Məhkəmə qərarları › İş №e-2-2(121)-640/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-640/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-640/2021 17.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Fərdi Firmasının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Fərdi Firmasının Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Fərdi Firması Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Fərdi Firması ilə Cavabdeh MMC arasında bağlanmış 05 iyul 2019-cu il tarixli 23/U saylı malların satınalma müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən ödənilməmiş qalıq borc qismində 67.200 manat məbləğdə pulun və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Fərdi Firması ilə Cavabdeh MMC arasında 05 iyul 2019-cu il tarixdə un məhsulunun satışı ilə əlaqədar 23/U saylı malların satınalma müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı fərdi firması müqavilə qüvvədə olduğu müddətdə, yəni 05.07.2019-cu il tarixdən 05.07.2020-ci il tarixədək Cavabdeh MMC-yə onun sifarişi əsasında un göndərməyi, Cavabdeh MMC isə öz növbəsində həmin malı müəyyən edilmiş vaxtda qəbul etməyi və malın pulunu ödəməyi öz öhdəsinə götürür. 05 iyul 2019-cu il tarixdən başlayaraq Cavabdeh MMC-yə satılan malların dəyəri 77.200 manat olmuşdur. Cavabdeh MMC tərəfindən borcundan 10.000 manat ödənilmişdir. Qalan 67.200 manat hal-hazıra qədər ödənilməmişdir. Bununla əlaqədar Cavabdeh MMC-nin direktoru X3 ilə 01 fevral 2021-ci il tarixli üzləşmə aktı imzalanmışdır. X3 Cavabdeh MMC-nin 67.200 manat borcu olduğunu imzası və möhürü ilə təsdiq etmişdir. Hal-hazırda Cavabdeh MMC-nin İddiaçı fərdi firmasına 67.200 manat məbləğində borcu vardır. Cavabdeh MMC-nin direktoru X1 borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Borc ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Fərdi Firmasının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 iyul 2019-cu il tarixli, 23/U saylı malların satınalma müqaviləsindən görünür ki, İddiaçı Fərdi Firması ( “Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı”) arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən “Satıcı” “Alıcı”ya 700.000 manat məbləğində un satılmasını, “Alıcı” isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “Satıcı”-dan qəbul edilməsini və dəyərini ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, 515490 nömrəli, 23.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 9600 manat, 226208 nömrəli, 07.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 9600 manat, 538047 nömrəli, 15.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 9600 manat, 414452 nömrəli, 04.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 9600 manat, 157168 nömrəli, 15.10.2019-cu il tarixli elektron qaiməyə əsasən 19200 manat, 816188 nömrəli, 22.11.2019-cu il tarixli elektron qaiməyə əsasən 9800 manat, 107533 nömrəli, 28.11.2019-cu il tarixli elektron qaiməyə əsasən 9800 manat, ümumilikdə 77.200 manat dəyərində buğda unu İddiaçı Fərdi Firması tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir. İş materialında olan İddiaçı Fərdi Firması tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 14 avqust 2020-ci il tarixli, 114 saylı pretenziya məktubundan görünür ki, İddiaçı Fərdi Firması və Cavabdeh MMC arasında bağlanmış 05 iyul 2019-cu il tarixli, 23/U saylı satınalma müqaviləsinə əsasən yaranan 67.200 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı Fərdi Firmasının direktoru ilə Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmış və möhürlənmiş 01 fevral 2021-ci il tarixli üzləşmə aktından görünür ki, 01 fevral 2021-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı Fərdi Firmasına 67.200 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. İş materiallarında olan “dövlət rüsumunun ödənilməsi haqqında məlumat”dan görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı Fərdi Firması (“Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı”) arasında bağlanmış 05 iyul 2019-cu il tarixli, 23/U saylı malların satınalma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Satıcı” “Alıcı”ya 700.000 manat məbləğində un satılmasını öhdəsinə götürmüş, “Alıcı” isə müqavilədə nəzərə tutulmuş şərtlər əsasında malların “Satıcı”dan qəbul edilməsini və dəyərini ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə 77.200 manat dəyərində öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 67.200 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 05 iyul 2019-cu il tarixli, 23/U saylı alqı-satqı müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaiməfakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (equtu) ötürülür. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli, 89 saylı Qərarı ilə müəyyən olunmuş qaydada, yəni elektron qaimə-faktura əsasında göndərilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 05 iyul 2019-cu il tarixli, 23/U saylı malların satınalma müqaviləsinə əsasən cavabdehin 67.200 manat məbləğində borcunun olması iş materialları ilə tam sübuta yetirilir. Cavabdeh tərəfindən iddiaçının malların (buğda ununun) ona göndərilməsini təkzib edən, o cümlədən borcun ödənilməsi barədə məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019- cu il tarixli qərarında göstərilmişdir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 67.200 manat borcun İddiaçı Fərdi Firmasının xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən 67.200 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 67.230 (altmış yeddi min iki yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı Fərdi Firmasına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar