Məhkəmə qərarları › İş №e-2-2(121)-625/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-625/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-625/2025 01.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı “X6 Kompleksi” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı “X9 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, əsas borca görə 29645 manat, hesablanmış cərimə borcuna görə 5929 manat və ödənilmiş dövlət rüsumuna görə 197 manat olmaqla, cəmi 35768 manat pulun cavabdehdən alınaraq “X6 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Alıcı qismində (İddiaçı) “X6 Kompleksi” MMC, tədarükçü qismində “X6 Kompleksi” MMC-nin “X7 və Tədarük Məntəqəsi” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 136 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 33340 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 3694 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 136 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 29645 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 5929 manat təşkil edir. Verilməmişdir:29645 х 20%=5929 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.

Tərəflərin izahatları:

3. Məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı “X6 Kompleksi” MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflər arasındakı müqavilənin müvafiq bəndlərində tədarükçünün qüsurlar və çatışmazlıqlar aşkar olunması halında qüsur aktının tərtib edilməsi, fermer tərəfindən aqrotexniki tədbirlər aparılmadığı müəyyən edildikdə bu barədə akt tərtib edilməsi kimi nəzarət xarakterli tədbirlərin görülməsi yanlız bu halların aşkar edilməsi halında nəzərdə tutulub və tədarükçü tərəfindən müqavilə üzrə nəzarət səlahiyyətlərinin həyata keçirilməməsi halı belə, yekunda cavabdehi xam pambıq istehsal edib müəssisəmizə təqdim etmək öhdəliyindən azad etmir. Müqavilənin 2.1.2-ci maddəsinə görə Pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətlərdə və keyfiyyətlə aparılmasını təmin edir. Ümumi prorses üzrə bütün aqrotexniki tədbirlərin görülməsi ilə bağlı məsul şəxs məhz fermer özüdür. Cavabdeh müqavilənin 2.1.1-ci maddəsinə əsasən mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 32.42 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkir və hər hektardan 30.0 sentnerdən az olmamaqla xam pambıq istehsal edib iddiaçının mükiyyətinə verməyi öhdəsinə götürmüşdür. Təbii ki, fermer iddiaçı ilə müqavilə bağlayarkən bir fermer olaraq bölgə üzrə torpağın məhsuldarlıq səviyyəsindən xəbərdardır və müqaviləni bağlayarkən müqavilə şərtləri ilə tanış olmuş, hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edəcəyini yəqin etmiş və müqaviləni imzalamaqla könüllü iradə ifadəsini bildirmişdir. Bundan başqa, cavabdehin etirazının əsaslarından biri də, tədarükçü tərəfindən təqdim edilən dərman, çiyid və gübrə məhsullarının keyfiyyətsiz olmasıdır. Lakin nəzərə almaq lazımdır ki, müqavilənin 2.1.3-cü maddəsinə əsasən tədarükçü tərəfindən fermerə avans vəsaitin verilməsi və texniki dəstək göstərilməsi yanlız fermerin müraciətinə və razılığına əsasən həyata keçirilir və sözügedən texniki dəstək göstərilməmişdən qabaq tərəflər arasında hər iki tərəfin razılığını ifadə edən xidmət aktı imzalanır. Hazırda cavabdeh tərəf ona təqdim edilən gübrənin, çiyidin və dərmanın keyfiyyətsiz olması barədə hər hansı mötəbər sübutu təqdim edə bilmir. İş materialları ilə yanaşı, şahid ifadələri ilə də təsdiq olunur ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmişdir. Qeyd olunanları nəzərə alaraq o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır, çünki onun iddiaçı qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi, iddiaçının özünün həmin müqavilə üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyi üçün baş vermişdir. Belə ki, aralarında bağlanmış bu müqaviləyə görə iddiaçı ona toxumluq çiyid, gübrələr, zəhərli kimyəvi preparatlar təqdim etməli idi. Lakin, iddiaçının ona birinci dəfə təqdim etdiyi toxumluq çiyid və gübrələr keyfiyyətsiz olduğu üçün pambıq yaxşı yetişməmiş və məhsuldarlıq çox aşağı olmuş, ikinici dəfə əkdiyi toxumdan sonra məhsuldarlıq normal olsa da, əkdiyi məhsula leksus böcəyi zərər vurduğundan məhsuldarlıq çox az olmuşdur. O, məhkəmənin suallarına cavabında əlavə olaraq bildirdi ki, ona verilmiş məhsulların lazımi kefiyyətdə olmaması ilə əlaqədar olaraq məhkəməyə müraciət etmiş, lakin bu barədə dəfələrlə iddiaçıya müraciətləri olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən avans vəsaitlər, dərman, çiyid, gübrə və.s ona verilmişdir. Lakin işlərin görülməsi barədə bəzi aktlardakı imzalar ona aid deyil. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, onun İddiaçı tərəfindən müqavilə şərtləri pozulduğundan iddia tələbi əsassız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq, o, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil cavabdeh ilə eyni məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilədə fors major hall kimi ziyanverici həşəratlar və böcəklər nəzərdə tutulmalı olduğu halda iddiaçı bunu qərəzli olaraq müqavilədə nəzərdə tutmamışdır, halbuki baş vermiş hadisə fors major haldır və cavabdehin öhdəliklərindən azad edilməsi üçün əsasdır. Bütün bunları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan aktlar və qəbzlərdəki imzaların kim tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertizanın keçirilməsinə prosessual qənaət prinsipi baxımından zərurət yoxdur. Ona görə ki, cavabdeh iddia ərizəsində göstərilən, həmçinin müvafiq aktlar və qəbzlərdə əks olunan çiyid, gübrə və dərman və.s vəsaitləri iddiaçıdan almışdır. Qəbul edirlər ki, onların bəzilərini cavabdeh şəxsən, bəzilərini isə onun tapşırığı ilə başqa şəxs tərəfindən iddiaçıdan təhvil alınmışdır. Onların etirazlarının əsası ondan ibarətdir ki, iddiaçı özü müqavilə şərtlərini pozmuş, bununla da cavabdehin öhdəliklərinin icrasına mane olmuşdur. Qeyd olunanları nəzərə alaraq, o, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə baxış iclasında şahid qismində iştirak etmiş X3 izahat verərək bildirdi ki, o, cavabdehin qardaşıdır. O, birinci səpində mala çəkib, əkin sahəsini traktorla şumlayıb, lakin iddiaçının birici dəfə verdiyi toxum kefiyyətsiz olduğu üçün pambıq bitməmişdir. Bundan sonra iddiaçı tərəfindən ikinci dəfə verilən toxum əkilmiş və məhsuldarlıq yaxşı olmuş, lakin leksus böcəyi zərər vurduğundan məhsuldarlıq çox az olmuşdur. Hesab edir ki, iddiaçının verdiyi dərman vasitələri də keyfiyyətsiz olduğu üçün həmin həşəratların məhv edilməsinə köməklik göstərməmişdir. O, məhkəmənin suallarına cavab olaraq bildirdi ki, iddiaçıdan təhvil alınan çiyid, gübrə və dərmanları Cavabdeh tapşırığı ilə başqa şəxslər də təhvil almışdır.

7. Məhkəmə baxış iclasında şahid qismində iştirak etmiş X5 izahat verərək bildirdi ki, toxum keyfiyyətsiz olduğu üçün təkrar əkin əkilmiş, çünki birinci əkində pambıq bitməmişdir. İkinci dəfə əkiləndə məhsuldarlıq yaxşı olmuş, lakin leksus böcəyi məhsuldarlığı məhv etmişdir.

8. Məhkəmə baxış iclasında şahid qismində iştirak etmiş X1 izahat verərək bildirdi ki, o, suvarma işi görürdü. Əkin əkilmiş, lakin toxum keyfiyyətsiz olduğu üçün pambıq bitməmişdir. İkinci dəfə əkiləndə məhsuldarlıq yaxşı olsa da, leksus böcəyi məhsuldarlığı məhv etmişdir. Dərman gec vurulduğu üçün təsiri olmamışdır. O, həmçinin bildirdi, başqa şəxslər də, toxumun keyfiyyətsiz olması ilə əlaqədar təkrarən pambıq əkmişlər və təkrar əkin zamanı məhsuldarlıq yaxşı olmuşdur. Həmin şəxslərin də məhsuluna qeyd etdiyi böcəklərdən düşmüş, dərmanları yaxşı olan şəxslər zərər görməmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

11. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.

12. Qeyd olunanları nəzərə alaraq məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

13. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

14. “X6 Kompleksi” MMC (alıcı), Cavabdeh (fermer) və “X6 Kompleksi” MMC-nin “İmişli” Pambıq İstehsalı və Tədarükü Məntəqəsi (tədarükçü) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 136 nömrəli Alqı-Satqı Müqaviləsinin: -1.1-ci bəndinə əsasən “fermer” mülkiyyətində, istifadəsində və ya icarəsində olan 32,42 hektar sahədə pambıq əkib “alıcı”ya satmağı, “alıcı” isə “fermer”in istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə “fermer”ə ödəməyi öhdəsinə götürür; - 1.2-ci bəndinə əsasən, “Fermer”lə “Alıcı” arasında müqavilə şərtlərinin təminatları, işin icrasına nəzarət, xam-pambığın qəbulu, saxlanılması və emalı tədarükçü tərəfindən həyata keçirilir; - 2.1.2-ci bəndinə əsasən, Pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətlərdə və keyfiyyətlə aparılmasını təmin etmək “Fermer”in öhdəliyidir; - 3.1-ci bəndinə əsasən, “Fermer” bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi xam pambığı bütövlükdə 01 noyabr 2021-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan standarta uyğun şəkildə tədarükçüyə təhvil verir. - 4.1-ci bəndinə əsasən, “Tədarükçü” qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı fermerdən aşağıdakı qiymətlərə qəbul edir; l növ-650 azn/ton, ll növ- 630 azn/ton, lll növ-590 azn/ton, lV növ- 550 azn/ton. - 5.1-ci bəndinə əsasən, “Alıcı” müqavilə üzrə hesablaşma tarixinə ödəmə aparmadıqda hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,01 faizi miqdarında, lakin ödənilməyən məbləğin 0,5 faizindən artıq olmamaq şərti ilə cərimə ödəyir. - 5.2-ci bəndinə əsasən, “Fermer” üzərinə götürdüyü öhdəlikdən az miqdarda xampambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xampambığın dəyərinin 20%-i həcmində (xam-pambığın 1-ci növ qiyməti ilə) cərimə ödəyir.

15. İş materiallarında olan “X6 Kompleksi” MMC-nin “İmişli” PİTM-də 2021-ci il mövsümü üzrə fermer Cavabdeh göstərilən xidmətlər, anbardan buraxılan mal-material və bank hesabına köçürülən avans vəsaitlərinin açıqlama cədvəli haqqında arayışdan və aktlardan görünür ki, Cavabdeh ümumi verilmiş avans məbləği 33340,66 manat, ödənilmiş ümumi borc 3694,97 (ödənilmiş avans borc: 2883,10 + 811,87 kartdan silinmə) manat, qalıq borcu isə 29645,69 manat təşkil edir.

16. "xxxx" ASC-nin Abşeron xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2024 dövrü üzrə Cavabdeh ******************** saylı hesabına 24150 manat vəsait köçürülmüşdür.

17. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Üzləşmə aktı”ndan və imtina aktından görünür ki, X8 üzləşmə aktını imzalamaqdan imtina etmişdir.

18. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Üzləşmə aktı”ndan və Cavabdeh xx.xx.2021-ci il tarixli, 136 nömrəli müqavilə üzrə qalıq borcu 29645,69 manat təşkil edir.

19. İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, hazırki iş üzrə cavabdeh tərəf olaraq iddianı qəbul etmirlər, ona görə ki, iddiaçı tərəflə iddia ərizəsində göstərilən 33.340 manat məbləğində avans vəsaitlər (nağd, dərman, çiyid, gübrə və s.) cavabdehə verilsə də, tərəflər arasında bağlanmış müqavilə şərtləri iddiaçı tərəfindən pozulmuş və öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Belə ki, ilkin verilmiş toxum keyfiyyətsiz olmuş, ikinci dəfə təkrar verilmiş toxum isə lazımi keyfiyyətdə olmasına baxmayaraq gec verildiyindən becərmə müddətinin gecikməsinə səbəb olmuşdur. Bundan başqa müqavilədə fors major hal kimi ziyanverici həşaratlar və böcəklər nəzərdə tutulmalı olduğu halda iddiaçı bunu müqavilədə nəzərdə tutmamışdır. Bütün bunları nəzərə alaraq hesab edirlər ki, iddia tələbi əsasızdır. İş materiallarında olan aktlar və qəbzlərdəki imzaların kim tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertizanın keçirilməsinə prosessual qənaət prinsipi baxımından zərurət yoxdur.

20. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsasən yaranmış 29645,69 manat məbləğində borcun pretenziyanın alındığı tarixdən 3 iş günü ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq “X6 Kompleksi” MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

21. X6 Kompleksi” MMC (alıcı), Cavabdeh (fermer) və “X6 Kompleksi” MMC-nin “İmişli” Pambıq İstehsalı və Tədarükü Məntəqəsi (tədarükçü) arasında xx.xx.2021-ci il tarixli, 136 nömrəli Alqı-Satqı Müqaviləsinin bağlanması, cavabdehin mülkiyyətində, istifadəsində və ya icarəsində olan 32,42 hektar sahədə pambıq əkib iddiaçıya satmağı, iddiaçının isə, cavabdehin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə cavabdehə ödəməyi öhdəsinə götürməsi, iddiaçı tərəfindən cavabdehə ümumi məbləği 33340,66 manat təşkil edən nağd vəsait, dərman, çiyid, gübrə və.s təhvil verilməsi, cavabdeh tərəfindən 3694,97 ödəniş edilməsi işin mübahisəsiz hallarını təşkil edir.

22. xx.xx.2021-ci il tarixli, 136 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə cavabdehin əsas borca görə 29645 manat, hesablanmış cəriməyə görə 5929 manat borclu olması işin mübahisə edilən halını təşkil edir.

b) Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

24. Məhkəmə baxışının hədləri:

-14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

25. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

26. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə verilən avans vəsaitlərin (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir.

27. İş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan sənədlərdən görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 33340,66 manat təşkil edən aqrotexniki xidmətləri, mal-materialı, nağd vəsaiti və s. təhvil alsa da, lakin bunun müqabilində iddiaçıya 3694,97 manat dəyərində xam-pambıq təhvil vermişdir. Nəticədə onun iddiaçıya 29645,69 manat borcu yaranmışdır. Bununla da məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur.

28. Məhkəmə cavabdehin xx.xx.2021-ci il tarixli “Üzləşmə aktı”nı imzalamaqdan imtina etməsinə münasibətdə isə qeyd edir ki, iddiaçı iddianı və onun əsasını mötəbər dəlillərlə sübut etdiyindən, cavabdehin xx.xx.2021-ci il tarixli “Üzləşmə aktı”nı imzalamaqdan imtinası hazırki vəziyyətdə onu “2021-ci il mövsümü üzrə xam-pampığın alqı-satqısına dair” xx.xx.2021-ci il tarixli, 136 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn və onun risk dairəsinə daxil olan öhdəliklərin icrasından azad etmir. Nəzərə alınmalıdır ki, iddiaçının 33340,66 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verməsi, müxtəlif xidmətlər göstərməsi, qalıq borcun 29645,69 manat təşkil etməsi iş materialları ilə təsdiq edilir.

29. Məhkəmə qalıq borcun 29645,69 manat təşkil etməsinə baxmayaraq, iddiaçının cavabdehdən əsas borca görə 29645 manat tələb etməsinə hüquqi qiymət verərək qeyd edir ki, hazırki işdə əsas borca aid hissədə iddiaçının tələbi üzrə qətnamə çıxarılmalıdır və nəzərə alınmalıdır ki bu, cavabdehin mənafeyinə də uyğundur.

30. Məhkəmə cavabdeh tərəfin iddiaçının təqdim etdiyi toxumluq çiyid, gübrə və dərman vasitələrinin keyfiyyətsiz olmasına dair dəlilləri ilə razılaşmır, ona görə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı cavabdehi lazımi keyfiyyətdə olan toxumluq çiyidlərlə təmin etmişdir. İstər cavabdeh tərəfin, istər şahid ifadələrindən görünür ki, iddiaçının ikinci dəfə verdiyi toxumluq çiyidlərin əkimindən sonra məhsuldarlıq cavabdehin gözləntilərinə uyğun olmuşdur.

31. Məhkəmə dərman vasitələrinin keyfiyyətsiz olması ilə bağlı cavabdeh tərəfin dəlilinə münasibət bildirərək qeyd edir ki, bu barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edilmədiyi üçün əsaslı hesab edilmir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən qeyd olunan məsələ ilə bağlı iddiaçıya qarşı hər hansı tələblə məhkəməyə müraciət edilməmişdir.

32. Məhkəmə, cavabdeh tərəfin “Leksus” böcəklərinin məhsula ziyan vurması ilə bağlı irəli sürdüyü dəlilə münasibətdə qeyd edir ki, bu barədə mötəbər dəlillər məhkəməyə təqdim edilməməklə yanaşı, bu hal, tərəflər arasında bağlanmış müqavilədə fors major hal kimi nəzərdə tutulmamışdır. Şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.2-ci bəndinə əsasən görə Pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətlərdə və keyfiyyətlə aparılmasını təmin etmək “Fermer”in öhdəliyidir.

33. Məhkməmə iş materiallarında olan aktlardakı imzaların bəzilərinin cavabdeh tərəfindən və ya başqa şəxslər tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizanın keçirilməsinə prosessual qənaət prinsipi baxımından zərurət olmadığını qənaətinə gəlir, çünki işin araşdırılan halları ilə, iddiaçı tərəfindən avans vəsaitlərin (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) cavabdehə şəxsən və ya cavabdehə çatdırılması üçün onun tapşırığı ilə başqa şəxsə verilməsi müəyyən olunur. Məhz bu səbəbdəndir ki, cavabdeh tərəf də iş üzrə ekspertizanın keçirilməsinə zərurət olmadığını bildirmişdir.

34. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslıdır.

35. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.2 bəndlərinə əsasən, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil vermədiyi təqdirdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü miqdarda xam pambıq təhvil vermədiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.

36. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

37. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 5929 manat məbləğində cərimənin tutulması hissəsində tam əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

Məhkəmə xərcləri:

38. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 180,44 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya verilməli, qalan 16,56 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Nəticə:

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 29645 manat əsas borc, 500 manat cərimə olmaqla, cəmi 30145 (otuz min yüz qırx beş manat) manat borc və ödənilmiş dövlət rüsumuna görə 180,44 (bir yüz səksən manat, qırx dörd qəpik) manat pul vəsaiti tutularaq iddiaçı “X6 Kompleksi” MMCnin xeyrinə ödənilsin İddia qalan hissədə təmin edilməsin Ödənilmiş qalan 16,56 (on altı manat, əlli altı qəpik) manat dövlət rüsumu iddiaçı “X6 Kompleksi” MMC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar