Məhkəmə qərarları › İş №e-2-2(121)-666/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-666/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-666/2021 16.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC (bundan sonra “iddiaçı” və ya “xxxx” MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – 15.792,63 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 15.822,63 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 10.01.2019-cu il tarixli 211.19.04.246 saylı müqaviləyə əsasən cavabdeh 40 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 1400 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Eyni zamanda bu müqavilədən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən “birgə zaminlər” cavabdehin öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərilərinə götürüblər. Müqavilə şərtlərinə görə təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında İddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdeh və zamindən müştərək olaraq tutulacaqdır. Bildiririk ki, cavabdeh ümumilikdə 15.792,63 (on beş min yeddi yüz doxsan iki manat altmış üç qəpik) manat məbləğində borclanmışdır. Cavabdeh tərəfindən iddiaçıya məhsul təhvil verilməmişdir. Nəticədə cavabdehin “xxxx” MMC 15.792.63 (on beş min yeddi yüz doxsan iki man, 63 qəpik) manat məbləğində borcu yaranmışdır.Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, İddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və tərəfimizdən təqdim edilmiş maliyyə arayişlarında təsdiq edilir. Cavabdehə pretenziya məktubu göndərilmişdir, lakin Cavabdeh tərəfindən İddiaçının pretenziyasına cavab verilməmişdir İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 10.01.2019-ci il tarixli, 211.19.04.246 saylı “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nin surətindən görünür ki, “İstehsalçı/Əkinçi” öz qanuni istifadəsində olan Ağcabədi rayonu, Avşar kəndi ərazisində yerləşən 40 hektar torpaq sahəsində “xxxx” MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər madditexniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada “xxxx” MMC-yə təhvil verməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 10.01.2019-cu il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə 1 və 2 saylı əlavələr edilmişdir. İş materiallarımda olan 01.10.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, “Birgə Zaminlər” yəni, Cavabdeh2 və Cavabdeh1 10.01.2019-cu il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi” üzrə “İstehsalçı/Əkinçi”, “xxxx” qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “İstehsalçı/Əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürürlər. 01.10.2019-cu il tarixli zaminlik müqaviləsinin 2.1.1-ci bəndində qeyd edilir ki, “xxxx”in zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, borc məbləğinin, digər xərc və zərərin bütünlüklə ödənilməsini ayrı-ayrılıqda və birlikdə birgə zaminlərdən tələb etmək hüququ vardır. İşdən görünür ki, 21.05.2019-cu il tarixli, ASİ00004593 saylı ödəniş tapşırığına əsasən 70 manat, 02.04.2019-cu il tarixli, ASİ00001637 saylı ödəniş tapşırığına əsasən 2.680 manat, 24.04.2019-cu il tarixli, ASİ00002866 saylı ödəniş tapşırığına əsasən 4.000 manat, 24.04.2019-cu il tarixli, ASİ00002911 saylı ödəniş tapşırığına əsasən 320 manat, 24.06.2019-cu il tarixli, ASİ00006163 saylı ödəniş tapşırığına əsasən 680 manat və 30.05.2019-cu il tarixli, ASİ00005229 saylı ödəniş tapşırığına əsasən 680 manat, ümumilikdə 8.430 manat məbləğində pul vəsaiti “xxxx” MMC tərəfindən şəkər çuğunduru almaq üçün Cavabdeh1 müvafiq bank hesabına köçürülmüşdür. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, 485145 nömrəli, 27.12.2019-cu il tarixli elektron qaiməyə əsasən 4.000 manat, 932787 nömrəli, 11.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 120 manat, 736050 nömrəli, 08.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 3.537,50 manat, 616889 nömrəli, 04.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 120 manat, 616888 nömrəli, 04.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 14 manat, 315536 nömrəli, 10.06.2019-cu il tarixli elektron qaiməyə əsasən 1357 manat, 569504 nömrəli, 10.06.2019-cu il tarixli elektron qaiməyə əsasən 120 manat, 161748 nömrəli, 31.05.2019-cu il tarixli elektron qaiməyə əsasən 12.375 manat və 108098 nömrəli, 30.05.2019-cu il tarixli elektron qaiməyə əsasən 3108 manat, ümumilikdə 24.751,50 manat dəyərində “xxxx” MMC tərəfindən Cavabdeh1 xidmətlər göstərilmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan və 12.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 tərəfindən “xxxx” MMC-yə 17.388,87 manat dəyərində çuğundur təhvil verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış REF-33/2021 saylı, 25.01.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehin iddiaçıya şəkər çuğunduru məhsulu təhvil vermədiyi və iddiaçıya 15.792,63 manat borclu olduğu bildirilmişdir. Həmin borc məbləği borclu Cavabdeh1 və zamin Cavabdeh2 tələb edilmişdir. İşə əlavə edilmiş 12.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 12.02.2021-ci il tarixə iddiaçıya olan borcu 15.792,63 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaiməfakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (equtu) ötürülür. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mal və ya xidmətlər Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli, 89 saylı Qərarı ilə müəyyən olunmuş qaydada, yəni elektron qaimə-faktura əsasında göndərilmişdir. Cavabdeh1 tərəfindən ümumi dəyəri 15.792,63 manat təşkil edən malların (xidmətlərin) ona təhvil verilməsini təkzib edən, o cümlədən malların və ya pulun onun tərəfindən “xxxx” MMC-yə təhvil verildiyini əks etdirən mötəbər sübutları məhkəmə araşdırmasına təqdim etməmişdir. Sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019- cu il tarixli qərarında göstərilmişdir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10.01.2019-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə və ona əlavələrə əsasən cavabdeh 40 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə 1400 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən həmin sahəyə 24.751,50 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh1 iddiaçıya 17.388,87 manat dəyərində çuğundur təhvil vermişdir. Cavabdeh tərəfindən iddiaçıya şəkər çuğunduru məhsulu tam təhvil verilməmiş və cavabdehin 15.792,63 manat məbləğində borcu yaranmışdır. Həmçinin “xxxx” MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 01.10.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər “xxxx” və “İstehsalçı/Əkinçi” arasında bağlanmış 10.01.2019-ci il tarixli müqavilə üzrə “İstehsalçı/Əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürmüşdürlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələr üzrə cavabdehlər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında Cavabdeh1 iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda torpaq sahəsində şəkər çuğunduru əkmək və hər hektardan məhsul əldə etməklə şəkər çuğunduru istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh1 isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə zaminlik müqaviləsi üzrə digər Cavabdeh2 münasibətdə qeyd edir ki, 10.01.2019-cu il tarixli əsas öhdəliyin icrası vaxtı 10.01.2020-ci il tarixdə başa çatmış, lakin kreditor olaraq, iddiaçı 10.01.2021-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Məhkəmə qeyd olunan əsaslara görə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia əsassız olduğundan, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə müəyyən etdi ki, iddiaçı “xxxx” MMC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi tam ödənildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 15.792,63 (on beş min yeddi yüz doxsan iki manat, altmış üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 15.822,63 (on beş min səkkiz yüz iyirmi iki manat, altmış üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 15.792,63 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 15.822,63 (on beş min səkkiz yüz iyirmi iki manat, altmış üç qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar