Məhkəmə qərarları › İş №e-2-2(121)-68/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-68/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-68/2024 15.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 56430.80 (ƏDV daxil) manatı, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 500 manatı, mediasiya xərclərinə görə ödənilmiş 400 manatı Cavabdeh MMC-dən tutaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 03 mart 2023-cü il tarixli, № CRM-08/23 saylı tikinti materiallarının (taxta) alqı-satqısına dair müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. 03 mart 2023-cü il tarixli № CRM-08/23 saylıalğısatqı müqaviləsi üzrə 52060 (əlli iki min altımış) manat alqı-satqı, 9370.80 (doqquz min üç yüz yetmiş manat səksən qəpik) manat ƏDV olmaqla ümumi borc məbləği 61430.80 (altımış bir min dörd yüz otuz manat səksən qəpik) manat müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən qeyd olunan pul vəsaitinin yalnız ƏDV məbləği – 5000 (beş min) manat ödənilmiş, yerdə qalan 56430.80 (əllialtımin dörd yüz otuz manat səksən qəpik) (ƏDV daxil) manat bu günə qədər ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə pretenziya qaydasında Cavabdeh MMC vergielektron hesabı poçtasına xəbərdarlıq göndərilib. xx.xx.2023-cü il tarixdə mediasiya təklifi gönədrilib. xx.xx.2023-cü il tarixdə Sabirabad 1 saylı Mediasiya təçkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayış verilib. Edilən xəbərdarlıq və təkliflərə baxayaraq Cavabdeh MMC alqı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirməyib. Borcunu ödəməyib. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan son tarix 2023-ci ilin may ayının on ikisi gününü götürsək və 56430.80 (əlli altı min dörd yüz otuz manat səksən qəpik) manatın ödənilməməsi nəticəsində hüquqlarını bərpa etmək üçün 500 (beş yüz) manat hüquqi yardıma görə ödəyərək xərc çəkilmişdir. Həmçinin tərəfimizdən cavabdeh "xxxx" MMC-ə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-68/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh MMC-nin nümayəndəsi X1 “işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə” ərizəsinin rədd edilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-68/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh MMC-nin şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, e-2-2(121)-68/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması və həmin qərardaddan Cavabdeh MMC tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə "CRM Construction” MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-68/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı nümayəndəsi-vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək cavabdeh tərəfindən ƏDV borcunun tam ödənildiyini qeyd etdi. Eyni zamanda, iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (satıcı) "xxxx" MMC (alıcı) arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, CRM-08/23 saylı malların alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya tikinti materialları satır, alıcı isə malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir. Müqavilənin 4.1-ci bəndinə əsasən, satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 1 (bir) ay təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı malın dəyərini satıcının təqdim etdiyi elektron qaimənin aldıqdan sonra 45 (qırx beş) iş günü ərzində köçürmə yolu ilə həyata keçirir. İşdə olan EBDB seriyalı, 240900 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən CRM-08/23 saylı müqaviləyə əsasən "xxxx" MMC-yə 40.710 manat məbləğində tikinti materialları təqdim edilmişdir. İşdə olan EBDB seriyalı, 065923 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən CRM-08/23 saylı müqaviləyə əsasən "xxxx" MMC-yə 12.478,50 manat məbləğində tikinti materialları təqdim edilmişdir. İşdə olan EBDB seriyalı, 065027 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən CRM-08/23 saylı müqaviləyə əsasən "xxxx" MMC-yə 8.260 manat məbləğində tikinti materialları təqdim edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 5.000 manat məbləğində ƏDV-dən avans ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ƏDV sub-uçot hesabından 1.260 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ƏDV sub-uçot hesabından 1.903,50 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ƏDV sub-uçot hesabından 1.210 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 08 avqust 2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən “DE FENDO” vəkil bürosuna hüquqi xidmətə 500 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/103-572 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2023-cü il tarixli CRM-08/23 nömrəli alqısatqı müqaviləsinin 4-cü vərəqində “Maddə 9. Tərəflərin hüquqi ünvanları və bank rekvizitləri” hissəsində “Satıcı” qrafasında “Direktor: X3” yazılarının aşağısında olan imza: əksi işin 65-ci vərəqində olan 04 mart 2023-cü il tarixli “Kassa məxaric orderi”nin kserosurətinin aşağı hissəsində “Baş böyük mühasib” qrafasında olan imza –X3 tərəfindən icra olunmuşdur. 1. Tədqiqata təqdim edilmiş 03 mart 2023-cü il tarixli, CRM-08/23 nömrəli alqı-satqı müqaviləsinin üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə bir başa vurulmuşdur. 2. Tədqiq edilmiş 03 mart 2023-cü il tarixli, CRM-08/23 nömrəli aiqı-satqı müqaviləsinin, 04 mart 2023-cü il tarixli kassa məxaric orderin reproqrafik surətinin üzərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti XANOĞLANOĞLU İNŞAAT” məzmunlu möhür əksi və onun təsviri həm öz aralarında, həmdə təqdim edilmiş eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. 3. Təqdim edilmiş 04 mart 2023-cü il tarixli kassa məxaric orderi reproqrafik surət olduğu üçün üzərində olan möhür əksinin sənəd üzərinə vurulma üsulu üzrə tədqiqat aparılmadı. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-yə malları təhvil verməsi, sonuncunun isə həmin malları təhvil alması işin mübahisəsiz halını təşkil edir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli malların alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə tikinti materialları satmağı, cavabdeh isə malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 61.430,80 manat dəyərində mallar verilmiş, cavabdeh xx.xx.2023-cü il tarixində 5.000 manat, xx.xx.2023-cü il tarixində isə ümumilikdə 4.373,50 manat ƏDV borcunu ödəsə də müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi əsas borca münasibətdə yerinə yetirməmişdir. İddiaçı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, CRM-08/23 nömrəli alqı-satqı müqaviləsi təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda müqavilə şərtlərinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ƏDV borcunun ödənilməsini tələb etməsi əsassızdır. Çünki, hazırki iş məhkəmənin icraatında olduğu dövr ərzində cavabdeh tərəfindən ümumilikdə 4.373,50 manat ƏDV borcu tam şəkildə ödənilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi 4.373,50 manat məbləğində ƏDV borcunun cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Bundan əlavə, məhkəmə, İddiaçı MMC-nin nümayəndəsi-vəkili Vəkil1 məhkəməxətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizasının keçirilməsi barədə vəsatəti əsasında keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2024-cü il tarixli, 4/103- 572 saylı ekspert rəyi ilə razılaşmır. Çünki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən (9.000 manat) görünür ki, təqdim edilmiş 04 mart 2023-cü il tarixli kassa məxaric orderi reproqrafik surət olduğu üçün üzərində olan möhür əksinin sənəd üzərinə vurulma üsulu üzrə tədqiqat aparılmamışdır. Halbuki, məhkəmə, cavabdehin nümayəndəsinə xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin əslinin məhkəməyə təqdim edilməsini təklif etsə də həmin sənədin əsli məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə yuxarıda sadalanlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan müqavilə əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh qeyd olunan müqavilə əsasında mal almasına dair hüququndan istifadə etsə də, həmin malların dəyərini cavabdehə taş şəkildə ödəməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilərək, 52.060 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, CRM-08/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehin 52.060 manat məbləğində borcunun olması iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Buna görə də, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilərək, 52.060 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 500 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli saylı ödəniş tapşırığndan görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 500 manat müəyyən olunmaqla “DE FENDO” vəkil bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli Qərarındaki hüquqi mövqeyə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ özündə hüquqi yardımın əlçatan olmasını və belə hüququn həyata keçirilməsi üçün şəxslərin real imkanlara malik olmasını da ehtiva edir. Hüquqi yardımla bağlı ödənilməli vəsaitin ağlabatan məbləği də hüquqi yardımın əlçatanlığının təmin edilməsi üçün mühüm amillərdən biridir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan olduğundan 500 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 52.060 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 500 manat və ödənilmiş mediasiya xərcinin əvəzi 400 manat olmaqla, ümumilikdə 52.960 (əlli iki min doqquz yüz altmış) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia 9.370,80 manat ƏDV borcunun cavabdehdən tutulması hissəsində təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar