Məhkəmə qərarları › İş №e-2-2(121)-681/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-681/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-681/2025 16.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış xx.xx.2018-ci il tarixli 124-L/18 nömrəli müqavilə üzrə 20355.00 manat gecikdirilmiş borc və hesablanmış 31602,56 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 124-L/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) lizinq obyektini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 124-L/18 nömrəli müqavilə üzrə 20355.00 (iyirmi min üç yüz əlli beş) manat gecikdirilmiş borcu və hesablanmış 31602,56 (otuz bir min altı yüz iki manat 56 qəpik) manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. İddiaçı tərəfindən məhkəməyə işin faktiki hallarına dair sübut qismində tərəflər arasında bağlanmış müqavilə, ödəniş qrafiki, maliyyə arayışı, cərimənin hesablanması qrafiki, texnikanın lizinqə verilməsi barədə əmrin surəti təqdim edilsə də, lizinq obyektinin cavabdehə təhvil verilməsinə dair akt, lizinq üzrə ödənişlərə dair hesabdan çıxarış və ya digər ödəniş sənədləri kimi iş üçün mühüm əhəmiyyət kəsb edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərində, baxış iclası isə xx.xx.2025-ci il tarixində keçirilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında lizinq obyekti olan texnika ona təhvil verilərkən tamamilə yararsız vəziyyətdə olduğunu, texnikadakı qüsurların onun tərəfindən aradan qaldırılmasına görə lizinq ödənişində müvafiq güzəştlər ediləcəyi barədə ona vəd verildiyini, lakin sonradan cavabdeh təşkilatda aparılan struktur dəyişikliklərindən sonra həmin şəxslərin başqaları ilə əvəz edildiyini, buna görə də qeyd edilən məsələnin həll olunmadığını, texnikanı geri təhvil verə bilmədiyini qeyd edərək lizinq obyekti olan texnikanın ona təhvil verilməsina dair xx.xx.2018-ci il tarixli aktı məhkəməyə təqdim etmişdir. Sözügedən aktın məzmunundan görünür ki, "xxxx" ASC-nin Ağcabədi RN-nin Beyləqan-Xocavənd rayon bölməsinin rəhbəri X2, Kənd təsərrüfatı texnikasının lizinqi şöbəsinin aparıcı mütəxəssisi X5, Beyləqan-Xocavənd rayon bölməsinin mexaniki X3, Beyləqan-Xocavənd rayon bölməsinin gözətçisi X1, Füzuli rayon, Yuxarı Seyidəhmədli kənd sakini Cavabdeh bu aktı tərtib edərək, 09 dekabr 2017-ci il tarixindən Beyləqan- Xocavənd rayon bölməsinin parkında saxlancda olan bir ədəd MTZ89.2 markalı traktor və bir ədəd dörd gövdəli kotan "xxxx" ASC-nin 30 yanvar 2018-ci il tarixli 124-L/18 nömrəli lizinq müqaviləsinə və 606/ü nömrəli əmrinə əsasən Füzuli rayonu, Yuxarı Seyidəhmədli kənd sakini Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən həmin texnikaya tərəflərindən baxış keçirilərək texniki vəziyyəti aşağıda qeyd olunan qaydada texnika lizinq alan Cavabdeh təhvil verilmişdir. Aktda qeyd olunan lizinq obyekti olan texnikada aşkar edilən qüsurların siyahısından görünür ki, texnika və kotan tamamilə yarasız vəziyyətdə olmuşdur. Cavabdeh tərəfindən təqdim olunan akt xx.xx.2025-ci il tarixdə elektron sistem vasitəsi ilə iş materiallarına əlavə edilmişdir və həmin aktla müəyyən edilmiş hallara iddiaçı tərəfindən münasibət bildirilməsinə şərait yaradılması üçün məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. İddiaçının nümayəndəsi keçirilmiş bütün məhkəmə iclaslarından əvvəl elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini, məhkəmə iclasında iştiraklarını zəruri edən əlavə araşdırma aparılması, əlavə sübutların təqdim edilməsi zərurəti olarsa məhkəmə iclasının təxirə salınmasını, bu kimi hallara zərurət yaranmazsa məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdir. xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə baxış iclasında da iddiaçının nümyəndəsi iştirak etməmişdir, həmçinin cavabdeh tərəfindən təqdim olunmuş akta münasibət bildirilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsində iş üçün mühüm əhəmiyyət kəsb edən zərurui sənədləri məhkəməyə təqdim etməmişdir, eləcə də cavabdeh tərəfindən təqdim olunmuş akta münasibət bildirilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə bir neçə iclas keçirilməsinə baxmayaraq iddiaçı tərəfindən yuxarıda göstərilən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, cavabdeh tərəfindən də iddianın tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, işə mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılması məqsədə uyğun deyildir. Buna görə də iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Göründüyü kimi, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə görə sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Lakin iddiaçı işin mahiyyəti üzrə baxılması üçün mühüm əhəmiyyət kəsb edən sənədləri məhkəməyə təqdim etməmişdir. Şərh olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər əsasında işə mahiyyəti üzrə baxılması mümkün olmadığına görə iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması qərara alındığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar