Məhkəmə qərarları › İş №e-2-2(121)-680/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-680/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-680/2021 17.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı 64,41 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X2 ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında rabitə xidmətlərinin göstərilməsi barədə 01.04.2010-cu il tarixli müqavilə imzalanmışdır. “xxxx” MMC X2 ilə bağladığı müqaviləyə əsasən qovşağın rabitə xidmətlərindən istifadə edərək istifadəsində olmuş 25-22-40-40, 25-22-5-42-12, 25-22-5- 42-52 nömrəli telefonların üzərində 61,41 manat borc yaratmışdır. Müqavilənin ödəniş şərtlərini tənzimləyən 2.2.2-ci bəndinə əsasən istifadəçi “xxxx” MMC müəssisə tərəfindən göstərilmiş xidmət haqlarını təqdim edilmiş hesab və ya hesab fakturalara uyğun olaraq hər ayın 24-nə qədər X1 ödəməlidir. Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc tam ödənilməmiş, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün bir neçə dəfə hər iki tərəfin nümayəndə heyətinin iştirakı ilə görüşlər keçirilmiş, lakin bu görüşlərin də heç bir nəticəsi olmamışdır. Cavabdeh iddiaçı tərəfin xidmətindən istifadə etmiş, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək xidmət haqqını ödəməmişdir. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı X2 ilə “xxxx” MMC arasında 01.04.2010-cu il tarixli Müqavilə bağlanmışdır. Bu müqavilə “Rabitə müəssəsi” ilə “Abunəçi” arasında “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş telekommunikasiya xidmətlərinin (lokal, şəhərlər arası, beynəlxalq, internet, sorğu məlumat, servis və s.) göstərilməsi münasibətlərini tənzimləmişdir. İş materiallarında olan şəxsi hesabın surətindən və 17.03.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, “xxxx” MMC-nin adına olmuş 26259 saylı şəxsi hesabda 61,41 manat məbləğində borc mövcuddur. İş materiallarına əlavə edilmiş pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC, cavabdeh “xxxx” MMC-yə 02.02.2021-ci il tarixə cəmi 61,41 manat məbləğ borcu yarandığını və həmin borcun 7 iş günü ərzində Telekommunikasiya Qovşağına ödənilməsi tələb olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus rabitə xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən xidmətlərindən yaranmış borcu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh göstərilən nömrə(lər)dən və telekomnukasiya xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin həmin istifadə nəticəsində yaranan borcu ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın 61,41 manat məbləğində borcun cavabdehdən tutulmasına dair hissəsi əsaslıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxx” MMC-dən 61,41 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar