Məhkəmə qərarları › İş №e-2-2(121)-625/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-625/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-625/2022 01.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı - pul tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 3.750 manat satılmış məhsulun pulunu, uyğun olaraq 3.000 manat əldən çıxmış faizlərin, ümumilikdə 6.750 manat pulun və köçürülmüş 89 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o uzun müddətdir ki, Masallı rayonu Böyük Təklə kəndində yaşamaqla kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Lənkəran şəhərindən olan tanışı ona borc pul əvəzinə 6,2 ton toxumluq kartof məhsulu vermişdir. O da ehtiyacı ilə əlaqədar həmin toxumluq kartof məhsulunu Ləngan kənd sakini fiziki şəxs sahibkar Cavabdeh şifahi əqd bağlayaraq satmışdır. Razılaşmaya əsasən 6,2 ton kartof məsulunu hər kiloqramı 0,60 qəpik olmaqla ona 3750 manat pul verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh məhsulu aparmağa gələrkən xəstə olduğu üçün maşını onun qonşusu və əmisioğlu tərəfindən köməklik göstərilərək yüklənmişdir. Onların arasında məhsulun cavabdeh fiziki şəxs sahibkar M. Məmmədova verilməsində şifahi əqd bağlanarkən həmkəndlisi X2 və X3 iştirak etmiş və şahidlik edə bilərlər. Cavabdeh fiziki şəxs sahibkar Cavabdeh əkdiyi toxumluq kartof məhsulunu çıxardaraq satmış, onun pulunu qaytarmamışdır. Və bildirmişdir ki, bu il kartof yığımında ziyan olduğu üçün, onun pulunu növbəti illərdə qaytaracağdır. Bundan sonra xəbər tutmuş ki, Cavabdeh Rusiya Federasiyasına getmişdir. Bir müddət orda işlədikdən sonra vətənə qayıtmış və hazırda yaşadığı kənddə çiyələk əkini ilə məşğul olur. Bu illərdə çiyələk əkini ilə məşğul olduğundan maddi gəliri artmışdır. Onun maddi imkanı olduğu üçün borcun alınması məqsədi ilə Ləngan kəndindən olan dostu ilə onunla görüşərək borcun qaytarilmasını bildirmişdir. Cavabdeh isə ona heç bir borc qaytarmayacağını təkidlə israr etmişdir. Göründüyü kimi kartof məhsulunun satışından xeyli vaxt keçməsinə baxmayaraq borclu Cavabdeh aldığı məhsulun pulunu qaytarmaq istəmir və bunla da hüquqazidd hərəkətlərə yol verməkdə davam edir. Qeyd olunduğu kimi cavabdehlə məhsul satılılarkən qarşılıqlı razılaşma əldə olunmuş və şifahi olaraq əqd bağlanmışdır. Buna görə də satılmış məhsulun pulu alınaraq ona qaytarılmalıdır. Bununla yanaşı cavabdeh tərəfindən 3750 manat pulun vaxtında ona qaytarılmaması nəticəsində xeyli maddi zərər də vurmuşdur. Belə ki, əgər cavabdeh fiziki şəxs sahibkar Cavabdeh tərəfindən 3750 manat pul vaxtında ona qaytarılsaydı həmin pulu dövriyyədə istifadə etməklə əvvəlki 5-6 il ərzində minimum 3000 manat gəlir gətirmiş olardı. Bu səbəbə görədə ona cavabdeh tərəfindən zərər vurulduğu üçün itirilmiş faizə 3000 manat pul cavabdehdən tələb olunaraq ona verilməlidir. Başqa sözlə desək cavabdeh fiziki şəxs sahibkar Cavabdeh tərəfindən həmin pul vaxtında ona qaytarılsaydı pul dövriyyədə istifadə olunsaydı ona xeyli gəlir gətirərdi. Göründüyü kimi cavabdeh fiziki şəxs sahibkar Cavabdeh tərəfindən aralarında bağlanmış şifahi əqdə əməl etməyərək 3750 manat kartof məhsulunun pulunu ödəməkdə imtina etdiyi və buna uyğun olaraq itirilmiş faizlərin cavabdehdən alınaraq ona verilməsi məhkəmə qaydasında olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia müddəti keçdiyindən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və bütün sübutları tədqiq edərək hesab edir ki, iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş aktdan görünür ki, Cavabdeh İddiaçı 6 ton 160 kq kartof toxumu götürmüş və pulunu 2009-cu ilin iyun ayında ödəyəcəkdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı 14.02.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 3.750 manat satılımış məhsulun pulunu, məhsulun pulu vaxtında verilmədiyindən ona uyğun olaraq 3.000 manat əldən çıxmış faizlərin, ümumilikdə 6.750 manat pulun ona ödənilməsini tələb etmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı 23 may 2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi üzrə iddia müddətini tətbiq edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı oğlu ilə Cavabdeh arasında 2009-cu ildə şifahi alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 6 ton 160 kq kartof toxumu satmışdır. Cavabdeh İddiaçı 6 ton 160 kq kartof toxumu götürdüyünü və həmin məhsulun pulunu 2009-cu ilin iyun ayında qaytaracağına dair yazılı qaydada öhdəlik götürmüşdür. Həmin şifahi alqı-satqı müqaviləsindən yaranan mübahisələrin həll edilməsi üçün iddiaçı tərəfindən 29 mart 2022ci il tarixində məhkəməyə müraciət edilmişdir. Lakin, iddiaçı üçün iddia müddətinin axımı 2009-cu ilin iyun ayından başlamışdır. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə 29.03.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə sadalanmış normaların məzmununa əsasən qeyd edir ki, mülki qanunvericilik müəyyən edilmiş müddət ərzində başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnu müdafiə edir ki, müqavilə münasibətlərində bu müddət 3 (üç) il təşkil edir. Müddətin axımı icra müddəti müəyyən edilmiş öhdəliklər üzrə həmin müddət bitdikdə başlanır və həmin andan şəxs öz hüququnun pozulduğunu bilməlidir. İddia müddətinin tətbiqinin mümkünlüyü mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında aparılmalıdır. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Bundan başqa, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.11.2018-ci il tarixli qərarında göstərilir ki, İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış şifahi alğı-satqı müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi alğı-satqı müqaviləsi üzrə icra müddəti 2009-cu ilin iyun ayında bitərək iddia müddətinin axımı həmin tarixdən başladığından, iddia müddəti 2012-ci ilin iyun ayında bitmişdir. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülməklə, yəni 29.03.2022-ci il tarixində verildiyindən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin iş materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddia müddətinin tətbiq olunmasını xahiş edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Məhkəmə, eyni zamanda iddianın 89 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan məhkəmə xərci olan 89 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia müddəti ötürülmüş və mübahisə tərəfinin müddətin tətbiqinə dair ərizə verdiyi iddia təmin edilə bilməz. Odur ki, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar