Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-663/2023 24.06.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mühasibat uçotuna dair bərpa işlərinin aparılması xidmətləri üzrə” BS0817 saylı, 17 avqust 2022-ci il tarixli müqaviləyə əsasən yaranmış 5.800 manat məbləğində əsas borcun, 1.044 manat ƏDV-nin və 440,80 manat cərimə məbləğinin və 100 manat mediasiya rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh, Cəmiyyətin direktoru X2 şəxsində və «İcraçı» İddiaçı, Cəmiyyətin direktoru X1 şəxsində BS0817 saylı, 17 avqust 2022-ci il tarixli mühasibat uçotuna dair bərpa işlərinin aparılması (“1C” mühasibatlıq proqramında müvafiq məlumatların sistemləşdirilərək yerləşdirilməsinin təmin olunması) xidmətləri üzrə müqavilə təsdiqlənmişdir. Müqaviləyə əsasən İcraçı mühasibat uçotuna dair bərpa işlərinin aparılması üzrə İcraçının ofisində xidmətləri həyata keçirməyi, Sifarişçi isə bunun müqabilində İcraçıya Müqavilə ilə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqını ödəməyi təmin etməli idi. Qeyd olunan müqavilə üzrə öhdəliklər Sifarişçinin tapşırığına əsasən tam və vaxtında İcraçı tərəfindən yerinə yetirilmişdir. Müqaviləyə uyğun olaraq xidmətlərin icrasına Sifarişçi tərəfindən təqdim olunan sənədlərin və digər məlumatların rəsmi qaydada İcraçıya verilməsi və Sifarişçi tərəfindən təyin olunmuş Koordinatorun verdiyi sifarişlər əsasında həyata keçirilir. Müqavilənin 4.1.-ci maddəsinə əsasən Sifarişçi bu Müqavilə üzrə göstərilmiş xidmətlərin icrasına görə İcraçıya 5800 AZN (beş min səkkiz yüz) manat məbləğində (ƏDV xaric) xidmət haqqı ödəməli idi. Bu Müqavilənin 4.1 bəndində nəzərdə tutulmuş xidmət haqqının göstərilmiş xidmətin nəticəsi İcraçı tərəfindən Sifarişçiyə təhvil verildiyi tarixdən etibarən 3 (üç) iş günü ərzində, Sifarişçi tərəfindən İcraçıya nağd qaydada və ya bank köçürməsi yolu ilə ödənilməli idi. 15 sentyabr 2022-ci il tarixində İddiaçı MMC tərəfindən EBCD seriyalı, 929498 nömrəli elektron-qaimə göndərilmişdir. Elektron qaiməyə əsasən cəmi 5800 (beş min səkkiz yüz) manat əsas borc və 1044 (bir min qırx dörd) manat ƏDV, yekun olaraq 6844 (altı min səkkiz yüz qırx dörd) manat məbləğ hər iki tərəfin imza-möhürü ilə təsdiqlənmişdir. Lakin 15 sentyabr 2022-ci il tarixindən indiyədək hələ də Cəmiyyətin hesabına ödəniş daxil olmamışdır. Əlavə olaraq, müqavilənin 5.3-cü bəndinə əsasən xidmət haqqının ödənilməsi gecikdirildikdə Sifarişçi gecikdirilən hər gün üçün İcraçıya ödənilməli məbləğin 0.1% (sıfır tam onda bir) miqdarında cərimə ödəməlidir. 15 sentyabr 2022-ci il tarixindən 30 noyabr 2022- ci il tarixinədək 440,80 (dörd yüz qırx manat, səksən qəpik) manat cərimə məbləği ödənilməlidir. BS0817 saylı, 17 avqust 2022-ci il tarixli mühasibat uçotuna dair bərpa işlərinin aparılması (“1C” mühasibatlıq proqramında müvafiq məlumatların sistemləşdirilərək yerləşdirilməsinin təmin olunması) xidmətləri üzrə Müqavilə üzrə yaranmış 5800 (beş min səkkiz yüz) AZN məbləğində əsas borcu, 1044 (bir min qırx dörd) manat ƏDV-ni və 440,80 (dörd yüz qırx manat, səksən qəpik) manat cərimə məbləğinin geri qaytarılmasına dair cavabdehə xəbərdarlıq məktubu göndərilərək xəbərdarlıq çatdığı tarixdən etibarən 3(üç) iş günü ərzində məbləği tam ödəmək tələbi bildirilsə də, ödəniş edilməmişdir. Xəbərdarlıq (pretenziya) məktubuna cavab gəlmədiyi və ödəniş edilmədiyi üçün Salyan 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət edilmişdir. Salyan 1 saylı Mediasiya Təşkilatından xx.xx.2023-cü il tarixində MŞS/MT-028/2023/0010 K saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz daxil olmamışdır. İddiaçı direktoru X1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə iclasına gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış BS0817 saylı, 17 avqust 2022-ci il tarixli “Birdəfəlik mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında Xidmət Müqaviləsi”nin: 1.1-ci bəndinə əsasən, bu Müqavilə ilə “İcraçı”, “Sifarişçi”nin mühasibat uçotuna dair bərpa işlərinin aparılması (“1C” mühasibatlıq proqramında müvafiq məlumatların sistemləşdirilərək yerləşdirilməsinin təmin olunması) ilə bağlı birdəfəlik xidmətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq “İcraçı”nın ofisində həyata keçirir, “Sifarişçi” isə bunun müqabilində “İcraçı”ya bu Müqavilə ilə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin edir; 2.1.6-cı bəndinə əsasən, “Sifarişçi” bu Müqavilə üzrə göstərilən xidmətlərin müqabilində, “İcraçı”ya bu Müqavilənin 4-cü maddəsinə uyğun olaraq xidmət haqqını nəzərdə tutulmuş qaydada və vaxtında ödəyir; 3.3-cü bəndinə əsasən, bu Müqavilənin 1.1-ci bəndində göstərilmiş xidmətin icrası yekunlaşdıqdan sonra “İcraçı” tərəfindən tərtib edilmiş və imzalanmış Təhvil-təslim “Sifarişçi”yə təqdim edilir; 4.1-ci bəndinə əsasən, “Sifarişçi” bu Müqavilə üzrə göstərilmiş xidmətlərin icrasına görə “İcraçı”ya 5.800 AZN (beş min səkkiz yüz) manat məbləğində (ƏDV xaric) xidmət haqqı ödəyir; 4.2-ci bəndinə əsasən, bu Müqavilənin 4.1 bəndində nəzərdə tutulmuş xidmət haqqının göstərilmiş xidmətin nəticəsi Təhvil-təslim aktı ilə “İcraçı” tərəfindən “Sifarişçi”yə təhvil verildiyi tarixdən etibarən 3 (üç) iş günü ərzində, “Sifarişçi” tərəfindən “İcraçı”ya nağd qaydada və ya bank köçürməsi yolu ilə ödənilir; 4.3-cü bəndinə əsasən, xidmətin həyata keçirilməsi üçün zəruri olan digər ödənişlər (dövlət rüsumları, haqlar, yığımlar və s.) “Sifarişçi” tərəfindən və ya dəyəri razılaşdırılmış qaydada “İcraçı”ya ödənilməklə “İcraçı” tərəfindən həyata keçirilir; 5.3-cü bəndinə əsasən, bu Müqavilənin 4.2-ci bəndinə əsasən, xidmət haqqı “Sifarişçi” tərəfindən gecikdirildikdə hər gecikdirilmiş məbləğin 0.1%-i həcmində cərimə “İcraçı”ya ödənilməlidir. 6.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və bu Müqavilə üzrə öhdəliklər tam icra olunanadək qüvvədədir. İş materiallarında olan, hər iki hüquqi şəxsin rəhbərinin imzası və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmiş xx.xx.2022-ci i tarixli, 929498 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 6844,0 manat (5800 manat əsas məbləğ, 1044 manat ƏDV) dəyərində iş görülmüşdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, məktubda İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış BS0817 saylı, 17 avqust 2022-ci il tarixli “Birdəfəlik mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında Xidmət Müqaviləsi”nə əsasən Cavabdeh MMC-nə iddiaçı tərəfindən göstərilmiş xidmətin qarşılığı olaraq 6844,0 manat (5800 manat əsas məbləğ, 1044 manat ƏDV) pulun və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış 440,80 manat cərimə məbləğinin 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞS\MT-028\2023\0010 K nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh MMC iştirak etməmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı tərəfindən cavabdehin sifarişi ilə mühasibat uçotuna dair bərpa işlərinin aparılmasından (“1C” mühasibatlıq proqramında müvafiq məlumatların sistemləşdirilərək yerləşdirilməsinin təmin olunması) ibarət olan birdəfəlik işlərin görülməsi, cavabdeh tərəfindən isə görülən işlərin qarşılığında müvafiq haqqın (muzdun) iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər “Birdəfəlik mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında Xidmət Müqaviləsi” adlandırdıqları xx.xx.2022-ci il tarixli müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında müvafiq işləri gördüyünü, lakin cavabdehin görülən işlərin qarşılığında müqavilə üzrə ödənilməsi razılaşdırılmış 5800 manat xidmət haqqının və 1044 manat ƏDV-nin ödəmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulan podrat müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, tərəflər arasında bağlanan müqavilə “Xidmət müqaviləsi” adlandırılsa da, müqavilənin məzmunundan və şərtlərindən, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında iş görülməsi (podrat) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından (cavabdehin sifarişi ilə iddiaçı tərəfindən mühasibat uçotuna dair bərpa işlərinin aparılması, cavabdehin isə görülən işlərin haqqının iddiaçıya ödənilməsinə dair razılığa gəlinməsi) görünür ki, tərəflərin iradə ifadəsi məhz podrat müqaviləsinin bağlanmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə, eləcə də müqavilənin icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan podrat müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olubolmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış podrat müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə İddiaçı MMC müqavilənin 1.1-ci bəndində göstərilən işlərin görülməsini, Cavabdeh MMC isə razılaşdırılmış muzdu ödəməyi öhdəliklərinə götürmüşlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən, İddiaçı MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirərək cavabdeh “İlkin-N MMC-nin sifarişi əsasında tələb olunan işləri görmüşdür. Bu xüsusat işdə olan, hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş qaimə ilə öz təsdiqini tapdığı kimi, cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Cavabdeh MMC isə müqavilə üzrə öz üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya görülən işlərin qarşılığında ödənilməmiş borcu yaranmışdır. Cavabdehin görülən işlərin qarşılığında borcunun yaranması işdə olan müqavilə və qaimə ilə sübut olunur. Borcun olmasına dair iddiaçının tələbi də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bununla da, Cavabdeh MMC-nin müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MMCnin Cavabdeh MMC-yə qarşı, tərəflər arasında bağlanmış müqavilə üzrə görülən işlərin qarşılığında haqqın (borcun) ödənilməsi barədə öhdəliklərinin icrasına dair tələbi hüquqi və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş podrat müqaviləsi üzrə sifarişçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Yenə həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən icra edilmədiyinə görə müqavilə üzrə borcun Cavabdeh MMC-dən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi əsas borca münasibətdə tam təmin edilməlidir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, xidmət haqqı gecikdirildikdə hər gecikdirilmiş məbləğin 0.1%-i həcmində cərimə ödəmək öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdehin əsas borcun ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun satıcının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 440,80 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 40 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin iddianın 100 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 88,84 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehndən 17 avqust 2022-ci il tarixli, BS0817 nömrəli müqavilə üzrə 5.800 manat məbləğində əsas borc, 1.044 manat ƏDV, 40 manat cərimə, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat mediasiya xərci olmaqla, cəmi 6.984 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 88,84 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-663/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-663/2023
24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver