Məhkəmə qərarları › İş №e-2-2(121)-612/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-612/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-612/2024 04.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Balayeva Sevinc Natiq qızının katibliyi ilə İddiaçı “X5 Kompleksi” MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 11.969 manat, hesablanmış cərimə borcuna görə 2.393 manat və ödənilmiş mediasiya xərcinə görə 200 manat olmaqla cəmi 14.562 manat pulun cavabdehdən alınaraq “X5 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Alıcı qismində (İddiaçı) “X5 Kompleksi” MMC, tədarükçü qismində “X5 Kompleksi” MMC-nin” X7 və Emal Zavodu” filialı və fermer Cavabdeh bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 049 saylı xampambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 30,0 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 25192 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh yaranmış borcdan 13223 manat ödəniş etmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 049 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 11969 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 700 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2393 manat təşkil edir. Müqavilə üzrə təhvil verilməli idi: 20380 kq; Verilməmişdir: 11969 manat х 20% =2393 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X5 Kompleksi” MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, “2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” 049 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 30 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam-pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Üzləşmə Aktı”ndan görünür ki, 25 yanvar 2022-ci il tarixli, 049 nömrəli birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında müqavilə üzrə 15 aprel 2022-ci il tarixə fermer X2 15.068,70 manat borcunun olması müəyyən edilmişdir. Üzləşmə aktı tərəflərin imzaları ilə təsdiq edilmişdir. İşdə olan “X5 Kompleksi” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, "xxxx" MMC ilə X4 arasında imzalanmış müqaviləyə əsasən, X2 14.268,70 manat borcu qalmışdır. İş materiallarında olan “X5 Kompleksi” MMC-nin X3 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 25 yanvar 2021-ci il tarixli, 049 saylı xampambığın alqı-satqı müqaviləsinə əsasən 15.068,70 manat məbləğində borcu olması və borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə X4 xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, X4 tərəfindən “X5 Kompleksi” MMC-yə 500 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, “X5 Kompleksi” MMC ilə X4 arasında 25 yanvar 2021-ci il tarixli, 049 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 30 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib "xxxx"nın mülkiyyətinə verməyi, MMC isə bu müqavilə üzrə “Fermer”ə (istehsalçıya) avans vəsaitlər verməyi və tədarük edilən xam pambığın dəyərini “Tədarükçü” vasitəsi ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Bağlanmış 25 yanvar 2021-ci il tarixli, 049 saylı müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh X3 işlərin görülməsi üçün 25.192 manat məbləğində avans ayrılmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə 13.723 manat ödəniş etmiş, cəmi 11.469 manat borcu qalmışdır. Göründüyü kimi tərəflər arasında xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmış, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Qeyd olunan Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bundan əlavə, cavabdeh X4 xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasında verdiyi izahatında borcu qəbul etdiyini, xx.xx.2024-cü il tarixdə 500 manat ödəniş etdiyini bildirərək həmin qəbzi məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqavilələsinin bağlanılması, həmin müqavilə üzrə cavabdehin 11.969 manat borcunun olması işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Sonradan cavabdeh tərəfindən 500 manat ödəniş edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə qismən əsaslıdır. Buna görə də, iddia 11.469 manat borcun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, iddianın 754 manat cərimənin cavabdehdən tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli, 049 saylı müqaviləsinə əsasən, cavabdeh üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığın dəyərinin 20%-i həcmində (xam pambığın 1-ci növ qiyməti ilə) cərimə ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə hazırkı iş üzrə borcun 11.469 manat təşkil etməsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 120 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 25 yanvar 2021-ci il tarixli, 049 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 11.469 manat əsas borc, 120 manat cərimə borcu və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat olmaqla, ümumilikdə 11.789 (on bir min yeddi yüz səksən doqquz manat) manat məbləğində pul tutularaq iddiaçı “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11.469 manat əsas borc, 120 manat cərimə borcu və ödənilmiş mediasiya xərcinin əvəzi 200 manat olmaqla, ümumilikdə 11.789 (on bir min yeddi yüz səksən doqquz) manat məbləğində pul tutularaq iddiaçı “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar