Məhkəmə qərarları › İş №e-2-2(121)-675/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-675/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-675/2024 14.03.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə kiçik iddiaya dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – iddiaçı tərəfindən təhvil verilmiş malların və xidmətlərin ödənilməmiş dəyəri olan 2360,00 manat əsas borcun, 236 manat cərimə borcu, həmçinin mediasiya xərcinin əvəzi olaraq 60 manat, ümumilikdə 2656 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında S-046/22 №-li mal və xidmətlərin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə nəzərdə tutulmuş şərtlərlə, icraçı sifarşçini bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş xidmət və mallarla təmin etməyi, sifarişçi isə öz növbəsində malların və xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuş, satılması nəzərdə tutulmuş mallar və xidmətlər, yəni vahidinin qiyməti 11000 manat olan su təmizləmə sistemi 20 m³/gün qum, karbon, əks-osmos və UV saflaşdırma sistemləri və vahidinin qiyməti 1000 manat olan montaj mal material daxil cavabdehə təhvil verilmişdir. Malların satılması müvafiq təhvil-təslim aktı ilə rəsmiləşdirilmiş, сavabdehə yekun məbləği 14160 manat təşkil edən invoys və elektron qaimə-faktura göndərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində malların və xidmətlərin ümumi dəyərinin 11800 manat məbləğində hissəsi ödənilmişdir. Buna baxmayaraq, malların və xidmətlərin 2360 manat miqdarında qalan hissəsi bugünədək iddiaçıya ödənilməmişdir. Müqavilənin 3.1.5-ci bəndinə nəzərdə tutulmuşdur ki, sifarşçi satın alınmış malların və göstərilmiş xidmətlərin dəyərini təşkil edən ödənişi gec ödədiyi halda hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 0,1%-i həcmində dəbbə pulu ödəyir. Dəbbə pulu xidmət haqqı məbləğinin 10%-dən artıq olmamalıdır. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, cavabdeh geri dönüş etməmiş, borc öhdəliyini icra etməmişdir. Belə olan halda, cavabdehin 2360 manat məbləğində əsas borcu, 236 manat məbləğində cərimə borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçı həmin hərəkətləri müqavilə üzrə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir. Cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilmişdir. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələblərinə əsasən məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə “Mediasiya prosesinin tətbiqi barədə” təklif göndərilmiş və işin məhkəmədən kənar qaydada həll edilməsi üçün ilkin mediasiya sessiyası təşkil olunmuşdur. Lakin cavabdeh ilkin mediasiya prosesində iştirak etməmiş və bu barədə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-cimaddəsinə əsasən, xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış alınmışdır. Mediasiya xərclərini təşkil edən 60 manat vəsait iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi düzgün və tam icra etməmiş, iddiaçı tərəfindən təqdim olunmuş malların və xidmətlərin dəyəri 2360 manat məbləğində hissəsi ödənilməmişdir. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında S- 046/22 saylı, xx.xx.2022-ci il tarixli mal və xidmətlərin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan S-046/22 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə 01 saylı əlavə olan “Mal və xidmətlərin təsviri”ndən görünür ki, iddiaçı ilə cavabdeh təhvil verilən malın adı, miqdarı, vahidi, qiyməti və digər zəruri xüsusiyyətlər barədə razılığa gəlmişdirlər. İş materiallarında olan 000298 saylı xx.xx.2022-ci il tarixli, 000299 saylı xx.xx.2022-ci il tarixli və 000286 saylı, xx.xx.2022-ci il tarixli təhvil-qəbul aktlarının surətlərindən görünür ki, aktlarda qeyd olunan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İşə əlavə edilən xx.xx.2022-ci il tarixli, 414/22 saylı hesab-fakturanın surətindən görünür ki, cavabdehin qalıq borcu 14160 manat təşkil etmişdir. İş materiallarına əlavə olunan elektron qaimənin surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış S-046/22 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə EBDH seriyalı, 645912 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 14160 manat dəyərində dəyərində mal(lar) cavabdehə göndərilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya (xəbərdarlıq) məktubu göndərmişdir. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə malların satılmasını öz üzərinə götürmüş, cavabdeh isə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissələrini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin kredit müqaviləsi üzrə 236 manat məbləğində deyil, 16 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə eyni zamanda iddianın 60 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, mediasiya xərci cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdehdən 50 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 45,96 manat dövlət rüsumunun 43,76 manatı (yəni, 2376 manata münasibətdə) cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 2360 manat məbləğində əsas borc, 16 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2376 manat məbləğində borc və 50 manat məbləğində mediasiya xərci Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 43,76 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar