Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-618/2022 04.08.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair iddası üzrə kommersiya mübahisəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6.500 manat gecikdirilmiş borcun, 11.700 manat hər gecikdirilmiş gün üçün hesablanmış cərimənin və 28.417 dəymiş zərərin, cəmi 46.617 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanmış 01 yanvar 2020-ci il tarixli C20CC031 nömrəli müqavilənin şərtlərinə əsasən nəqliyyat xidmətlərinin göstərilməsi üçün 90ZC307, 99KJ306, 90UO308, 90NT396 dövlət qeydiyyat nişanlı avtomobillər 01 mart 2020-ci il tarixinədək "xxxx" MMC-yə icarəyə verilmişdir. 01 mart 2020-ci il tarixli C20CC032 nömrəli müqavilənin şərtlərinə əsasən isə nəqliyyat xidmətlərinin göstərilməsi üçün 99KJ306, 90UO308, 90NT396 dövlət qeydiyyat nişanlı avtomobillər 01 dekabr 2021-ci il tarixinədək "xxxx" MMC-yə icarəyə verilmişdir. 90ZC307 dövlət qeydiyyatlı avtomobili 2020-ci ilin mart ayında nasaz vəziyyətdə qüsürla qaytarılmışdır. Həmin avtomobilin işlək və saz vəziyyətə gətirilməsi üçün 3900+1517 manat vəsait tələb olunmuşdur. 2020-ci ilin avqust ayında isə yenidən 99KJ306, 90UO308, 90NT396 dövlət qeydiyyat nişanlı avtomobillər qüsurlu, hətta ehtiyyat hissələri dəyişdirilərək və nasaz vəziyyətdə ona qaytarılmışdır. Hər üç avtomobil üçün aralarında bağlanmış 01 mart 2020-ci il tarixli müqavilənin şərtlərindən irəli gələn iki aylıq (iyun,iyul) xidmət haqları ödənilməmişdir. Bu da 6500 manat təşkil etmişdir. Ödəniş həyata keçirilməsi üçün invoys təqdim etməyinə baxmayaraq ödəniş haqları ödənilməmiş qalmışdır. 01 mart 2020-ci il tarixdə aralarında bağlanmış müqavilənin 2.6-cı bəndinə əsasən pul vəsaitləri 15 (on beş) iş günü ərzində “İcraçı”-ya ödənilməyibsə “Sifarişçi”-yə hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 1%-ni ödəməlidir. Bu isə hazırki dövr üçün 11700 manat təşkil edir. Həmin müqavilələrin 3.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, sifarişçisi nəqliyyat vasitəsinin bütün təmir işlərini öz öhdəsinə götürür. Müqavilə tərəfi nəinki avtobillərin cari təmirini həyata keçirmiş, hətta avtomillərin ehtiyyat hissələri üzərindən çıxarılmış və yararsız vəziyyətdə evakuator vasitəsi ilə ona qaytarılmışdır. Bundan başqa hər üç avtomobilə - 99KJ306, 90UO308, 90NT396 dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərər 23000 manat təşkil etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq 01 mart 2020-ci il tarixli C20CC032 nömrəli müqavilə üzrə 6500 (altı min beş yüz) manat iki aylıq icarə haqqı məbləğində gecikdirilmiş borcu və 11700 (on bir min yeddi yüz) manat hər gecikdirilmiş gün üçün hesablanmış cərimə məbləğini, eyni zamanda 90ZC307 dövlət qeydiyyat nişanlı avtomobil üçün 5417 manat və 99KJ306, 90UO308, 90NT396 dövlət qeydiyyat nişanlı avtomobillərə 23000 (iyirmi üç min) manat dəymiş zərəri, cəmi 46617(qırx altı min altı yüz on yeddi) manat vəsaitin ödənilməsini qarşı tərəfdən dəfələrlə tələb etmişdir. Müəyyən bir dövr məsələnin yolunu qoyulacağını, borcun və zərərin ödənilməsinə vəddlər verilmişdir. Lakin sonradan isə ödəniş etməkdən boyun qaçırdılar. Bundan sonra o mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində də qarşı tərəf iştirak etməkdən imtina etmişdir. Daha sonra isə onlayn karküzarlıq vasitəsi ilə Cavabdeh MMC-nə pretenziya göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddianin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianın əsassız olduğunu qeyd edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, C20CC031 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında nəqliyyat xidmətlərinin göstərilməsi üçün ** ZC ***, ** KJ ***, ** UO *** və ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillərin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci yarımbəndinə qeyd edilmişdir ki, nəqliyyat xidmətlinin aylıq ödənişi 4.050 AZN təşkir edir. Həmin müqavilənin 3.1-ci yarımbəndində qeyd edilmişdir ki, “icraçı” tərəfindən akt əsasında təhvil verilən avtomobilə, “sifarişçi” tərəfindən yoxlanıldıqdan sonra 5 gün ərizində heç bir nasazlıq və şikayət olmasa, təmir üzrə bütün xərclər sifarişçi tərəfindən ödəniləcəkdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, C20CC032 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında nəqliyyat xidmətlərinin göstərilməsi üçün ** KJ ***, ** UO *** və ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillərin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci yarımbəndinə qeyd edilmişdir ki, nəqliyyat xidmətlinin aylıq ödənişi 3.250 AZN təşkir edir. Həmin müqavilənin 3.1-ci yarımbəndində qeyd edilmişdir ki, “icraçı” tərəfindən akt əsasında təhvil verilən avtomobilə, “sifarişçi” tərəfindən yoxlanıldıqdan sonra 5 gün ərizində heç bir nasazlıq və şikayət olmasa, təmir üzrə bütün xərclər sifarişçi tərəfindən ödəniləcəkdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim vərəqələrindən görünür ki, iddiaçı ** KJ *** və ** NT *** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilləri xx.xx.2020-ci il tarixində təhvil almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim vərəqəsindən görünür ki, iddiaçı ** UO *** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobili xx.xx.2020-ci il tarixində təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş ** KJ *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin xx.xx.2020-ci il tarixə olan texniki baxış vərəqəsindən görünür ki, avtomobilə ilkin baxış keçirilmiş və ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri xərci üçün 11.105 manat məbləğ müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş ** ZC *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin xx.xx.2020-ci il tarixə olan texniki baxış vərəqəsindən görünür ki, avtomobilə ilkin baxış keçirilmiş və ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri xərci üçün 8.350 manat məbləğ müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş ** UO *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin xx.xx.2020-ci il tarixə olan texniki baxış vərəqəsindən görünür ki, avtomobilə ilkin baxış keçirilmiş və ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri xərci üçün 7.450 manat məbləğ müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş ** NT *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin xx.xx.2020-ci il tarixə olan texniki baxış vərəqəsindən görünür ki, avtomobilə ilkin baxış keçirilmiş və ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri xərci üçün 9.180 manat məbləğ müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış AZ843 nömrəli, 21 avqust 2020-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında ** KJ ***, ** UO ***, ** NT *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin təmiri ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış AZ839 nömrəli, 17 fevral 2020-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında ** ZC ***dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin təmiri ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixli təhvil-təslim vərəqələrindən görünür ki, ** ZC ***, ** KJ ***, ** UO *** və ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillər tam təmir olunmuşdur. İş materiallarında olan 01 avqust 2020-ci il tarixli, H20D036 nömrəli hesabfakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə göstərilmiş 2020-ci ilin iyun və iyul ayları üçün aylıq xidmət haqqı ümumilikdə 6.500 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində "xxxx" MMC-nin rəhbəri vəzifəsində işlədiyini, lakin hal-hazırda orada fəaliyyət göstərmədiyini bildirdi. O, ifadəsində 2020-ci ilin mart ayında fəaliyyət göstərdiyi zaman onun qarajına bir ədəd mostu olmayan maşın nasaz vəziyyətdə gətirildiyini, həmin maşına baxış keçirtdiklərini qeyd etdi. 6 ay sonra isə daha 3 maşının evakuatorla gətirildiyi bildirdi. Biz həmin maşınlara da baxış keçirtdik. Həmin maşınlar da nasaz vəziyyətdə idilər. Maşını gətirən şəxslərin iştirakı ilə təhvil-təslim akt tərtib olunmuşdur. Həmin akta İddiaçı imza etmişdir. O, daha sonra ifadəsində kənar şəxslər tərəfindən gətirilən maşınlara baxış keçirilmədiyi bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində hal-hazırda Cavabdeh MMC-də işlədiyini bildirdi. Şirkətin sifarişi əsasında sənədlərin çatdırılmasını və müəyyən işləri görüldüyü qeyd etdi. O, ifadəsində Cavabdeh MMC-nin sifarişi əsasında 2020-ci ilin qış aylarında bir ədəd “Toyota Hilux” avtomobilini idarə edərək Neftçala rayonundan Bakı şəhərində yerləşən iddiaçının ünvanına gətirdiyini, daha sonra isə digər 3 maşını da eyni qaydada iddiaçının yerləşdiyi ünvana gətirdiyini bildirdi. Sonrakı 3 maşının isə hansı vaxtda gətirdiyini xatırlamadığını bildirdi. O, eyni zamanda ifadəsində hər 4 maşın işlək vəziyyətdə olduğunu qeyd etdi. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, C20CC031 nömrəli və xx.xx.2020-ci il tarixli, C20CC032 nömrəli icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Belə ki, cavabdeh 2020-ci ilin iyun və iyul ayları üzrə ümumilikdə 6.500 manat məbləğində icarə haqqını iddiaçıya ödəməmişdir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya tərəflər arasında bağlanılmış müqavilələrin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququnu vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd olunan Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müvafiq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia icarə haqqının tutulması hissəsində təmin edilməli, cavabdehdən 6.500 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 11.700 manat hər gecikdirilmiş gün üçün hesablanmış cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış müqavilələrindən irəli gəlir. Yəni, həmin müqavilələrin 2.6-cı bəndlərinə uyğun оlaraq pul vəsaitləri 15 iş günü ərzində “İcraçı”ya ödənilməyibsə, “Sifarişçi” hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 1 %ni ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə 585 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə eyni zamanda, 28.417 manat məbləğində dəymiş zərərin tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddiaçının həmin tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsi əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiqini mümkün hesab edir. Məhkəmə qeyd edir ki, hazırkı tələb Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Həmin maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Qanunvericiliyin yuxarıda qeyd olunan normasının məzmunundan da göründüyü kimi kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli təhvil-təslim vərəqələrinə əsasən iddiaçı ** KJ *** və ** NT *** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobillərini xx.xx.2020-ci il tarixində, ** UO *** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilini isə xx.xx.2020-ci il tarixində təhvil almışdır. Belə olduğu təqdirdə iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu 19 avqust 2020-ci il tarixində bilmiş, hazırkı iddianı isə 28 mart 2022-ci ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 1 il 7 ay sonra qaldırmışdır. Məhkəmə, hesab edir ki, iddiaçının cavabdehə qarşı icarəyə verilmiş avtomobillərə vurulmuş zərərə görə tələb etmək hüququ Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbinə uyğun olaraq müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 6.500 manat məbləğində icarə haqqı və 585 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.085 (yeddi min səksən beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-618/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-618/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver