018-ci il tarixədək olan dövr ərzində 964335,98 ABŞ dolları dəyərində mallar onun adına idxal olunaraq gömrük nəzarətindən keçirilmişdir. Gömrük rəsmiləşdirilməsi ilə bağlı tərtib edilmiş gömrük bəyannamələrindən və müşayiət sənədlərindən göstərilən müddət ərzində Cavabdeh tərəfindən 268557,97 ABŞ dollar məbləğində ödəniş edildiyi müəyyən olunmuşdur. Göründüyü kimi gömrükdən məhkəməyə daxil olan sənədlərdə 733788.47 ABŞ dolları məbləğə dair ödəniş sənədləri gömrük tərəfindən təqdim edilməmişdir. Buna görə onun mühasibat və bank maliyyə sənədləri nəzərdən keçirilən zaman mövcüd olmayan bank ödəniş sənədləri aşkar olunmuşdur. Həmin sənədlərə əsasən qalan 733788.47 ABŞ dollar məbləğə dair ödənişlərin həyata keçirilməsi müəyyən olunmuşdur. Beləliklə, Dövlət Gömrük Komitəsindən məhkəməyə təqdim olunmuş sənədlərə əsasən tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, “Pakpen Dış Ticaret A.Ş.” şirkətindən alınmış malların ümumi dəyəri 964335,98 ABŞ dollar onun tərəfindən tam ödənilmişdir. Onu da qeyd edir ki, “Pakpen Dış Ticaret A.Ş.” şirkəti ilə aparılan ticarət zamanı alınacaq mallara görə bəzi ödənişlər əvvəlcədən edilmişdir. Belə ki, 04.04.2016-cı il tarixdən 31.12.2018-ci il tarixədək olan dövrə ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkətinə alınacaq mallara görə ödənilən məbləğ cəmi 1002346,44 ABŞ dollar təşkil etmişdir. Faktiki alınan malların dəyəri isə qeyd etdiyi kimi, 964335,98 ABŞ dollar təşkil edir. Faktiki alınan mallarla ödənilən məbləğ arasında 38010,46 ABŞ dollar fərq yaranmışdır. Beləliklə müəyyən edilmişdir ki, “Pakpen Dış Ticaret A.Ş.” şirkəti üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə cavabdehin 38010,46 ABŞ dollar məbləğində borcu yaranmışdır. Həmin borca görə hətta ona sanksiya tətbiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtib olunmuş 15.11.2019cu il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən gömrük, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə 2725,73 manat məbləğində cərimə ödənilmişdir. Bütün qeyd olunanlar ona dəlalət edir ki, onun “Pakpen Dış Ticaret A.Ş.” şirkətindən 38010,46 ABŞ dollar borc və 2725,73 manat məbləğində cərimənin əvəzinin ödənilməsini tələb etmək üçün qarşılıqlı iddia qaldırmaq hüququ vardır və həmin iddianın verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir. Beləliklə işin faktiki hallarını və qanuni əsaslarını nəzərə alaraq hesab edir ki, 38010,46 ABŞ dollar borc və 2725,73 manat məbləğində cərimənin əvəzinin “Pakpen Dış Ticaret A.Ş.” şirkətindən tutularaq onun xeyrinə ödənilməlidir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh “Pakpen Dış Ticaret A.Ş.” şirkətinin nümayəndəsi və vəkili Nümayəndə1 əvvəlki məhkəmə iclaslarında iştirak edərək, ilkin iddianı müdafiə etmiş, qarşılqlı iddiaya etiraz edərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. 23.06.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh, onun nümayəndələri Vəkil və Nümayəndə2 məhkəmə iclasında işə ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını təkid edərək, ilkin iddiaya etiraz etdilər, qarşılqlı iddianı müdafiə edərək, ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, cavabdehin və onun nümayəndələrinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsassız, qarşılıqlı iddia isə əsaslıdır. Buna görə də, ilkin iddia rədd olunmalı, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, 13.09.2011-ci il tarixdən 01.01.2019-cu il tarixədək olan dövr ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkəti tərəfindən Cavabdeh müxtəlif PVC profillərin göndərilməsinə dair X5 rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 20.07.2020-ci il tarixli və 29.07.2020-ci il tarixli pretenziya məktubları göndərilmiş, 2011-2018-ci illərdə cavabdehə göndərilmiş mallarım ümumi dəyəri 29.774.682,04 ABŞ dolları təşkil etmişdir və halhazırda cavabdehin şirkətə 877.109,17 ABŞ dolları borcu olduğu bildirilmiş, həmin borun 5 gün ərzində ödənilməsini xahiş etmiş, əks halda borcun ödənilməsi və borcun ödənilmədiyi müddətə görə illik 5 faiz ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 09.06.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, X2 27.05.2020-ci il tarixdə Səbail rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, Türkiyə Respublikasında fəaliyyət göstərən ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkətinin rəsmi nümayəndəsi olduğunu, Bakı şəhərində fəaliyyət göstərən “Ədiloğlu” firmasının rəhbəri Cavabdeh “Pakpen Dış Ticaret A.Ş.” şirkəti tərəfindən “Ədiloğlu” firmasına müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla verilmiş cəmi 877.109,17 ABŞ dolları məbləğində əmlakı etibardan sui-istifadə edərək aldadıb ələ keçirdiyini bildirmişdir. Qərardan həmçinin görünür ki, araşdırma zamanı izahatı alınmış X2 izahatında Türkiyə Cümhuriyyətində yerləşən ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkətinin rəsmi nümayəndəsi olduğunu, ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkəti plastik qapı pəncərə materialları istehsal etdiyini, təxminən 10 ildir ki, ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkəti ilə Azərbaycan Respublikasında yerləşən “Ədiloğlu” firması arasında alış-veriş olduğunu, belə ki, “Ədiloğlu” firmasının rəhbəri Cavabdeh həmin müddət ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkətindən qapı pəncərə materialları aldığını və pulları geri qaytararaq ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkətinin etibarını qazandığını, bundan sonra, 2015-ci ilin noyabr ayının əvvəllərindən 2016-cı ilin iyun ayına qədər ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkəti tərəfindən “Ədiloğlu” firmasına müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla cəmi 877.109,17 ABŞ dolları məbləğində plastik qapı pəncərə materialları göndərildiyini, lakin, “Ədiloğlu” firmasının rəhbəri Cavabdeh etibardan suiistifadə edərək “ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkətini aldadaraq pulları ələ keçirdiyini və bu günə qədər pulları geri qaytarmadığını, ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkəti tərəfindən “Ədiloğlu” firmasına 2015-ci ilin noyabr ayının əvvəllərindən 2016-cı ilin iyun ayına qədər müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla cəmi 877.109,17 ABŞ dolları məbləğində göndərilmiş plastik qapı pəncərə materiallarının siyahısını təqdim etdiyini göstərmişdir. İşdə olan Azərbaycan Respubklikası Dövlət Gömrük Komitəsinin Şirvan Kommersiya Məhkəməsinə ünvanladığı 1000-170/170-24/006895 nömrəli, 28.04.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında Cavabdehn tərəfindən 01.01.2011-ci il tarixdən 31.12.2015-ci il tarixədək olan dövr ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkətindən malların idxalı haqqında məlumat yoxdur. 01.01.2016-cı il tarixdən 04.04.2016-cı il tarixədək olan dövr ərzində aparılan idxal-ixrac əməliyyatları haqqında sənədlərin saxlama müddəti bitdiyi üçün sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 nömrəli 2000-ci il 6 mart tarixli qərarı ilə təsdiq edilmiş “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydalarının 11-ci bəndinə əsasən ləğv edilmişdir. İşdən görünür ki, iddiaçı ilə cavabdeh arasında 10.03.2016-cı il və 01.08.2016-cı il tarixli diler müqavilələri bağlanmışdır. İş materiallarında olan 07 nömrəli, 01.09.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, alıcı sifariş verməyi, satıcı isə qəbzlərdə qiymətləri məlum olan malları və əşyaları kefiyyətli şəkildə göndərməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı, mal və əşyaları təhvil almazdan əvvəl ödəniş edib-etməməkdə sərbəstdir. İş materiallarında olan 01.09.2017-ci il tarixli, 07 nömrəli müqaviləyə 31.08.2018-ci il tarixli, 02 nömrəli əlavənin surətindən görünür ki, müqavilənin müddəti 01.09.2020-ci ilə qədər uzadılmışdır. İş materiallarına olan Azərbaycan Respubklikası Dövlət Gömrük Komitəsinin 1000- 170/170-24/006895 nömrəli, 28.04.2021-ci il tarixli məktubuna əlavə edilən diskdə olan sənədlərdən görünür ki, 01.01.2016-cı il tarixdən 01.01.2019-cu il tarixədək olan dövr ərzində Cavabdeh (VÖEN: **********) tərəfindən “Pakpen Dış Ticaret A.Ş.” şirkətinə 1002346,44 ABŞ dolları məbləğində vəsaitin köçürülməsi rəsmiləşdirilmişdir. Diskdə olan sənədlərdən həmçinin görünür ki, X5 əsasında 01.01.2016-cı il tarixdən 01.01.2019-cu il tarixədək olan dövr ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkəti tərəfindən Cavabdeh 964335,98 ABŞ dolları dəyərində müxtəlif PVC profillərin göndərilmişdir. İşə əlavə edilmiş İEM-20/21 nömrəli, 07.06.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş bank sənədləri əsasında 01.01.2016-cı il tarixdən 01.01.2019cu il tarixədək olan dövr ərzində sahibkar Cavabdeh (VÖEN: **********) tərəfindən “Pakpen Dış Ticaret A.Ş.” şirkətinə 1002346,44 ABŞ dolları məbləğində vəsaitin köçürülməsi rəsmiləşdirilmişdir. Təqdim edilmiş X5 əsasında 01.01.2016-cı il tarixdən 01.01.2021-ci il tarixədək olan dövr ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkəti tərəfindən sahibkar Cavabdeh 964335,98 ABŞ dolları dəyərində müxtəlif PVC profillərin göndərilməsi rəsmiləşdirilmişdir. Təqdim edilmiş bank ödəniş sənədləri və X5 üzrə göstəricilər əsasında 01.01.2016-cı il tarixdən 01.01.2019-cu il tarixədək olan dövr ərzində Cavabdeh tərəfindən “Pakpen Dış Ticaret A.Ş.” şirkətinə aralarında bağlanmış müqavilələr əsasında təyinatı qeyd edilərək 1002346,44 ABŞ dolları məbləğində vəsaitin köçürülməsi, eyni zamanda 964335,98 ABŞ dolları dəyərində müxtəlif PVC profillərin Şirkət tərəfindən Sahibkara göndərilməsi öz əksini tapmışdır. Mədaxil və məxaric üzrə müqayisə aparıldıqda “Pakpen Dış Ticaret A.Ş.” şirkətinə köçürülmüş vəsaitdən 38010,46 ABŞ dolları (1002346,44- 964335,98) dəyərində məhsulun Cavabdeh daha az göndərilməsinin rəsmiləşdirildiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtib edilmiş MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar ilə Cavabdeh 1603,30 ABŞ dolları və ya Mərkəzi Bankın ekvivalentinə uyğun olaraq 2725,73 manat məbləğində cərimə tətbiq edilməsi qeyd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, 10.12.2018-ci il tarixdə Cavabdeh tərəfindən 35000 ABŞ dolları məbləğində vəsait əvvəlcədən malın dəyəri kimi köçürülmüşdür, lakin 270 gün müddət ötməsinə baxmayaraq 16033,57 ABŞ dolları məbləğində məhsulun idxal olunması ilə bağlı təsdiqedici sənədlər banka daxil təqdim edilməmiş və vəsait geri qaytarılmamışdır. Nəticə də İnzibatı Xətalar Məcəlləsinin 1404 saylı maddəsinə əsasən cərimə tətbiq edilmişdir. Bank sənədlərindən göründüyü kimi 10.12.2018-ci il tarixdə 112 saylı ödəniş tapşırığı ilə 35000 ABŞ dolları məbləğində vəsaitin sahibkar Cavabdeh tərəfindən “Pakpen Dış Ticaret A.Ş.” şirkətinə köçürülməsi rəsmiləşdirilmişdir. İşə əlavə olunan sənədlərdən görünür ki, 10.12.2018-ci il tarixdə 112 saylı köçürmə üzrə ərizə ilə 35000 ABŞ dolları məbləğində vəsaitin Cavabdeh tərəfindən “Pakpen Dış Ticaret A.Ş.” şirkətinə köçürülməsi rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtib edilmiş MN seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” 15.11.2019-cu il tarixli qərarın surətindən görünür ki, Cavabdeh 1603,30 ABŞ dolları və ya Mərkəzi Bankın ekvivalentinə uyğun olaraq 2725,73 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, 10.12.2018-ci il tarixdə Cavabdeh tərəfindən 35000 ABŞ dolları məbləğində vəsait əvvəlcədən malın dəyəri kimi köçürülmüşdür, lakin 270 gün müddət ötməsinə baxmayaraq 16033,57 ABŞ dolları məbləğində məhsulun idxal olunması ilə bağlı təsdiqedici sənədlər banka daxil təqdim edilməmiş və vəsait geri qaytarılmamışdır. Nəticə də İnzibatı Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə tətbiq edilmişdir. İşdə olan 619 saylı,03.12.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtib edilmiş MN seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” 15.11.2019-cu il tarixli qərara əsasən 2725,73 manat məbləğində cəriməni ödəmişdir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil 18.05.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilməklə ilkin iddianın rədd edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 07.06.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 10.03.2016-cı il və 01.08.2016-cı il tarixli diler müqavilələri bağlanmışdır. Bundan başqa, tərəflər arasında bağlanmış olan 07 nömrəli, 01.09.2017-ci il tarixli müqaviləyə əsasən, alıcı sifariş verməyi, satıcı isə qəbzlərdə qiymətləri məlum olan malları və əşyaları kefiyyətli şəkildə göndərməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 31.08.2018-ci il tarixli, 02 nömrəli əlavə ilə müqavilənin müddəti 01.09.2020-ci ilə qədər uzadılmışdır. Araşdırma zamanı həmçinin müəyyən olunmuşdur ki, 01.01.2016-cı il tarixdən 01.01.2019-cu il tarixədək olan dövr ərzində Cavabdeh (VÖEN: **********) tərəfindən “Pakpen Dış Ticaret A.Ş.” şirkətinə 1002346,44 ABŞ dolları məbləğində vəsait köçürülmüş, həmin dövr ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkəti tərəfindən Cavabdeh 964335,98 ABŞ dolları dəyərində müxtəlif PVC profilləri göndərilmişdir. Lakin, köçürülmüş vəsaitdən 38010,46 ABŞ dolları (yəni, 1002346,44 - 964335,98 = 38010,46 ABŞ dolları) dəyərində məhsulun cavabdehə göndərilməməsi müəyyən edilmişdir. 13.09.2011-ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövr ərzində Cavabdeh müxtəlif PVC profillərin göndərilməsinə dair X3 surətləri iddiaçı tərəfindən təqdim edilmiş olsa da, qeyd edilən tarixlərdə həqiqətən PVC profillərin cavabdehə göndərilməsi məhkəmə araşdırılması zamanı müəyyən olunmadı. Bundan başqa, müəyyən edilmişdir ki, 10.12.2018-ci il tarixdə Cavabdeh tərəfindən 35000 ABŞ dolları məbləğində vəsait əvvəlcədən malın dəyəri kimi “Pakpen Dış Ticaret A.Ş.” şirkətinə köçürülmüş, lakin 270 gün müddət ötməsinə baxmayaraq 16033,57 ABŞ dolları məbləğində məhsulun idxal olunması ilə bağlı təsdiqedici sənədlər banka daxil təqdim edilməmiş və vəsait geri qaytarılmamışdır. Buna görə də, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtib edilmiş MN seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” 15.11.2019-cu il tarixli qərarı ilə Cavabdeh 1603,30 ABŞ dolları və ya Mərkəzi Bankın ekvivalentinə uyğun olaraq 2725,73 manat məbləğində cərimə tətbiq edilmiş, 03.12.2019-cu il tarixdə Cavabdeh həmin qərara əsasən 2725,73 manat məbləğində cəriməni ödəmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, iddiaçı isə malların cavabdehə göndərilməsinə dair ödəliyini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında cavabdehdən əşyaları (və ya malları) təhvil almazdan əvvəl edilmiş ödənişləri almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların cavabdehə göndərilməsinə (cavabdehin mülkiyyətinə verilməsinə) dair vəzifələrin daşıyıcısı olmuşdur. İddiaçı isə göstərilən müqavilə(lər) əsasında malların dəyərini almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların cavabdehə göndərilməsinə dair vəzifəsini tam şəkildə yerinə yetirməmişdir. Buna görə də, cavabdeh iddiaçıdan göndərilməmiş mallar üzrə ödənilmiş pul vəsaitini geri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 13.09.2011-ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövr ərzində Cavabdeh müxtəlif PVC profillərin göndərilməsinə dair X3 surətləri iddiaçı tərəfindən təqdim edilmiş olsa da, qeyd edilən tarixlərdə həqiqətən PVC profillərin cavabdehə göndərilməsi məhkəmə araşdırılması zamanı müəyyən olunmadığından, 01.01.2016-cı il tarixdən 01.01.2019-cu il tarixədək olan dövr ərzində isə, cavabdeh tərəfindən iddiaçıya 1002346,44 ABŞ dolları məbləğində vəsaitinin köçürülməsi, həmin dövr ərzində iddiaçı tərəfindən cavabdehə 964335,98 ABŞ dolları dəyərində müxtəlif PVC profillərin göndərilməsi, lakin, köçürülmüş vəsaitdən 38010,46 ABŞ dolları dəyərində məhsulun cavabdehə göndərilməməsi müəyyən edildiyindən, ilkin iddia tələbi “cavabdehdən 877 109,17 ABŞ dollar pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsində əsassızdır. Buna görə də, ilkin iddia tələbi həmin hissədə rədd edilməli, qarşılıqlı iddia isə “iddiaçıdan göndərilməmiş mallar üzrə artıq ödənilmiş pul vəsaitinin geri tələb edilməsi” hisəsində təmin edilərək, 38010,46 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir. Məhkəmə, iddiaçı tərəfindən cavabdehə ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməli olmadığından, iddiaçı xarici hüquqi şəxs olduğundan, iddiaçı tərəfindən cavabdehə ödənilməli olan pul vəsaiti ABŞ dolları ilə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Digər tərəfdən, iş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 09.06.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından da aydın olur ki, “Pakpen Dış Ticaret A.Ş.” şirkətinin nümayəndəsi X2 27.05.2020-ci il tarixdə Səbail rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhərində fəaliyyət göstərən “Ədiloğlu” firmasının rəhbəri Cavabdeh “Pakpen Dış Ticaret A.Ş.” şirkəti tərəfindən “Ədiloğlu” firmasına müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla verilmiş cəmi 877.109,17 ABŞ dolları məbləğində əmlakı etibardan sui-istifadə edərək aldadıb ələ keçirdiyini bildirmişdir. Həmçinin araşdırma zamanı izahatında təxminən 10 ildir ki, ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkəti ilə Azərbaycan Respublikasında yerləşən “Ədiloğlu” firması arasında alış-veriş olduğunu, belə ki, “Ədiloğlu” firmasının rəhbəri Cavabdeh həmin müddət ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkətindən qapı pəncərə materialları aldığını, 2015-ci ilin noyabr ayının əvvəllərindən 2016-cı ilin iyun ayına qədər ərzində “Pakpen Dış Ticaret A.Ş.” şirkəti tərəfindən “Ədiloğlu” firmasına müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla cəmi 877.109,17 ABŞ dolları məbləğində plastik qapı pəncərə materialları göndərildiyini göstərmişdir. Göründüyü kimi, “Pakpen Dış Ticaret A.Ş.” şirkətinin nümayəndəsi olmuş X2 məhkəməyə mürciət etməzdən əvvəl, yəni 27.05.2020-ci il tarixdə Səbail rayon Polis İdarəsinə ərizə ilə müraciət edərkən, onlar arasında olan münasibətlərin hazırki ilkin iddia ərizəsi üzrə cavabdeh, yəni fərdi sahibkar Cavabdeh ilə deyil, Cavabdeh rəhbəri olduğu, hüquqi şəxs olan “Ədiloğlu” firması ilə yaranmış, iddiaçı ilə alış-veriş isə “Ədiloğlu” firması arasında, həm də 2015-ci ilin noyabr ayının əvvəllərindən 2016-cı ilin iyun ayına qədər olan dövr ərzində olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının mövcud ilkin iddia tələbinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı isə, 13.09.2011-ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövr ərzində müxtəlif PVC profillərin məhz fərdi sahibkar olan Cavabdeh göndərilməsinə dair hər hansı bir ötəbər subutu təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə eyni zamanda ilkin iddianın “gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 149 108,5 manat pulun cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, ilkin iddianın bu hissəsi əsassızdır. Buna görə də, ilkin iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. İlkin iddia tələbi isə “cavabdehdən 877 109,17 ABŞ dollar pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsində əsassız olduğundan rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi “cavabdehdən 877 109,17 ABŞ dollar pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsində rədd edildiyindən, ilkin iddia qeyd edilən hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin qarşılqlı iddianın “2725,73 manat məbləğində cərimənin əvəzinin ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddianın qeyd edilən hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 35000 ABŞ dolları məbləğində vəsait əvvəlcədən malın dəyəri kimi iddiaçıya köçürülmüş olsa da, iddiaçı 270 gün müddətində 16033,57 ABŞ dolları məbləğində məhsulu idxal etmədiyindən, cavabdeh bununla bağlı təsdiqedici sənədləri banka təqdim edə bilməmişdir. Buna görə də onun barəsində 2725,73 manat məbləğində cərimə tətbiq edilmiş, cavabdeh həmin cəriməni ödəməklə ona ziyan dəymişdir. Odur ki, zərərin ödənilməsi ilə bağlı məsuliyyət iddiaçının üzərinə qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyindən, həmin ziyan iddiaçının hərəkətləri nəticəsində, həm də məhz iddiaçı tərəfindən vurulduğundan, vurulmuş ziyan iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir. Məhkəmə eyni zamanda tərəflərin mövcud ilkin iddia və qarşılqlı iddia tələbləri ilə məhkəməyə müraciət etmək imkanlarını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə qarşılqlı iddiaya münasibətdə iddia müddəti tətbiq edilə bilməz və əsaslı olan qarşılıqlı iddia tələbi, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia müdəti qarşılqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən ötürülmədiyindən, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə qarşılqlı iddiaya münasibətdə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, göndərilməmiş mallar üzrə ödənilmiş pul vəsaitinin artıq ödənilmiş hissəsinin hansı dövrü əhatə etməsi dəqiq müəyyən olunmadığından, habelə cavabdeh mövcud qarşılıqlı iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmədiyindən, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsinin iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, qarşılqlı iddiaya münasibətdə iddiadan imtina edilə bilməz. İlkin iddia tələbi üzrə iddiaçının məhkəməyə müraciət etmək imkanlarına gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçı ilkin iddia tələbi üzrə iddia müddətini 2011-ci ildən 06.08.2017-ci ilə qədər olan dövr ərzində olan pul tələbinə aid hissədə ötürmüşdür. Belə ki, iddiaçı hüqununun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə 06.08.2020-ci il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçının mövcud ilkin iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini “2011-ci ildən 06.08.2017-ci ilə qədər” olan dövrə aid hissədə keçirmişdir. Mübahisə tərəfi olan ilkin iddia ərizəsi üzrə cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud ilkin iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini “2011-ci ildən 06.08.2017-ci ilə qədər” olan dövrə aid hissədə ötürdüyündən, mübahisə tərəfi olan ilkin iddia ərizəsi üzrə cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, ilkin iddia ərizəsi üzrə cavabdehin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsi üzrə iddia müddəti qismən tətbiq edilərək, iddiaçının mövcud ilkin iddia tələbi “2011-ci ildən 06.08.2017-ci ilə qədər” olan dövrə aid hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, mövcud ilkin iddia tələbi üzrə iddia müddəti qismən ötürüldüyündən, ilkin iddia “2011-ci ildən 06.08.2017-ci ilə qədər” olan dövrə aid hissədə təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud ilkin iddia tələbi üzrə iddia müddətini “2011-ci ildən 06.08.2017-ci ilə qədər” olan dövrə aid hissədə buraxdığından ilkin iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda, Cavabdeh hərəkətlərində cinayət əməllərinin aşkara çıxmasını nəzərə alaraq, bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barəsində iddiaçının nümayəndəsinin vəsatətinə dair qeyd edir ki, Cavabdeh əməlində cinayətin əlamətlərinin olması aşkara çıxarılmadığından, vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia əsassız, qarşılıqlı iddia isə əsaslıdır. Buna görə də, ilkin iddia rədd olunmalı, qarşılıqlı iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı “Pakpen Dış Ticaret A.Ş.” şirkətinin Cavabdeh qarşı – cavabdehdən 877 109,17 ABŞ dollar və illik 5% faiz olan 149 108,5 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. 38010,46 ABŞ dolları məbləğində pul vəsaiti və 2725,73 manat məbləğində cərimənin əvəzi “Pakpen Dış Ticaret A.Ş.” şirkətindən alınaraq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-61/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-61/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver