Məhkəmə qərarları › İş №e-2-2(121)-664/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-664/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-664/2021 16.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC (bundan sonra “iddiaçı” və ya “xxxx” MMC) Cavabdeh qarşı – 4.152,96 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 4.182,96 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli 211.20.15.002 saylı müqaviləyə əsasən cavabdeh 7 (yeddi) hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 245 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət ,toxum, gübrə,bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Əgər təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında İddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında geri alınacaqdır. Bildirilir ki, cavabdeh ümumilikdə 7151.00 (yeddi min bir yüz əlli bir) manat məbləğində borclanmışdır. Təhvil verdiyi məhsulun dəyəri isə 2998.04 (iki min doqquz yüz doxsan səkkiz manat 04 qəpik) manat olmuşdur. Təhvil verilmiş məhsulun dəyəri 2998.04 (iki min doqquz yüz doxsan səkkiz manat 04 qəpik) manat məbləğində cavabdehin borcu silinmiş, nəticədə cavabdehin “xxxx” MMC-yə 4152.96 (dörd min bir yüz əlli iki manat 96 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, İddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və tərəfimizdən təqdim edilmiş maliyyə arayişlarında təsdiq edilir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı rədd edərək, qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nin surətindən görünür ki, “İstehsalçı/Əkinçi” öz qanuni istifadəsində olan Cəlilabad rayonu, Ocağlı kəndi ərazisində yerləşən 7 hektar torpaq sahəsində “xxxx” MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada “xxxx” MMC-yə təhvil verməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən “İsehsalçı/Əkinçi” şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını, hər bir hektardan orta hesabla 35 tondan az olmayaraq məhsul əldə etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq əldə etdiyi məhsulu “xxxx”ə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən “İsehsalçı/Əkinçi” əkinin xəstəliyi və ya hər hansı bir riski ilə əlaqədar zamanında müdaxilə etməli və “xxxx”dən məsləhət köməkliyi tələb etməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə 1 və 2 saylı əlavələr edilmişdir. İşdən görünür ki, 13.05.2020-ci il tarixli, ASİ00001377 saylı “Ödəniş tapşırığına” əsasən 700 manat məbləğində pul “xxxx” MMC tərəfindən kətmən pulu üçün Cavabdeh müvafiq bank hesabına köçürülmüşdür. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, 675280 nömrəli, 23.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 105 manat, 675277 nömrəli, 23.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 35 manat, 675269 nömrəli, 23.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 35 manat, 354969 nömrəli, 16.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 1669,50 manat, 893870 nömrəli, 11.09.2020-ci il tarixli elektron qaiməyə əsasən 147 manat, 238973 nömrəli, 17.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 1050 manat, 236869 nömrəli, 17.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 40 manat, 236867 nömrəli, 17.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 679 manat, 233690 nömrəli, 17.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 1875 manat, 170852 nömrəli, 17.06.2020ci il tarixli elektron qaiməyə əsasən 735 manat, 125629 nömrəli, 15.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 10.50 manat, 125628 nömrəli, 15.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 10.50 manat, 125627 nömrəli, 15.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 17.50 manat, 125518 nömrəli, 15.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 21 manat və 896319 nömrəli, 26.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 17.50 manat dəyərində “xxxx” MMC tərəfindən Cavabdeh xidmətlər göstərilmişdir. İş materiallarında olan istehsal ehtiyatlarının alış aktlarından görünür ki, Cavabdeh tərəfindən 2994,54 manat dəyərində məhsul “xxxx” MMC-yə təhvil verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış REF№19/21 saylı, 25.01.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehin iddiaçıya şəkər çuğunduru məhsulu təhvil vermədiyi və iddiaçıya 4.152,96 manat borclu olduğu bildirilmişdir. Həmin borc məbləği cavabdehdən tələb edilmişdir. İşə əlavə edilmiş 25.01.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh 25.01.2021-ci il tarixə iddiaçıya olan borcu 4.152,96 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaiməfakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (equtu) ötürülür. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mal və ya xidmətlər Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli, 89 saylı Qərarı ilə müəyyən olunmuş qaydada, yəni elektron qaimə-faktura əsasında da göndərilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən 6.447,50 manat məbləğində göndərilmiş elektron qaimələri qəbul etdiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə və ona əlavələrə əsasən cavabdeh 7 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə 245 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən həmin sahəyə 7.147,5 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən “xxxx” MMC-yə 2994,54 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya qalan şəkər çuğunduru məhsulu təhvil verilməmiş və cavabdehin 4.152,96 manat məbləğində borcu yaranmışdır. Bununla belə, cavabdeh tərəfindən yaranmış 4.152,96 manat borc pulun məhsul və ya pul şəklində qaytarıldığına dair məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə həmçinin, cavabdehin məhkəməyə ünvanladığı (daxil olma tarixi 07.05.2021, № M-287) ərizəsində və məhkəmə iclaslarında verdiyi izahatında qeyd etdiyi suvarılma ilə bağlı iddiaçı tərəfindən heç bir tədbirin görülməməsi məsələsinə də münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 4.3-cü bəndindən görünür ki, “İstehsalçı/Əkinçi”, yəni cavabdeh şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını öz öhdəsinə götürmüşdür. Belə ki, torpaq sahəsinin suvarılması ilə bağlı iddiaçı müvafiq müqavilə üzrə öhdəlik götürməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda torpaq sahəsində şəkər çuğunduru əkmək və hər hektardan məhsul əldə etməklə şəkər çuğunduru istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə həmçinin, iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, iddiaçı “xxxx” MMC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4.152,96 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 4.182,96 (dörd min yüz səksən iki manat, doxsan altı qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar