Məhkəmə qərarları › İş №e-2-2(121)-638/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-638/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-638/2024 08.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, iddiaçı Ləğv prosesində olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cəbrayıl rayon Təhsil şöbəsinə və Cavabdeh2nə qarşı istehlak olunmuş istilik enerjisinə görə pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cəbrayıl rayon Təhsil şöbəsinə və Cavabdeh2nə qarşı istehlak olunmuş istilik enerjisinə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cəbrayıl rayonu Təhsil şöbəsindən və Cavabdeh2ndən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Ləğvetmə Komissiyasının xeyrinə İddiaçı MMC ilə Cəbrayıl rayonunun Təhsil şöbəsi arasında istilik enerjisinin alqı-satqısı barədə 2016-cı il 07 noyabr tarixli 121/RM-19 nömrəli Müqavilə” üzrə yaranmış 52.337.08 (əlli iki min üç yüz otuz yeddi manat səkkiz qəpik) manat məbləğində borcun, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödəmiş 250 (iki yüz əlli) manat dövlət rüsumunun, cəmi 52.587.08 (əlli iki min beş yüz səksən yeddi manat səkkiz qəpik) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cəbrayıl rayon Təhsil şöbəsi arasında istilik enerjisinin alqı-satqısı barədə 2016-cı il 07 noyabr tarixli 121/RM-19 nömrəli Müqavilə” şərtlərinə əsasən 2016-2017-ci illərdə Cəbrayıl rayonu Təhsil şöbəsinin tabeliiyində olan 6 məktəb istilik enerjisi ilə təmin edilmişdir. Qeyd olunan fəaliyyət çərçivəsində və sözügedən müqavilə əsasında cavabdehin İddiaçı MMC-yə 52.337.08 (əlli iki min üç yüz otuz yeddi manat səkkiz qəpik) manat debitor borcu yaranmışdır. Müqavilənin 4-cü və 5-ci bəndlərinə əsasən ödəniş müəyyən edilmiş tarif üzrə və hesablaşma dövrü ərzində köçürmə yolu ilə aparılmalı idi. Lakin bu günədək cavabdeh müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri yerinə yetirməyərək ona satılmış istilik enerjisinin dəyərini iddiaçıya ödəməmişdir. Bununla əlaqədar olaraq dəfələrlə cavabdehə yazılı və şifahi müraciətlər edilsə də heç bir nəticə əldə edilməmiş, müqavilə öhdəliyi üzrə yaranmış borcun ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 5-ci bəndinə əsasən “istehlakçı” bu müqavilə üzrə nəzərdə tutulmuş istilik enerjisinin dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirdiyi hər gün üçün ödənməli olan vəsaitin 0,01 faizi məbləğində dəbbə pulu ödəyəcəkdir. Qeyd olunanlara əsasən hesab edilir ki, yaranmış mübahisə məhkəmə qaydasında həll edilməli, müqavilə üzrə yaranmış 52337.08 (əlli iki min üç yüz otuz yeddi manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı MMC-nin Ləğvetmə Komissiyasına ödənilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər hazırki mübahisənin və tərəflər arasında olan hüquq münasibətinin kommersiya xarakteri daşımaması və buna görə də iddia tələbinə kommersiya mübahisələrinə dair iş kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması əsası ilə geri qaytarılmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”yə və şəhər və rayon təhsil şöbələrinin (idarələrinin) fəaliyyətini tənzimləyən normativ aktlara əsasən, şəhər və rayon təhsil şöbə və ya idarələri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan, elm və təhsil sahəsində dövlət siyasətini və tənzimləməni həyata keçirən, həmçinin tabeliklərində olan dövlət təhsil müəssisələrinin maddi-texniki və digər təminatlarını həyata keçirən dövlət (inzibati) orqanları kimi fəaliyyət göstərirlər. Bununla yanaşı “Elektron Məhkəmə” İnformasiya Sistemində olan hüquqi şəxs haqqında məlumatlardan görünür ki, Cəbrayıl rayon Təhsil şöbəsi xx.xx.2005-ci il tarixdə ********** eyniləşdirmə nömrəsi ilə, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ********** eyniləşdirmə nömrəsi ilə vergi orqanlarında qeydiyyata alınmışdır. İddia ərizəsinin məzmunundan görünür ki, hazırki tələb alğı-satqı müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərindən yaranmış tələbdir. Belə ki, İddiaçı MMC cavabdeh Cəbrayıl rayon Təhsil şöbəsi ilə aralarında bağladıqları istilik enerjisinin alğı-satqısına dair müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməyərək istehlak etdiyi istilik enerjisinə görə şərtləşdirilmiş haqqı ödəmədiyini iddia edir və həmin məbləğin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mübahisənin predmetini iddiaçı ilə cavabdeh arasında bağlanmış istilik enerjisinin alğı-satqısına dair razılaşmaya əsasən cavabdehin öz üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi nəticəsində iddiaçının pozulmuş subyektiv hüququnun müdafiəsi təşkil edir. Belə ki, iddia ərizəsinin məzmununa və işdə olan sənədlərə əsasən müəyyən olunan işin faktiki hallarının təhlili bu nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçının tələbi, cavabdehin aldığı istilik enerjisinin dəyərini razılaşdırılmış müddətdə iddiaçıya ödəməməsindən irəli gələn mülki-hüquqi tələbdir. Məhkəmə, yuxarıda şərh olunan xüsusatları nəzərə almaqla mübahisənin kommersiya məhkəmələrinin baxış predmetinə aid olmasını müəyyən edən əsas və həlledici meyarla, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri ilə bağlı qeyd edir ki, hazırki işdə iddiaçının fəaliyyət sahəsi nəzərə alındıqda, onun hərəkətlərini sahibkarlıq fəaliyyəti ilə əlaqələndirmək mümkün olsa da, bunu cavabdeh haqqında birmənalı şəkildə söyləmək olmaz. Belə ki, iddia ərizəsinin məzmunundan, işdə olan müqavilədən və digər sənədlərdən görünür ki, tərəflərin razılaşmasının və həmin razılaşma üzrə həyata keçirilən öhdəliklərin məzmunu 6 sayda dövlət ümumtəhsil məktəbi və uşaq baxçalarının istilik enerjisi ilə təmin edilməsi barədə olmuşdur. Bu isə heç bir halda adı çəkilən müqavilə bağlayarkən cavabdeh Cəbrayıl rayon Təhsil şöbəsinin gəlir (mənfəət) əldə etmək niyyətinin olmadığını, həmçinin tabeliyində olan dövlət təhsil müəssisələrinin istiliklə təmin edilməsi istiqamətində fəaliyyətinin sahibkarlıq fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığını nümayiş etdirir. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında mövcud olan münasibətlər kommersiya deyil, adi istehlak xarakteri daşımışdır. Belə münasibətlərdən yaranan mübahisələr isə ümumi məhkəmələrin baxış predmetinə aid hesab edilir. Şərh olunanlara əsasən məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin tərəflərin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığı qənaətinə gəlir. İşin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin həlledici meyar təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə gəldiyi nəticənin maddi və prosessual hüquqi əsaslandırılması olaraq qeyd edir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri hazırki mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını mümkünsüz edir. Buna görə də iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya ərazi aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403- 1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cəbrayıl rayon Təhsil şöbəsinə və Cavabdeh2nə qarşı istehlak olunmuş istilik enerjisinə görə pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar