Məhkəmə qərarları › İş №e-2-2(121)-631/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-631/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-631/2023 17.05.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 02 iyun 2022-ci il tarixli, 345-İ/22 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 250 manat borc, 30 manat dəbbə pulu, 20 manat mediasiya sessiyasına ödənilmiş xərc olmaqla, cəmi 300 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 02 iyun 2022-cu il tarixli, 345- İ/22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.-ci bəndinə görə “Satıcı” özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, “Alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə, “Alıcı”ya verilən məhsulların bir vahidinin qiyməti və ümumi dəyəri, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV faktura ilə müəyyən edilir və nağdsız qaydada 30 gün müddətinə ödənilməsi “Alıcı” tərəfindən təmin edilməlidir. Müqavilənin 4.1-ci bəndinə görə, müqavilənin 2.1-ci bəndi nəzərə alınmaqla “Alıcı” tərəfindən mal(ların) faktura ilə müəyyən olunmuş dəyəri köçürmə yolu ilə “Satıcı”ya ödənildikdə, “Alıcı”nın müvəkkil banka verdiyi ödəniş tapşırığının müvəkkil bank tərəfindən təsdiq olunmuş surətini təqdim edərək “Satıcı”nı xəbərdar etmək “Alıcı”nın vəsifəsidir. Müqavilənin 4.2.4-cü bəndinə görə, “Alıcı” təhvil aldığı mal(ların) dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,2% həcmində peniya ödəyir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, “Alıcı” son istifadə müddətinə 30 gün qalmış bütün malları “Satıcı”ya rəsmi (qaimə-faktura əsasında) təhvil verməlidir. Qeyd edilən müddət keçdikdən sonra mallar “Satıcı” tərəfindən qəbul edilmir və bu müqavilənin alıcısı həmin malların tam dəyərini ödəyir. Müqavilənin 5.1.1-ci bəndinə görə, tərəflər qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll olunur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixlə elektron qaimədən görünür ki, Cavabdeh 250 manat borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu alsa da, borcu ödəməkdən imtina etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfə mediasiya prosesinin tədbiqi barədə təklif göndərilmişdir. Lakin cavabdeh həmin mediasiya təklifinə heç bir cavab verməmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə Mediasiya Şürasının Bakı 18 saylı Mediasiya Təşkilatına mediatorun təyin olunması ilə bağlı ərizə ilə müraciət olunmuş və xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasının arayışı tərtib olunmuşdur. Hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna, habelə fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2013-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2022-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda İmişli şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2022-ci il tarixli, 345-İ/22 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən tərəflərin müqaviləni imzaladığı və təsdiq etdiyi andan etibarən “Satıcı” rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları, bundan sonra “mal(ların)”ı “Alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında “Alıcı”ya satmağı öz öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən, satılan mal(ların) hər birinin miqdarı faktura ilə müəyyən edilir; 2.1-ci bəndinə əsasən, bu müqavilənin 1.1.-ci maddəsinə əsaslanaraq, “Satıcı” öz ambarından realizə edilməsi üçün “Alıcı”ya verdiyi mal(ların) bir vahidinin qiymətini, ümumi dəyərini və həmçinin qanunvericiliyə müvafiq olaraq, hesablanmış ƏDV-ni, faktura ilə müəyyən edir. “Alıcı”ya faktura təqdim olunan gündən etibarən, nağdsız qaydada 30 təqvim günü müddətində faktur üzrə göstərilən məbləğ “Satıcı”nın xeyrinə ödənilməlidir; 2.3-cü bəndinə əsasən, bu müqaviləyə əsasən “Satıcı” tərəfindən təchiz olunacaq mal(ların) kəmiyyəti,çeşidi, hesablaşma qaydası, qiyməti və ödəniş müddətləri “Alıcı” ilə razılaşdırılır və bu müqavilənin müvafiq əlavələrində müəyyən edilir; 3.2.1-ci bəndinə əsasən, “Alıcı” tərəfindən sufariş olunmuş mal(lar)ın “Satıcı” tərəfindən təhvil verilməsi tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-təslim aktı (qaimə faktura) əsasında həyata keçiriləcək; 4.2-ci bəndinə əsasən, “Satıcı” tərəfindən “Alıcı”ya realizə edilməsi üçün təhvil verilmiş mal(ların) tam dəyərini köçürülmə üsulu ilə “Alıcı” tərəfindən 30 təqdim günü müddətində ödəməyə öhdəlik verir; 4.2.4-cü bəndinə sasən, “Alıcı” təhvil aldığı mal(ların) dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,2% həcmində peniya ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 307907 nömrəli “elektron qaimə”nin surətindən görünür ki, dəyəri 250 manat olan mallar İddiaçı tərəfindən Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 0103-2816 nömrəli “Satış fakturası”ndan görünür ki, ümumi dəyəri 250 manat olan mallar Cavabdeh (“Markiz hamam”) təhvil verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 250 manat məbləğində borcun 10 təqvim günü müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “Ödəniş tapşırığı”nın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Bakı 18 saylı Mediasiya Təşkilatının hesabına 20 manat vəsait ödəmişdir. Məhkəmə, beləliklə işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-ci paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulan alqı-satqı müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. İşin faktiki halları belədir ki, iddiaçı rəsmi distribütoru olduğu və özünün idxal etdiyi malı cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə çatdıraraq ona təhvil vermək, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul məbləğini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malı cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış alqı-satqı müqaviləsindən (əşyaların nisyə satışından) irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini tam icra etdiyini, cavabdehin isə öhdəliyini lazımınca icra etmədiyini iddia edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında malların nisyə satışnı nəzərdə tutan alqısatqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının müqavilənin obyekti olan malları cavabdehə təhvil verməsi işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, malların təhvil verilməsinə dair satış fakturasına, cavabdehə göndərilmiş elektron qaiməyə, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir, həmçinin onun tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz, tələbin tam və ya qismən əsassızlığına dair sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil aktını, elektron qaiməni və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 250 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 250 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 250 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası haqlı və qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2.4-cü bəndinə əsasən, təhvil alınan malların dəyəri bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödənilmədikdə hər gecikdirilən gün üçün malların dəyərinin ödənilməmiş 0,2 faiz məbləğində cərimə ödəmək öhdəliyini Cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən malların dəyərinin ödənilməməsi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi əsaslıdır. Məhkəmə həmçinin iddianın 20 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddiaçı 30 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 345-İ/22 nömrəli müqavilə üzrə yaranmış 250 manat əsas borc, 30 manat dəbbə pulu və mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 20 manat olmaqla, cəmi 300 manat pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar