Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-683/2025 08.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 13229,19 manat əsas borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 129,69 manat dövlət rüsumu məbləği tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 14 avqust 2023-cü il tarixində İddiaçı MMC ilə "xxxx" MMC arasında BA/T-050 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. İddiaçı MMC hər zaman müqavilə öhdəliklərini yerinə yetirmiş, müqavilə şərtlərinə uyğun vaxtı-vaxtında "xxxx" MMC-ni mallarla təmin etmişdir. Lakin "xxxx" MMC müqavilə şərtlərini pozaraq verilən malların dəyərini ödəmək öhdəliyini pozmuşdur. Beləliklə, "xxxx" MMC-nin İddiaçı MMC-yə13229,19 manat borcu yaranmışdır. Şirkətlər arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktında da qeyd edilən borc məbləği öz əksini tapmış, qarşılıqlı olaraq imzalarla təsdiq edilmişdir. Dəfələrlə borcun ödənilməsi tələb edilsə də "xxxx" MMC borcun ödənilməsindən yayınmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü ildə onlayn kargüzarlıq vasitəsilə pretenziya məktubu göndərilmişdir. Həmin məktuba da cavab verilməmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini qəbul etdiklərini bildirmişdir. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmişdir . Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli, BA/T-050 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən Satıcı malları sifarişə əsasən sifariş verilən malı alıcıya təchiz edir, alıcı isə təhvil-təslim aktına və elektron qaimə-fakturaya əsasən, həmin malı qəbul edir və dəyərini ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan elektron qaimələrin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nə göndərilmiş malların ödənilməmiş ümumi qalıq dəyəri 13229,19 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən veriliş “Hesabdan çıxarış” məlumatlarından görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli, BA/T-007 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2024-cü il tarixdə tarixədək ümumilkdə cəmi 3603,8 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “Qarşılıqlı üzləşmə aktı”ndan görünür ki, xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin İddiaçı MMC-nə 13229,19 manat borcunun olması tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli, BA/T-050 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 13229,19 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi, cavabdehin 13229,19 manat məbləğində ödənilməmiş borcunun olması işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işdə olan üzləşmə aktı ilə cavabdehin tələb olunan məbləğdə borcunun olmasının təsbit edildiyi, həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı etiraf etdiyinə görə işin mübahisəsiz halı yoxdur. Buna görə də, iddia tam şəkildə təmin edilməlidir. Məhkəmə, tərəflər arasında imzalanmış üzləşmə aktının hüquqi mahiyyətinə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edir ki, həmin sənəd mahiyyət etibarı ilə özündə borcun etirafına dair iradə ifadəsini ehtiva edir. Qeyd edilməlidir ki, üzləşmə aktı mahiyyət etibarı ilə əqddir və üzləşmə aktının digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, həmin aktı imzalayanlar arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin etirafı xarakterində olmasıdır. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktının məzmunu ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz hallarından biri kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə hesab edir ki, cavabdeh borcunu etiraf etdiyinə və onun tərəfindən mübahisələndiriməmiş Üzləşmə aktı mövcud olduğuna görə həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının alqısatqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 13229,19 manat məbləğində əsas borc və ödənilmiş 129,69 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 13358,88 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-683/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-683/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver